Davos Forumundakı iştirakımız ölkəmizin strateji təşəbbüslərini davam etdirdiyini bir daha nümayiş etdirir
İsveçrənin Davos şəhərində öz işinə başlayan və sayca 55-ci olan Dünya İqtisadi Forumunun növbəti illik toplantısı “Ağıllı əsr üçün əməkdaşlıq” devizi altında öz işini davam etdirir.
Dünyanın aparıcı dövlət və hökumət başçılarını, biznes, media, vətəndaş cəmiyyəti liderlərini, ictimai xadimləri və ekspertləri bir araya gətirdiyinə görə təsir və əhatə baxımından dünyanın ən böyük və ən nüfuzlu görüş-müzakirə platforması hesab olunan Davos Forumunda dünya ictimaiyyəti üçün aktual hesab olunan mövzulara toxunulub. “İnkişafın yenidən dizayn edilməsi”, “İntellektual əsrdə sənayelər”, “İnsan kapitalına investisiya, “Planetin mühafizəsi” kimi məsələlər müzakirə edilib.
Etibarlı qlobal dialoq və əməkdaşlıq platforması kimi Davos Forumunun bu istiqamətləri geniş müzakirəyə çıxarması iştirakçı ölkələrin hər biri üçün faydalıdır. Forumda qaldırılan bu məsələlər həmçinin Azərbaycan üçün də mühüm əhəmiyyət kəsb edir. Azərbaycan artıq uzun müddətdir ki, Davos Forumunun mühüm tərəfdaşlarından birinə çevrilib. Hər iki tərəf - həm Davos İqtisadi Forumu, həm də Azərbaycan qarşılıqlı əməkdaşlığı davam etdirməkdə və dərinləşdirməkdə maraqlıdır. Prezident İlham Əliyevin Forumun illik toplantılarında iştirakı Azərbaycanın iqtisadi imkanlarının və qlobal proseslərə yanaşmalarının daha geniş auditoriyaya çatdırılması, təqdim olunması baxımından olduqca əhəmiyyətlidir.
İlham Əliyevin Forumunda iştirakı iqtisadi nəticələrlə yanaşı, siyasi baxımdan da Azərbaycanın beynəlxalq arenada nüfuzunun artması, mövqeyinin güclənməsi üçün əhəmiyyətlidir. Dünyada gedən qlobal bölgü prosesində yaranan iqtisadi imkanlardan Azərbaycan maksimal dərəcədə yararlanmağa çalışır.
Dövlətimizin başçısı Forum çərçivəsində ayrı-ayrı nüfuzlu şirkətlərin rəhbərləri ilə görüşlər keçirir, iqtisadiyyatımıza daha çox xarici sərmayənin cəlb edilməsi üçün səylərini davam etdirir. Müşahidələrimiz onu göstərir ki, Azərbaycan Davos Forumunun müzakirələrinə qatılan dünya elitası üçün cəlbedici, perspektivli ölkələrdən biri sayılır. Bu kontekstdə, Davos Forumu ilə sıx əməkdaşlığımız Azərbaycanın qlobal biznes-şəbəkələrə inteqrasiyasını gücləndirir.
Milli Məclisin deputatı Nigar Məmmədovun “Sherg.az"a açıqlamasına görə, Azərbaycanın Davos Forumundakı iştirakı ölkəmizin qlobal iqtisadiyyatdakı rolunun artdığını və strateji təşəbbüslərini davam etdirdiyini bir daha nümayiş etdirir:
“Davos Forumunda Azərbaycana və Prezident İlham Əliyevə xüsusi rəğbət müşahidə edilir. Təsadüfi deyil ki, cənab Prezidentin Davos Forumunda iştirakı hər zaman çoxsaylı yüksəksəviyyəli görüşlərlə yadda qalır. Budəfəki forum da istisna olmadı. Bu görüşlərin təşəbbüskarları bir qayda olaraq qarşı tərəf olur. Bu, bir tərəfdən dövlət başçımızın şəxsiyyətinə rəğbətin göstəricisidir. Digər tərəfdən də ölkəmizdə xarici investisiyalar üçün yaradılmış münbit şəraitin bariz sübutduur. Beləliklə, Azərbaycanın iqtisadi tərəfdaşlarının sayının artmasının şahidi oluruq.
Azərbaycanın Davos Forumunda iştirakı təkcə beynəlxalq tərəfdaşlıqların inkişafı ilə məhdudlaşmır, eyni zamanda ölkənin iqtisadi dayanıqlılığını gücləndirmək və yeni texnologiyaları mənimsəmək baxımından vacib bir platforma rolunu oynayır. Enerji təhlükəsizliyi və diversifikasiyası, yaşıl enerji keçidi və rəqəmsal transformasiya Azərbaycanın qarşıdakı illərdə diqqət mərkəzində olacaq əsas sahələrdir”.
Millət vəkili bildirib ki, Davos Forumunda Prezident İlham Əliyevin təqdim etdiyi strategiya Azərbaycanın gələcək inkişafını daha rəqabətədavamlı, davamlı və innovativ etmək məqsədini daşıyır. Ölkəmiz enerji sektorunda təkcə neft və qazla deyil, həmçinin bərpa olunan enerji mənbələri ilə də mövqeyini gücləndirmək niyyətindədir. Xüsusilə, Xəzər dənizində külək enerjisi layihələri və “yaşıl enerji” ixrac strategiyası Azərbaycanın 2025-ci il üçün əsas prioritetlərindəndir.