Son xəbərlər

Nazir müavini tələbələrlə fikir mübadiləsi aparıb

Bakı Slavyan Universitetində (BSU) xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyevin ölkənin müxtəlif ali təhsil müəssisələrini təmsil edən tələbələrlə görüşü keçirilib.

BSU-dan Sherg.az-a bildirilib ki, “COP29-dan sonra gənclərin iqlim fəaliyyətindəki rolu, dayanıqlı inkişaf sahəsində gənc təşəbbüslər üçün imkanlar və gələcək əməkdaşlıq istiqamətləri” mövzusuna həsr olunan görüş çərçivəsində iqlim fəaliyyəti, dayanıqlı inkişaf və bu istiqamətdə gənclərin təşəbbüslərinin əhəmiyyəti müzakirə edilib.

Görüş “COP29-dan sonra: Gənclərin İqlim Fəaliyyəti və Dayanıqlı İnkişafa Töhfəsi” layihəsi çərçivəsində təşkil olunub. Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi çərçivəsində həyata keçirilir.

BSU-nun rektoru Anar Nağıyev çıxışında Bakı Slavyan Universitetinin 80 illik yubileyinə toxunaraq, universitetin ölkənin müxtəlif sahələrinin inkişafına töhfə verən onlarla, yüzlərlə, minlərlə yüksəkixtisaslı kadr hazırladığını vurğulayıb. O qeyd edib ki, universitet slavyan, Şərqi və Qərbi Avropa, eləcə də Mərkəzi Asiya dillərinin və mədəniyyətlərinin öyrənilməsi istiqamətində fəaliyyət göstərməklə yanaşı, Azərbaycan dilinin və mədəniyyətinin qlobal miqyasda təbliğini də əsas missiyalarından biri kimi müəyyənləşdirib. Rektor bu istiqamətdə universitetin beynəlxalq tərəfdaş ali təhsil müəssisələrində fəaliyyət göstərən Azərbaycanşünaslıq mərkəzlərinin xüsusi əhəmiyyət daşıdığını bildirib.

Gənclər Fondunun Proqram və layihələrin idarə olunması şöbəsinin müdiri Pərviz Mirələmli çıxışında gənclərin iqlim fəaliyyəti və dayanıqlı inkişaf prosesində iştirakının əhəmiyyətinə toxunub. O, gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, innovativ ideya və təşəbbüslərinin dəstəklənməsi, eləcə də sosial və ekoloji yönümlü layihələrin həyata keçirilməsi üçün yaradılan imkanlardan bəhs edib. Pərviz Mirələmli, həmçinin Gənclər Fondunun gənclərin potensialının üzə çıxarılması, təşəbbüskarlığının artırılması və onların cəmiyyətin inkişafında fəal iştirakının təşviqi istiqamətində həyata keçirdiyi proqram və layihələrin əhəmiyyətini vurğulayıb.

Xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev “COP29-dan sonra gənclərin iqlim fəaliyyətindəki rolu, dayanıqlı inkişaf sahəsində gənc təşəbbüsləri üçün imkanlar və gələcək əməkdaşlıq istiqamətləri” mövzusunda çıxış edib.

O, çıxışında COP29-un Azərbaycanın beynəlxalq iqlim diplomatiyasındakı roluna və qlobal iqlim gündəliyinin inkişafına verdiyi töhfələrə diqqət çəkib. O, iqlim dəyişmələrinin yaratdığı çağırışların aradan qaldırılmasında beynəlxalq həmrəyliyin, birgə fəaliyyətin və bütün maraqlı tərəflərin fəal iştirakının vacibliyini vurğulayıb.

Yalçın Rəfiyev, həmçinin COP29-dan sonrakı mərhələdə əldə olunmuş nəticələrin davamlılığının qorunmasının, gənclərin iqlim fəaliyyətində iştirak imkanlarının genişləndirilməsinin və beynəlxalq əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin əhəmiyyətini önə çəkib. O, dayanıqlı gələcəyin formalaşdırılmasında gənclərin bilik, potensial və təşəbbüslərinin mühüm rol oynadığını diqqətə çatdırıb.

Tədbirin sonunda müxtəlif ali təhsil müəssisələrini təmsil edən tələbələr Yalçın Rəfiyevə mövzu ilə bağlı suallar ünvanlayıb, nazir müavini onları maraqlandıran məsələləri cavablandıraraq tələbələrlə fikir mübadiləsi aparıb.