"Zənnimcə, bu məsələ 2027-ci ilin sonuna kimi həll olunacaq"
ABŞ-ın vitse prezidenti Cey Di Vensin fevralın 9-dan etibarən Cənubi Qafqaza səfəri Vaşinqtonun Bakı və İrəvanla münasibətlərini yüksək mərhələyə daşıdı. Səfər çərçivəsində Ermənistanla mülki nüvə enerjisi sahəsində əməkdaşlıq razılaşması, Azərbaycanla isə Strateji Tərəfdaşlıq Xartiyası imzalandı. Bütün bunlar göstərir ki, ABŞ Cənubi Qafqazda mövcud geosiyasi balansların formalaşmasında daha fəal rol almağa çalışır. Xüsusilə Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması, Azərbaycanın regional təhlükəsizlik, enerji və yeni texnologiyalar sahəsində etibarlı tərəfdaş kimi qəbul edildiyini göstərir.
Mövzu ilə əlaqədar siyasi şərhçi Orxan Amaşov Sherg.az-açıqlamasında bildirib ki, Strateji Tərəfdaşlıq Xartiyanın əsas istiqamətləri 8 avqust tarixində müəyyənləşdirilib:
“Sənəd təhlükəsizlik, iqtisadi əməkdaşlıq, enerji və süni intellekt (AI) sahələrini əhatə edir. Xartiya, sadəcə strateji tərəfdaşlıq xarakteri daşıyır. Gələcək mərhələdə Azərbaycan və ABŞ arasında hərtərəfli strateji partnyorluq olacaq. Azərbaycan Cənubi Qafqazda geosiyasi tarazlığın müəyyənləşdirilməsində həlledici rol oynayır. Bu çərçivədə həm Çin həm də ABŞ ilə diplomatik əlaqələr intensivləşdiriləcək. ABŞ ilə Azərbaycan arasında münasibətlərin inkişafı üçün potensial hər zaman mövcud olub. Lakin əvvəlki ABŞ administrasiyaları bu potensialdan Azərbaycanın milli maraqlarına uyğun şəkildə istifadə etmirdilər. Yalnız, Azərbaycan Qarabağda ərazi bütövlüyünü bərpa etdikdən sonra ABŞ prosesə ölkəmizin müəyyənləşdirdiyi konturlar çərçivəsində daxil oldu”.
O. Amaşovun sözlərinə görə, ABŞ-ın Cənubi Qafqaz siyasəti bundan sonra Azərbaycan-Ermənistan münasibətləri çərçivəsində qiymətləndiriləcək:
“Region ölkəsi olan Gürcüstan isə proseslərdən kənarda qaldı. Azərbaycan Gürcüstanı regional əlaqələr sisteminin ayrılmaz hissəsi kimi görür. Reallıq ondan ibarətdir ki, indiki geosiyasi axar Gürcüstanı limitləyir. Tramp yolu məsələsi isə ABŞ ilə Ermənistan arasında planlaşdırılsa da, Strateji tərəfdaşlıq Xartiyasına da daxil edilir. Sözügedən marşrut maneəsiz keçid funksiyasını yerinə yetirəcək. Marşrut üzrə, Ermənistanın suverenliyi formal olaraq qorunsa da, tam nəzarət onun əlindən çıxacaq. Nəticə etibarilə Azərbaycan strateji məqsədlərinə nail olur. Strateji tərəfdaşlığın məntiqi nəticəsi olaraq, tərəflər arasında yekun sülh müqaviləsi imzalanacaq. Artıq Ermənistan qanunvericiliyində də müəyyən dəyişikliyin həyata keçirilməsinə dair fəallıq var”.
Analitik bildirib ki, mövcud şərtlər daxilində, Ermənistan konstitusiyasında dəyişiklik ehtimalı mümkün görünmür:
“Müqavilənin imzalanacağı dövrə qədər, Azərbaycanla Ermənistan arasında iqtisadi əlaqələr hökm sürəcək. Ermənistan hökumətinin fevralın 5-də keçirilən iclasında müzakirə olunan mövzulardan biri Azərbaycanla iqtisadi münasibətlərin qurulması üçün qanunvericilikdə müəyyən dəyişikliklərin edilməsi olub. Bu isə rəsmi İrəvanın qanunvericilik sistemini Azərbaycanla münasibətlərin normallaşmasına uyğunlaşdırmaq niyyətindən xəbər verir. Bir sözlə konstitusiyaya dəyişikliklərin sürətləndirilməsi gündəmdədir. Lakin bu prosesin Ermənistanda iyunun 6-da keçirilməsi planlaşdırılan, parlament seçkilərindən öncə baş tutacağına inanmıram. Zənnimcə, 2027-ci ilin sonuna kimi Ermənistanın kontitusiyası ilə bağlı məsələ həll olunacaq”.
Aybəniz Səfərova