- “Xəstəliyi müalicə etmək əvəzinə xəstəni ölümə buraxırlar. Zərdabi bu günkü mənzərəni görsəydi...”
Müəllimləri sertifikasiya ilə “kəsib”, işdən kənarlaşdıran, kütləvi ixtisarlar aparan Elm və Təhsil Nazirliyi, məkəblərə də aman vermir. Müxtəlif bölgələrdə kənd məktəbləri bir-birinin ardınca bağlanır, optimallaşdırma adı altında.
Beləcə, şagirdlər də təhsildən kəsilir. Fətvası verilən məktəblərdən biri də Sabirabad rayonu Cavad kəndindəki, şəhid Teymur Məmmədov adına 1 saylı orta məktəbdir. Məktəb binası uzun illər təmir edilmədiyindən baxımsız qalaraq uçuq-sökük vəziyyətə düşüb. Bu səbəbdən məktəbdə tədris dayandırılıb. Bu barədə iqtisadçı Razi Abbasbəyli görüntülər paylaşıb, İqtisadçı vaxtilə təhsil aldığı məktəbin bağlandığını ürək yanğısıyla söyləyir. Qeyd edir ki, 2 mərtəbəli daş binası, hektarla ərazisi olan bu təhsil kompleksi baxımsızlıqdan dağılıb, məktəb bağlanıb, şagirdlər başqa məktəblərə yönləndirilib. Hazırda köhnə binanın yaxınlığında modul tipli məktəb tikilir. Güman ki bir müddət sonra modul tipli məktəb də ləğv ediləcək, şagird sayının azlığı səbəb göstərilərək.
Təhsil məsələləri üzrə ekspert Vüqar Məmmədov Sherg.az-a açıqlamasında məktəblərin baxımsızlıq səbəbindən bağlanmasının dəhşətli fakt adlandırdı. Mütəxəssis qeyd etdi ki, XIX əsrdə xalqı maarifləndirməyə çalışan, bu yolda həyatını quban verən zialılarımız indiki vəziyyəti görsəydilər, çox peşman olardılar:
- Azərbaycanın xüsusilə maarifçilik tarixində müstəsna rolları olan ziyalılarımıza, mütəfəkkir və ədiblərə "Bu gün Elm və Təhsil Nazirliyi ölkədə, xüsusən də ucqar kəndlərdə bəzi məktəbləri “optimallaşdırma” adı altında bağlayır, buna münasibətiniz necədir?" sualını versəydik, onların hər birinin öz xarakterinə, həyat fəlsəfəsinə və qələminə uyğun fərqli, lakin mahiyyətcə eyni dərdi bölüşən cavabları olardı. Misal üçün, Həsən bəy Zərdabi, yəqin belə deyərdi: "Aman qardaşlar, bu nə xəbərdir?! Mən ömrümü verdim, qapı-qapı düşüb kəndlini yuxudan oyatmağa, balalarını oxutmağa çağırdım. 'Əkinçi'ni kəndxudalar oxusun deyə qəpik-qəpik pul yığdım. İndi siz deyirsiniz ki, dövlət öz əli ilə kənd məktəbini bağlayır? Kəndlisi savadsız qalan millətin kökü quruyar! Məktəbi olmayan kənd, suyu kəsilmiş zəmiyə bənzər, oradan ancaq cəhalət və səfalət bitər."
Ekspert bildirdi ki, məktəb binalarını baxımsız qoymaq, uçulub-dağmasna seyrçi qalmaq, sonra da şagird sayının azalmasını əsas gətirərək bütöv bir kəndi, bölgəni və ən əsası uşaqları təhsildən məhrum etmək, sadəcə binaların qapısına qıfıl vurmaq deyil, həm də o bölgənin gələcəyini məhv etməkdir:
- Təəssüf ki, müvafiq qurumlar problemi kökündən həll etmək əvəzinə, ən sadə və “ağrısız” görünən yolu - "bağlansın" yolunu seçirlər. Halbuki bu cür qərarların arxasında heç bir dərin təhlil, fədakar yanaşma və ya strateji uzaqgörənlik dayanmır; ortada yalnız kağız üzərindəki quru rəqəmlər var. Elm və Təhsil Nazirliyi və MÜTDA üçün məsələyə yalnız statistik göstəricilər prizmasından yanaşmaq ən asan prosedurdur. Belə bir qərarı vermək üçün yüksək elmi dərəcəyə, pedaqoji həssaslığa və ya mürəkkəb tədqiqatlara ehtiyac yoxdur; sadəcə şagird sayının müəyyən normativdən aşağı düşməsini bəhanə etmək kifayətdir. Lakin ən vacib sual verilmir: niyə məhz həmin ərazidə şagird sayı kəskin şəkildə azalır? Səbəbləri araşdırmadan, vəziyyəti doğuran fundamental amillərlə mübarizə aparmadan yalnız nəticəyə qarşı inzibati tədbir görmək, xəstəliyi müalicə etmək əvəzinə xəstəni ölümlə baş-başa buraxmağa bənzəyir.