- Əmrah Həsənli: "Aşağı balla qəbul olan tələbə də peşəsində zirvəyə yüksələ bilər"
- "Əsas problem qəbul balı deyil, universitetdə verilən təhsildir"
Keçid balları aşağı olan bəzi ixtisaslar gələcək əmək bazarı baxımından daha perspektivli ola bilər. Bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov deyib. Onun sözlərinə görə, kənd təsərrüfatı istiqaməti üzrə ixtisaslara qəbul balları indiyədək nisbətən aşağı olub:
"Hesab edirəm ki, müasir dövrdə yaxşı aqronom, eləcə də güclü texniki mütəxəssis olmaq çox önəmlidir. Bu sahələrdə mütəxəssis çatışmazlığı hiss olunur. Keçid balları aşağı olsa da, düşünürəm ki, gələcəkdə bu istiqamətlər daha perspektivli olacaq", - o qeyd edib. Və əlavə edib ki, bu il minimal 150 balla qəbul aparılan ixtisasların sayı arta bilər.
Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli “Sherg.az”a açıqlamasında qeyd etdi ki, burada iki məsələni bir-birindən ayırmaq lazımdır. Birincisi, qəbul balı ilə gələcəkdə yaxşı mütəxəssis olmaq eyni anlayış deyil. İkincisi isə, minimal keçid ballarının müəyyənləşdirilməsi ali təhsilin keyfiyyətini aşağı salmaq məqsədi daşımır: 
- Minimal balla ali məktəbə qəbul olan tələbənin yüksək ixtisaslı kadr olması tam mümkündür. Çünki qəbul balı abituriyentin konkret bir gün göstərdiyi nəticəni əks etdirir. Yaxşı mütəxəssis isə universitetdə aldığı təhsil, şəxsi inkişafı, praktiki bacarıqları, araşdırma qabiliyyəti və öz üzərində davamlı işləməsi nəticəsində formalaşır. Elə yüksək balla universitetə daxil olub sonradan özünü inkişaf etdirməyən məzunlar da var, nisbətən aşağı balla qəbul olub peşəsində uğur qazananlar da.
Digər tərəfdən, qəbul ballarının aşağı olması həmin ixtisasın əhəmiyyətsiz olması demək deyil. Əksinə, bəzi sahələr var ki, uzun illər gənclər tərəfindən kifayət qədər seçilmədiyi üçün keçid balları aşağı formalaşıb. Halbuki bu gün kənd təsərrüfatı, mühəndislik, texnologiya, istehsalat və digər texniki istiqamətlərdə əmək bazarında ciddi kadr ehtiyacı hiss olunur. Əgər tələb yüksək, mütəxəssis isə azdırsa, həmin sahələrdə gələcək karyera və gəlir imkanları da daha yüksək ola bilər.
Bəs balların aşağı salınmasında məqsəd nədir? Suala cavabında Ə.Həsənli bildirdi ki, burada əsas məqsəd vakant qalan ixtisasların doldurulması və əmək bazarında ehtiyac duyulan sahələr üzrə kadr hazırlığını təmin etməkdir:
- Çünki dövlət həm ali təhsil müəssisələrinin potensialından səmərəli istifadə etmək, həm də iqtisadiyyatın ehtiyac duyduğu sahələr üzrə mütəxəssis çatışmazlığını azaltmaq istəyir. Bu, “hamını universitetə qəbul etmək” yanaşması kimi qiymətləndirilməməlidir. Amma burada çox vacib bir məqam da var. Əgər qəbul üçün minimal bal aşağı salınırsa, universitetlərdə tədrisin keyfiyyətinə, akademik tələblərə və məzunların bilik səviyyəsinə nəzarət daha da gücləndirilməlidir. Əks halda, aşağı balla qəbul olan tələbəni keyfiyyətli mütəxəssisə çevirmək mümkün olmayacaq. Yəni əsas məsələ qəbul deyil, universitetdə keçirilən təhsil prosesinin keyfiyyətidir. Hesab edirəm ki, gələcəkdə ixtisas seçimində əsas meyar yalnız keçid balı olmamalıdır. Abituriyentlər əmək bazarının tələbatını, ixtisasın gələcək perspektivini, məşğulluq imkanlarını və öz maraq-bacarıqlarını da nəzərə almalıdırlar. Çünki bugünkü əmək bazarında bəzi aşağı keçid ballı ixtisaslar sabah ən çox tələb olunan və ən yüksək gəlir gətirən peşələrdən birinə çevrilə bilər.