Borçalıda İranın dini təsirləri artır
Millət vəkilləri bu məsələ ilə yanaşı tıxaclardan, Qarabağda Vardanyan təhlükəsindən də danışıblar
Dünən Milli Məclisin payız sessiyası çərçivəsində növbəti iclası keçirilib. İclasın gündəliyində 28 məsələ olub. Deputatlar gündəliklə bağlı müzakirələrdən əvvəl cari məsələlərdən danışıblar. Parlament üzvləri bəzi problemləri gündəmə gətirərək tənqidi fikirlər səsləndiriblər.
"Gürcüstanda müsəlman din xadimlərinin əksəriyyətini İran hazırlayır, tapşırıqla göndərir"
Millət vəkili Fazil Mustafa deyib ki, hazırda Gürcüstanda azərbaycanlılar yaşayan ərazilərdə elə məktəblər var ki, yaşlı müəllimləri əvəz edəcək heç kim yoxdur. Deputatın sözlərinə görə, məktəb ilk növbədə ona görə azərbaycandilli məktəb adlanır ki, orada Azərbaycan dili və ədəbiyyatı fənni keçirilir: "Bunu azərbaycanlı müəllimlər keçirlər. Ümumiyyətlə, digər fənləri keçməyə də müəllim yoxdur. Gürcüstanda milli məktəblərimizdə kadr çatışmazlığı var. Problemi həll etmək üçün optimal variant Tbilisidə Gürcüstan və Azərbaycan hökumətinin dəstəyi ilə ortaq universitetin yaradılmasıdır. Gürcüstanda olan din xadimlərimizin əksəriyyətini ya İran öz dini müəssisələrində hazırlayır, ya da Borçalıya onlara müəyyən tapşırıqlar verərək qaytarır. Gürcüstanda azərbaycanlılar arasında cəhalət artmaqdadır. Biz indidən bu məsələyə reaksiya verməliyik. Gürcüstanda olan azərbaycanlıların dini təhsil alması üçün imkanlar da yaradılmalıdır”.
"Dələduz Vardanyan ya Qarabağdan rədd ediləcək, ya da tutulacaq"
Deputat Sahib Alıyev qeyd edib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə ermənilər təxribat törədir. Rusiya bunu Azərbaycanın sülhü pozması kimi qələmə verir: "Rusiya sülhməramlılarının Azərbaycan toponimlərini səhv yazması da qəbuledilməzdir. Hər kəs aydın görür ki, Vardanyan hansı tapşırıqla Azərbaycandadır. Vardanyana Ukraynada Samvelə tapşırılan tapşırıqdan veriblər. Dövlətimizin uyğun strukturları bunu görməzdən gələ bilməzlər. Dələduz Vardanyan ya Qarabağdan rədd ediləcək, ya da tutulub Azərbaycana gətiriləcək. Hiss olunur ki, Vardanyan da Qarabağda olmaqdan məmnun deyil. Qarabağdakı yaşayış məntəqələrinin adlarının haylar arzulayan kimi təqdim edilməsi heç nəyi dəyişmir, Qarabağ Azərbaycandır!”.
Deputat tıxacların qarşısını almaq üçün bir alternativ təklif edib
Bakıda tıxac probleminin həlli üçün şagirdlər və müəllimlərə ictimai nəqliyyatın pulsuz olması təklif edilib. Deputat Naqif Həmzəyev bildirib ki, bir neçə gün əvvəl gənclər və idman naziri Fərid Qayıbov işə piyada gəldi, ictimai nəqliyyatda olan problemə diqqət çəkdi: "O, Bakıdakı tıxacların qarşısını almaq üçün bir alternativ təklif etdi. Artıq tıxaclar günün bütün hissələrində var. Ümid edirəm ki, digər nazirliklər, məmurlar, dövlət qurumları da bu aksiyaya qoşulacaqlar. Ancaq etiraf edək ki, pik saatlarda nə metrodan, nə də ictimai nəqliyyatdan istifadə etmək mümkün olur. Mən şəxsən cəhd etdim. Ancaq əvvəllər saat 8-9-da çətin idisə, indi saat 10-da belə metroda yer tapmaq çox çətin oldu, 3-4 vaqon buraxmalı oldum. Məsələyə ciddi yanaşmaq lazımdır. Nəzərə almaq lazımdır ki, Bakıda insanların sayı artıb. Əvvəlki rejimlə metronun və ya ictimai nəqliyyatın işləməsi bu problemi həll edə bilməz”. Deputat qeyd edib ki, tıxacların səbəbi məktəblərdir: “Məktəblərdə payız tətili zamanı Əhmədlidən şəhərin mərkəzinə 15 dəqiqəyə gəlməyin mümkünlüyünün şahidi olmuşam. Birbaşa olaraq tıxac məhz məktəb və məktəbdə təhsil alan şagirdlərimizlə bağlıdır. Çünki hər evdən bu uşaqları məktəbə gətirmək üçün bir avtomobil çıxır. Təklif edirəm ki, məktəblilər və müəllimlər üçün ən azı gündə iki dəfə ictimai nəqliyyat pulsuz olsun. İctimai nəqliyyatda da avtobusların sayı artırılmalıdır”.
