Bakı əvvəlcə sərhədlərin müəyyənləşməsində israrlıdır

Bununla Qarabağdakı ermənilərin Ermənistanla bağı qoparılır 

"Bundan sonra separatçı-terrorçu rejimin ləğv edilməsi, erməni əhalisinin Azərbaycan vətəndaşlığı altında yaşaması, yaxud da getməsi seçiminin aktivləşməsi imkanları genişlənəcək"


   Azərbaycanla sülh sazişi ilə bağlı mümkün danışıqlar iki variant üzrə müzakirə edilib. Bunu Ermənistan Baş naziri Nikol Paşinyan ölkə parlamentində çıxışı zamanı deyib. Paşinyan vurğulayıb ki, Ermənistan müxalifəti Qarabağ münaqişəsinin həlli ilə bağlı gündəliyin “ayrıca məsələ” olmasını istəyir: “İstər beynəlxalq aləmdə, istərsə də Ermənistanda müzakirələr gedir ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin həllinə Qarabağ məsələsi də daxil edilməlidir, yoxsa ayrıca baxılmalıdır?”. 

Baş nazir həmçinin bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel ilə Brüsseldə keçirilən görüşdə anklavlar məsələsi müzakirə olunmayıb: “Azərbaycan birbaşa və ya dolayısı ilə bu məsələni qaldırır, lakin biz dedik ki, de-yure Ermənistan ərazisində Azərbaycan anklavlarının mövcudluğu qeydə alınmayıb”. O bəyan edib ki, Brüsseldə Qarabağla bağlı çox ciddi müzakirələr aparılıb, nəticədə Ermənistan və Azərbaycanın mövqelərində fikir ayrılığı olub: “Bakı hesab edir ki, Qarabağ münaqişəsi həll olunub, Ermənistan hesab edir ki, həll olunmayıb. Bakı öz 5 təklifini verib, bizim də öz təklifimiz var və bunun əsasında danışıqlar aparılmalıdır”. 

   Siyasi şərhçi Asif Nərimanlı “Şərq”ə bildirib ki, Paşinyan hakimiyyəti Qarabağı sülh sazişinə daxil etmək niyyətində deyil. Ekspertin fikrincə, Azərbaycan üçün Qarabağ de-fakto və de-yure daxili məsələdir: 

“Rəsmi Bakının öz daxili məsələsini Ermənistanla danışıqlar masasına çıxarmaq, İrəvanın “status” mövqeyini gücləndirə bilər. Bakı Qarabağdakı separatçı-terrorçularla bağlı məsələnin həllini sonraya saxlayır və şərtlərin yetişməsi üçün mərhələli strategiya tətbiq edir. Sülh sazişi ilə Ermənistanın Azərbaycana qarşı ərazi iddiasının olmadığını de-yure təsdiqləyir. Bununla Qarabağdakı ermənilərin Ermənistanla bağı qoparılır. Bundan sonra separatçı-terrorçu rejimin ləğv edilməsi, erməni əhalisinin Azərbaycan vətəndaşlığı altında yaşaması, yaxud da getməsi seçiminin aktivləşməsi imkanları genişlənəcək. Qarabağın sülh sazişinə daxil edilməsi “status” məsələsinin də prosesə daxil edilməsi riskini yarada və Bakı üçün danışıqları ağırlaşdıra bilər”. 

A.Nərimanlı bildirib ki, Ermənistan hakimiyyəti ərazi bütövlüyünün tanınması tələbi ilə sülh sazişinin imzalanmasını qəbul edir. Lakin Qarabağ məsələsinin ayrıca komponent kimi saxlanılmasından yanadır:

 “Qarabağ sülh sazişi formatına daxil edilərsə, İrəvan bölgə üzərində Bakının hakimiyyətini tanımış olacaq. Bu, daxildə siyasi böhran yarada bilər. Paşinyan Qarabağı ayrıca məsələ kimi saxlamaqla daxili ictimai rəydə və diaspor qarşısında qondarma “artsax”dan imtina etmədiyini göstərmək niyyətindədir. Sülh sazişindən sonra Qarabağ ermənilərini “hüquqi məsələ” olaraq gündəmdə saxlamağı planlaşdırır. Erməni baş nazirin “bizim üçün Qarabağ ərazi yox, hüquqi məsələdir” sözləri də buna hesablanıb. İrəvanın öz maraqları naminə siyasi oyun qurduğu aydındır. Hərçənd, sülh sazişinin imzalanması Bakının Qarabağdakı separatçıların təmizlənməsi imkanlarını və mümkün hərbi addımların legitimliyini də gücləndirəcək”.