Bakıda görüş təklifi bir şans idi


Qarabağ ermənilərinin vəziyyəti daha da ağırlaşacaq


  Ötən gün Prezident Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələri ilə ikinci görüşün Bakıda keçirilməsinə dair yenidən təklif irəli sürüb. Bundan öncə oxşar təklif martın 13-də irəli sürülmüşdü. Lakin erməni tərəfinin təxribatçı mövqe sərgiləməsi səbəbindən görüş baş tutmamışdı. Qeyd edək ki, tərəflər arasında ilk görüş Xocalıda olub. Martın 1-də Rusiya sülhməramlı kontingentinin qərargahında Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüş keçirilib. Bakının növbəti görüş təklifinə gəlincə, separatçılar bu dəfə də destruktiv mövqe ortaya qoyublar. Ermənistanın "Hraparak" nəşrinin yaydığı məlumata görə, erməni separatçıları görüşün Bakıda keçirilməsinə razılaşmayıblar. Onlar belə bir görüşün Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan torpaqlarında keçirilməsinin mümkün olduğunu deyiblər və Bakıya getməkdən boyun qaçırıblar. Bundan başqa, separatçılar bildiriblər ki, Bakı ilə görüşün keçirilməsi üçün Laçın-Xankəndi yolundakı aksiya dayandırılmalıdır.
  Siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Qarabağdakı separatçıların Bakıda görüşün keçirilməsi və reinteqrasiya məsələlərinin müzakirə edilməsi ilə bağlı təklifi qəbul etməyəcəyi gözlənilən idi. Amma bu imtina separatçıların vəziyyətini daha da ağırlaşdıracaq: "Azərbaycan reinteqrasiya prosesinin alternativini qəbul etməyəcək. Beynəlxalq güclər separatçıların “müqəddəratını təyin etmə” istəklərini yaxın buraxmır. Separatçıların "lideri" Araik Arutyunyan etiraf edir ki, beynəlxalq təşkilatlar sadəcə bəyanatdan başqa heç nə etmirlər: rusların da əlindən heç nə gəlmir. Son əməliyyat nəticəsində onların xarici aləmə - Ermənistana çıxış yolları tamamilə bağlanıb. Əlavə yol axtarışları da bundan sonra mümkün olmayacaq, çünki belə cəhdə qarşı eyni addım atılacaq. Rəsmi Bakı hələ Xocalıdakı görüşdən sonra separatçılara mesaj ünvanlamışdı ki, ya inteqrasiya prosesini qəbul edəcəklər, ya da daha sərt addımlar atılacaq. Bu addımlar həm hərbi müstəvidə, həm də kommunikasiya təminatı ilə bağlı atıla bilər".