Kibertəhlükəsizlik artıq sırf texniki bir İT məsələsi olmaqdan çıxıb, milli təhlükəsizliyin və gündəlik həyatın birbaşa tərkib hissəsinə çevrilib
Azərbaycanın kibertəhlükəsizlik sistemində mühüm institusional dəyişiklik baş verib. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Fərmanla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında fəaliyyət göstərən Elektron Təhlükəsizlik Xidmətinin bazasında Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) yaradılıb.
Elektron Təhlükəsizlik Xidmətindən bildirilib ki, yeni qurum Elektron Təhlükəsizlik Xidmətinin hüquqi varisi kimi fəaliyyət göstərəcək və kibertəhlükəsizlik, kibertəhdidlərə qarşı mübarizə, fərdi məlumatların mühafizəsi və milli səviyyədə koordinasiya funksiyalarını daha geniş institusional imkanlarla həyata keçirəcək.
İnformasiya kommunikasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov Sherg.az-a bildirib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə Elektron Təhlükəsizlik Xidmətinin bazasında Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması rəqəmsal mühitdəki dağınıqlığın aradan qaldırılması, tənzimləmə və nəzarət mexanizmlərinin mərkəzləşdirilməsi baxımından obyektiv qərardır: "Gündəlik fəaliyyətlərin, fərdi verilənlərin və biznes proseslərinin sürətlə onlayn mühitə daşındığı bir reallıqda, kibertəhlükəsizlik artıq sırf texniki bir İT məsələsi olmaqdan çıxıb, milli təhlükəsizliyin və gündəlik həyatın birbaşa tərkib hissəsinə çevrilib.
Hüquqi struktur və idarəetmə modeli baxımından yanaşdıqda, yeni Agentliyin fəaliyyət mexanizmində üç əsas rasional məqam önə çıxır. Birincisi, reaktiv rejimdən preventiv analitikaya keçiddir. Qurumun əsas iş fəlsəfəsi baş vermiş kiberinsidentlərin fəsadlarının ardınca qaçmaq deyil, erkən xəbərdarlıq sistemləri vasitəsilə riskləri öncədən təsbit edib zərərsizləşdirmək üzərində qurulur. Bu yanaşmanın milli kritik infrastrukturlarda data və maliyyə itkilərini minimuma endirmək baxımından böyük iqtisadi səmərəlilik və rəqəmsal dayanıqlılıq yaradacağını düşünürəm".
E. Abbasov qeyd edib ki, bu qərar həm də Milli CERT və koordinasiya boşluğunun aradan qaldırılmasıdır: "Dövlət qurumları, maliyyə-bank sektoru, provayderlər və operatorlar arasında operativ məlumat mübadiləsini təmin edən vahid bir mərkəz fəaliyyət göstərəcək. Fərmanda ali kateqoriyalı dövlət orqanları və kritik infrastrukturlarla bağlı müəyyən istisnaların və limitlərin qoyulması isə digər xüsusi xidmət orqanları ilə səlahiyyət toqquşmalarının qarşısını almağa hesablanmış çox rasyonal bir yanaşmadır.
Maliyyə çevikliyi və istedadların saxlanılması məsələsidir. Agentliyin publik hüquqi şəxs statusunda, özünümaliyyələşdirmə modelinə əsaslanaraq fəaliyyət göstərməsi ona korporativ çeviklik qazandırır. Bu model, dövlət strukturlarında tez-tez rast gəlinən kiber-mütəxəssislərin xaricə və ya özəl sektora qaçışı probleminin qarşısını almaq üçün bazara uyğun, rəqabətədavamlı əməkhaqqı şərtlərinin formalaşdırılmasına zəmin yaradır".
Ekspertin fikrincə vətəndaş müstəvisində isə fərdi məlumatların qanunsuz toplanması və işlənilməsinə qarşı nəzarətin bu Agentliyə həvalə edilməsi rəqəmsal gigiyenanı qanunvericilik aktlarından praktik tətbiq mərhələsinə keçirir: "Transmilli kiberhücumlarla mübarizədə xarici tərəfdaşlarla qurulacaq beynəlxalq əməkdaşlıq isə Azərbaycanın qlobal arenada rəqəmsal çəkisini tənzimləyəcəkdir. Bu mühüm transformasiyanın real nəticələri və effektivliyi isə qurulacaq daxili texnoloji infrastrukturun subyektlərlə real vaxt rejimində nə dərəcədə qüsursuz və çevik inteqrasiya olunacağından birbaşa asılı olacaqdır".