"Şəkidə su və yol problemi var..."
Deputat Vüqar İskəndərov "Azərsu” ASC-nin ünvanına ittihamlar səsləndirib. Deyib ki, “Azərsu” ASC-nin sifarişi ilə 2012-ci ildə Şəki şəhərinin su-kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanılsa da, işlərin yalnız 66 faizi icra olunub: "On ildir davam edən bu layihə çərçivəsində Şəkidə 347 km uzunluğunda su şəbəkəsi və 266 km uzunluğunda kanalizasiya şəbəkəsi qurulmalı idi. Şəhərin bütün yolları və küçələri qazıldığından yarğanlar əmələ gəlib, keçilməz vəziyyətə düşüb. Hazırda Şəkidə ümumi uzunluğu 40 km olan yolun, şəhərin giriş-çıxışındakı 4 prospektin təcili təmirinə ehtiyac var. Bunu da yerli büdcə ilə etmək mümkün deyil, ona görə də məsələnin dövlət investisiya layihəsinə salınması üçün əhali adından xahiş edirəm və hökumətə müraciət edəcəyəm. Araşdırmalarımıza görə, Şəkidən daha kiçik rayonlara yolların bərpası ilə bağlı 1-2 dəfə çox pul ayrılıb. Əlimizdə rəqəmlər də var".
"Ruben Vardanyan sərvətini Xankəndidə yeni separatçılıq hərəkatına qoyur"
Deputat Zahid Oruc bildirib ki, Ruben Vardanyanın bir vaxtlar Qarabağdan İrəvana yüksək vəzifələrə gedən sabiq nazirlərdən özünə kabinet formalaşdırması sərvətini Xankəndidə yeni separatizm hərəkatına qoyduğunu göstərir. Onun sözlərinə görə, R.Vardanyanın dünya ermənilərinə nümunəyə çevrilməsi təhlükəlidir: "Lakin bizi xaricdə yaşayan milli iş adamlarımızın azad torpaqlara humanitar yardım deyil, öz biznes maraqlarına sərmayə qoymaması da narahat etməlidir. Azərbaycanlı milyonçular da xarici vətəndaşlıqlarını Qarabağ üçün qurban verərdilərmi? Vardanyanla müqayisə və yarış naminə deyil, onlar azad edilmiş ərazilərə investisiya qoymaqla qayıdışa hazırdırlarmı. Hökm deyil ki, nazir vəzifəsinə gəlsinlər, bəlkə dövlət onlara yerli hakimiyyətdə vəzifə də tapşırar. Bəllidir ki, Qarabağ və azərbaycanlı yüzlərlə milyonçu var, lakin bölgə mənsubiyyətinə görə deyil, Vətən müharibəsində olduğu kimi, “Böyük qayıdış”da da bir millət kimi hərəkət etmək daha önəmlidir". Deputat xarici milli burjuaziyanı azad edilmiş ərazilərdə keçmiş məcburi köçkünlər üçün ev tikməyə çağırmadıqlarını deyib: "Onların belə hüquqi öhdəliyi yoxdur. Ağdamın məşhur üzüm emalı zavodlarına, Zəngilanın, Qubadlının zəngin meyvə bağlarına investisiya qoymaq olar. Ona görə də dünya azərbaycanlıları 30 illik əhdlərini unutmamalıdırlar. Dövlət sahibkarları "Böyük qayıdış" üçün əksər ödənişlərdən, vergi və rüsumlardan azad edir. Pullarını ölkədən çıxaranlara əlavə toxunulmazlıq və zəmanət lazımdırsa, onu da dövlətə açıq desinlər. Onsuz da müqəddəs torpaqlarda itki yoxdur, xalqa yatırılan kapital batmır. Bir özəl məktəbin, yaxud klinikanın tikilməsi ordunun tankı-topu qədər önəmlidir, çünki müharibənin iqtisadi yollarla davamıdır. Baxın, Rusiya zənginlərinin çoxmilyardlıq sərvətləri xarici banklarda müsadirə olunur, onları dövlətə qarşı qoymaq üçün güclü yerlərindən vururlar. Lakin bizim milyonçular Azərbaycanın siyasətinə görə təhlükə yaşamır".