Afrikada “Borçalı” adlı içməli su quyusu qazıldı

Bu xeyirxah işə Gürcüstandan 65 nəfər maddi yardım göstərib

  Gürcüstanda yaşayan xeyirxah insanlar tərəfindən Kamerunda “Borçalı” adlı içməli su quyusu qazılaraq, əhalinin istifadəsinə verilib. Həmin su quyusunun qazılmasında məqsəd bölgədə olan içməli su probleminin həllinə nail olmaqdır. “Ümid Yardım Fondu”nun rəhbəri Minurə Mustafayevanın sözlərinə görə, Afrikada açılan su quyusu sözügedən fond və Gürcüstanda yaşayan xeyirxah insanlar tərəfindən maliyyələşdirilib.

Onun sözlərinə görə, su quyusunu açdırdıqları bölgədə içməli su problemi var: “İnsanlar yağış suyundan və müxtəlif göl sularından istifadə edirlər.

 Mən də belə qərara gəldim ki, bu cür bir təşəbbüs həyata keçirək və biz də bir su quyusu qazdıraq. Mənim təşəbbüsümü dostlarım bəyəndilər və həmin su quyusunun ərsəyə gəlməsində mənə köməklik göstərdilər. Su quyusunun açılmasında ümumilikdə 65 nəfər maddi yardım göstərdi. 

Mənə bu işdə Afrikadan bir nəfər köməklik göstərdi. Quyunun qazılmasına Afrikada olan şəxs nəzarət edirdi. O da orada xeyirxah işlərlə məşğul olur. Artıq su quyusu hazırdır. Açılışı olacaq”.

  Minurə Mustafayevanın dediyinə görə, həmin bölgədə açılan su quyusu artıq ikincidir: 

“Su quyusunun açılmasına 1 200 dollar vəsait xərclənib. Bundan əvvəl də həmin bölgəyə yaxın ərazidə su quyusu qazılaraq, istifadəyə verilmişdi. Afrikada su 100-150 metr dərinlikdən çıxır”. M.Mustafayeva düşünür ki, həm Afrikada, həm də Gürcüstanda bu cür xeyirxah işlərini davam etdirsin və daha çox su quyuları qazdıraraq, əhalinin istifadəsinə versinlər.