“Əl vurmayın”, “öldürməyin”, deməklə təhlükə sovuşmur. İtlərin küçədə sahibsiz, nəzarətsiz gəzməsi təhlükədir"
Mingəçevir və Şəki şəhərində küçə itlərinin kütləvi tələf edildiyi videoları sosial şəbəkələrdə yayılıb. Videolarda itlərin zəhərlənərək öldürüldüyü, kimlərsə tərəfindən torbalara doldurularaq aparıldığı əksini tapıb. Bəzi vətəndaşlar Daxili İşlər Nazirliyinin Qaynar Xəttinə müraciət edib. Müraciətdən sonra əraziyə gələn polis əməkdaşları həmin şəxslərin müəyyən edilməsi üçün əməliyyata başlayıblar.
Sahibsiz itlərlə bağlı cəmiyyətdə baxış fərqlidir. Bir qisim, sahibsiz itlərə qayğı ilə yanaşılmasının tərəfdarı olduğu halda, başqa bir qisim sahibsiz itlərin real təhlükə mənbəyi olduğu fikrindədir və onların küçələrdən toplanmasını lazım bilir. Amma bu şəkildə, qəddarcasınamı?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, hər bir canlının həyatda öz təyinatı var:
- Mən o alimlərə ikrahla baxıram ki onlar iti genetik modifikasiya edib oyuncağa çeviriblər. O insanları da qınayıram ki itdən, pişikdən, digər canlılardan əyləncə məqsədilə istifadə edirlər, imkanlarını nümayiş etdirmək, fərqlənmək üçün baha qiymətə müxtəlif heyvanlar saxlayırlar mənzillərində. İstanbulda olarkən ərzaq marketində bir nəfərin iti ərzaq səbətinə qoyub marketdə dolaşdığını görəndə etiraz etdim, market müdürünü çağırdım, iradlarımı bildirdim ki, iti ərzaq dükanında gəzdirmək olmaz. Mənbələr göstərir ki, insanlarda mövcud olan xəstəliklərin 75 faizi heyvanlardan keçir. İnsanlar heyvanları nə qədər özlərinə yaxınlaşdırırsa ömürləri bir o qədər qısalıb. Uzun illərdir bulvarda velosiped sürürəm. Əldə gəzdirilən itin uşaqları parçaladığına 3 dəfə şahid olmuşam. Bir uşağın həyatı vacibdir, yoxsa 100 itin yaşaması vacibdir? İtin öz təyinatı var. Avropadan gələn bu sərsəm münasibət, yanaşma, itlərə bu cür münasibət qəbulounmazdır. “Əl vurmayın”, “öldürməyin”, deməklə təhlükə sovuşmur. İtlərin küçədə sahibsiz, nəzarətsiz gəzməsi təhlükədir. İnsanlara hücum edirlər, infeksiya, xəstəlik yayırlar. Sahibləri varsa, yığışdırsınlar. Ola bilsin, itləri zəhərləməklə tələf etmək ən son çıxış yoludur. Əhali başqa çarə tapmayıb, zəhərləməklə tələf edib. Mən kənddə böyümüş birisi olaraq 2 dəfə quduz it öldürmüşəm. Quduzlaşmış iti ram etmək mümkün deyil. Yiyəsinə cumur, qarşısına kim keçdi, nə keçdi parçalayır. Dəyənək, sopa, ona heç nə kar eləmir. Gərək güllə ilə vurasan. Müxtəlif xəstəliklərin yayılması yaxşıdır, yoxsa itlərin tələf olması?! İti sevənlər varsa, buyursunlar, sahib çıxsınlar. İnsanlar it sevənlərə görə qorxu içində yaşamalı deyil. Əvvəllər canavar öldürüb dərisini təhvil verənə 50 manat ödəniş edilirdi. İndi canavar toxunulmaz elan edilib. Canavarlar həyətlərə girir, qoyun-quzunu parçalayır. insanlara, təsərrüfatlara ziyan vurur, amma öldürülməsin, cərimə edirlər buna görə. Bəs insan özünü, ailəsini, evini, qoyun-quzunu necə qorusun? Bu Avropadan gələn və Azərbaycan cəmiyyətinə yad olan yanaşmadır. İtə dəyməyin, pişiyə dəyməyin, canavarı öldürməyin. Dediyim kimi hər bir canlının öz təyinatı var, amma bu o demək deyil ki heyvanlar, yırtıcılar insanlarla birgə yaşamalıdır. Belə deyil, bu, olmamalıdır. Heyvanlara qayğı göstərməkdən əvvəl insanlara qayğı göstərilsin. Nə qədər müharibə əlilimiz var, qayğı onlara lazımdır. İnsanları düşünmürük, heyvanların dərdini çəkirik. Mənim baxışım, yanaşmam, düşüncəm budur. İtin yiyəsi varsa, yığışdırıb aparsın, həyətində saxlasın. Bulvarda itlər dəstəylə dolaşır. İnsanlar qorxudan şəkər xəstəliyinə tutulur. Quduzluq xəstəliyinə tutulub vəfat edən körpə balalar var. İtlər küçədə sərbəst dolaşmamalıdır. Sahibi olan itləri sahibləri gəzdirə bilər, lakin onlar üçün nəzərdə tutulan yerlərdə və mütləq zəncirdə, ağızlıqda. İtlərin “hüququ” var, insanın yox?! Mən bu cür heyvansevərlərə qarşıyam və hesab edirəm ki, insan həyatı, insanın sağlamlığı hər hansı heyvanın sağ qalmasından daha vacidbir.