Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə “2025-2028-ci illər üçün Süni İntellektin inkişaf Strategiyası”nı təsdiq edilib.
Bu strategiya, süni intellektin ölkəmizdə inkişafı və geniş tətbiqi üçün əsas istiqamətləri və bu sahədə həyata keçiriləcək tədbirləri müəyyən edir. Süni intellektin əsas tətbiq istiqamətlərindən biri də təhsil sistemidir. Bu proseslərdə vətəndaş cəmiyyəti də xüsusi fəalllıq götərməlidir.
Sherg.az xəbər verir ki, “Peşəyönümlü təhsilin inkişafına yardım” IB (PTİYİB) süni intellektin təhsildə tətbiqləri istiqamətində, ictimai əsaslarla “Rəqəmsal pedaqogikanın əsasları” adlı yeni layihə icra edir. Bu innovativ təhsil layihəsinin ideya müəllifi və rəhbəri PTİYİB sədri, dosent İlham Əhmədovdur. Layihəyə magistr pilləsində təhsil alan 12 nəfər tələbə cəlb edilibdir. Layihə 4 onlayn təlimdən ibarətdir.
Layihə çərçivəsində tələbələrlə ilkin mərhələdə süni intellektin əsasları üzrə 2 onlayn təlim keçirilmiş, onlara süni intellekt alətlərinin köməyi ilə “Rəqəmsal pedaqogikanın əsasları” kursu üzrə öyrədici xarakterli elektron resursların hazırlanması yolları izah edilmişdir. Layihənin növbəti mərhələsində tələbələr hazırladıqları rəqəmsal resursları sosial şəbəkələrdə yerləşdirəcəklər. İlkin mərhələdə eyni adlı youtub kanalı yaradılcaq və bura 20 öyrədici video resurs və podkastlar yerləşdiriləcəkdir. Bu tip rəqəmsal tədris resurslarının hazırlanması və tədrisdə tətbiqi gələcək müəllimlərin və hazırda məktəblərdə çalışan gənc müəllimlərin peşəkar inkişafına dəstək məqsədi daşıyır. Layihə çərçivəsində 20 audiovizual resursla yanaşı, 20 infoqrafika tipli intellektual xətritənin də hazırlanması nəzərdə tutulur. Bu tip layihələrin icrası tələbələrdə süni intellekt alətlərinin praktik tətbiqi üzrə səriştələr formalaşdırır.