- “İrəvan mina xəritələrini verməkdən boyun qaçırır”
Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov işğaldan azad edilmiş Qarabağda piyada əleyhinə minaların bu gün də əhalinin təhlükəsizliyini təhdid etdiyi, insanların həyatına son qoyduğu barədə “X” hesabında bildirib.
Nazir müavini qeyd edib ki, keçmiş məcburi köçkünlərin 40 mindən çoxu doğma torpaqlarına qayıdıb artıq. Qarabağ və ətraf bölgələrdə 45-dən çox yaşayış məntəqəsi ynidən qurulub və bərpa edilib, hazırda bu ərazilərdə təxminən 100 min nəfər yaşayır, işləyir və təhsil alır. Son altı ildə yenidənqurma və bərpa sahəsində irəliləyişin miqyası böyük olsa da, qarşıda ciddi çətinliklər qalmaqdadır: “Piyadalar əleyhinə minalar insanların həyatını təhdid etməkdə və yenidənqurma işlərinə mane olmaqda davam edir. Təkcə ötən həftə mina hadisəsi nəticəsində daha bir mülki şəxs yaralanıb”.
Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlı Sherg.az-a açıqlamasında bildirdi ki, Ermənistanın minaların xəritəsini Azərbaycana təqdim etməməsi, yaxud qeyri-dəqiq xəritələr verməsi ilə bağlı dəfələrlə rəsmi etirazlar bildirilib, qeyri-hökumət təşkilatları, hüquq müdafiəçiləri, vətəndaş cəmiyyəti fəalları tərəfindən beynəlxalq təşkilatlara çoxsaylı birgə bəyanat və müraciətlər ünvanlanıb. Bu addımlar xüsusilə İkinci Qarabağ müharibəsinin başa çatmasından dərhal sonra başlanıb və intensiv şəkildə davam etdirilib. Bu müraciət və bəyanatlarda doğma yurdlarına qayıdan dinc əhalinin mina qurbanı olması pislənilir və xəritələrin alınması üçün təzyiq göstərilməsi tələb olunub. Həmçinin xəritələrin qeyri-dəqiq olması ilə bağlı da narazılıqlar bəyanatlarda yer alıb. S.Bənınyarlı bildirdi ki, 2022-ci ildə Ermənistan tərəfi müəyyən xəritə formulyarlarını təqdim etmişdi, lakin məlum oldu ki bunların dəqiqliyi cəmi 25% civarındadır, buna görə hüquq müdafiəçiləri beynəlxalq ictimaiyyəti bu "humanitar manipulyasiyaya" qarşı çıxmağa çağıran yeni bəyanat layihələri imzaladılar:
- Beynəlxalq konfranslar çərçivəsində biz həmişə bu humanitar problemi gündəmə gətirmişik, müraciətlər, bəyanatlar qəbul olunub. Sentyabr ayında keçirilmiş qlobal tədbirdə də Azərbaycanın vətəndaş cəmiyyəti üzvləri xarici tərəfdaşlarla birgə bəyanatlar yayaraq "mina terroru" mövzusunu qlobal humanitar təhlükə kimi növbəti dəfə gündəmə gətirdilər. Humanitar problem təkcə mina xəritələrinin təhvil verilməməsi deyil, eyn zamanda Ermənistan itkin düşmüş soydaşlarımızın taleyinə hələ də aydınlıq gətirmir, əsirlikdə, girov saxlananların, hələ də sağ qalan azərbaycanlıların təhvil verilməsi, qətlə yetirilənlərinsə kütləvi dəfn olunduğu yerlər barədə məlumatları təqdim etmir. O cümlədən piyada əleyhinə minaların basdırıldığı ərazilərin dəqiq xəritələrini də verməkdən boyun qaçırır. Bunlar Ermənistan siyasi rəhbərliyinin riyakarlığının, insanlıq əleyhinə cinayətləri davam etdirdiyinin sübutudur. Biz işimizi, öhdəmizə düşən vəzifəni davam etdiririk, beynəlxalq qurumlara, təşkilatlara müraciət edərək Ermənistan hökumətinə təzyiq göstərməyə çağırırıq.