Fransa ilə münasibətlərə yenidən baxılmalıdır
Fransa ilə münasibətlərə yenidən baxılmalıdır
Milli Məclis Fransa Senatının qətnaməsi ilə bağlı Bəyanat qəbul edib
Milli Məclisin dünənki iclasında Fransa Senatının Azərbaycan əleyhinə qətnamə qəbul etməsi kəskin şəkildə tənqid olunub. Bəzi deputatlar Fransa ilə münasibətlərə yenidən baxmağı təklif ediblər. Müzakirələrdən sonra parlament Fransa Senatının qətnaməsi ilə bağlı Bəyanat qəbul edib. Bəyanatda vurğulanıb ki, Fransa Senatının hər iki palatasında qəbul edilən sənədlər Azərbaycan və Fransa arasında münasibətləri, o cümlədən 1993-cü ildə Fransa və Azərbaycan arasında imzalanan müqavilənin bəndlərini pozur. Qeyd olunub ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə hörmət edilməlidir:
"Erməni qruplarının Azərbaycanın Fransadakı səfirliyinə qarşı faşist əməllərinin qarşısının alınmaması Fransanın Ermənistanı müdafiə etdiyini göstərir. Senat Fransanın BMT Təhlükəsizlik Şurasının üzvlüyündən öz çirkin əməlləri üçün istifadə etdiyini sübut edir. Qətnamədə Laçın dəhlizi ilə bağlı bənd bu qətnamə müəlliflərinin yerdəki vəziyyətdən nə qədər bixəbər olduğunu göstərir. Fransanın bu addımı Cənubi Qafqazda iki ölkə arasında bütün münasibətlərə zərbə vurur".
“Həmin qətnamə kağız parçasından başqa bir şey deyil”
Milli Məclisin üzvü Kamran Bayramov deyib ki, Fransa Senatı Azərbaycana qarşı qərəz və ədalətsizlik nümayiş etdirir. Millət vəkili qeyd edib ki, Senatda qəbul edilən qətnamə Fransadakı türkofob və erməni lobbi dairələrinin beyinlərinin məhsuludur: "Dünyada müxtəlif vəhşiliklər törətmiş, soyqırımı həyata keçirmiş Fransa indi Azərbaycana dərs keçməyə çalışır. Bu dərsləri Ermənistana keçmək lazımdır. Fransa Senatının qətnaməsinin heç bir hüquqi qüvvəsi yoxdur, o, kağız parçasından başqa bir şey deyil. Fransanın bu addımları Cənubi Qafqazda sülh istəmədiyini göstərir. Fransanın “demokratiyanın”, “ədalətin” mərkəzi olaraq, belə çıxış etməsi onun nə qədər ikiüzlü olduğunu göstərir. Fransa həm də ATƏT-in Minsk qrupunun üzvü olmasına baxmayaraq, ermənipərəst olduğunu sübut etdi. Belə qəbul olunur ki, Fransa Azərbaycanla dost, tərəfdaş ölkə deyil". O bildirib ki, Fransa ikiüzlülük, riyakarlıq nümunəsidir: "Fransa Senatının qəbul etdiyi qətnaməyə siyasi qiymət verilməli və Azərbaycanın Fransa ilə münasibətlərinə yenidən baxılmalıdır”.
"Özünü yeni "Napoleon" hesab edənlər tarixə diqqətlə baxmalıdır"
Deputat Tural Gəncəliyev isə bildirib ki, Fransa Senatının qətnaməsi hüquqi cəhətdən absurddur: "Çünki Azərbaycan öz ərazisində yerləşən qoşunlarını geriyə çəkməyəcək. Yaxşı olar ki, Fransa Sarbonna Universitetindən Hüquq fakültəsinin tələbəsini dəvət etsin. O tələbə izah etsin ki, həmin qətnamə hüquqi cəhətdən mənasız sənəddir". T.Gəncəliyev qeyd edib ki, Fransa xarici siyasətini müəyyən edən insanlar Azərbaycanla münasibətləri düzgün nəzərdən keçirməlidir: "Özünü yeni "Napoleon" hesab edənlər tarixə diqqətlə baxmalı və demokratik çıxış etməlidir: “Fransanın Azərbaycana qarşı çıxışı beynəlxalq hüquqa ziddir. Onlar bir daha sübut etdilər ki, ermənipərəst mövqedən vaz keçməyəcəklər”.
"Fransa parlamentinə Şuşadan cavab verməliyik"
Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib ki, Vətən müharibəsi təkcə hərbi meydanda deyil, həm də dövlətlərin siyasi simasını açdığına görə böyük qələbədir. Fransa Senatının qərarı da 2020-ci ilin noyabrın 25-də Qarabağı tanımağa çağıranların 44 günlük müharibədəki məğlubiyyətidir: "Qətnamənin preambulasında BMT Nizamnaməsinə istinad olunur. Baxın, dünya təhlükəsizliyinə cavabdehlik daşıyanlar millətləri necə birləşdirir? Senatın qərarında ikinci bənd Türkiyədən qorxunu nümayiş etdirir. Yunanıstanda olduğu kimi, Ermənistanla sərhədlərə qoşun yığıb, Gümrüdən Rusiya hərbi qüvvələrini çıxarıb Qafqazı tutmaq istəyirlər. Xalqımız bilməlidir ki, dünən Fransa Senatında qərar çıxaranlar İstanbulun mərkəzində qanlı terrorun sifarişçiləri ilə eyni qüvvələrdir. Siz Şarli Hebdo qətlindən sonra Parisdə çiyin-çiyinə dayanan dövlətləri Türkiyə və Azərbaycanla bir sırada görməzsiniz. Lakin o qətnamələr Vətən müharibəsinin nəticələrini dəyişmir, əksinə, erməni xalqına növbəti zərbədir. Çünki ondan yalnız bir ovuc siyasi avantüristlər fayda götürür. Çıxış yolu səfirliyə hücum etmək, yumurta və pomidor atəşinə əl atmaq deyil. Ərzağa heyifdir. "Total" şirkətini Abşeron yatağından qovmaq da ölkəmizin iqtisadi izolyasiyasını istəyənlərin xeyrinədir. Əksinə, kampaniyanın resurslarını Avropaya və Fransa elitasına qarşı yönəltmək gərəkdir. Biz Fransa parlamentinə Şuşada yeni bəyannamələrlə cavab verməliyik”.
“Bu qətnamə Fransanın Azərbaycana qarşı qeyri-səmimi, riyakar və qərəzli olduğunu göstərir”
Deputat Aydın Hüseynov deyib ki, Fransa Senatında qəbul edilmiş qətnamə Fransanın ermənipərəst mövqeyinin sübutudur: “Hər nə qədər vasitəçilik təşəbbüsləri göstərən kimi görünmək istəsə də, bu ölkə hər zaman Ermənistanı dəstəkləyib. Senatın qəbul etdiyi qətnamə isə nəinki Ermənistanı dəstəkləməkdir, bütün beynəlxalq hüquq və prinsiplərə ziddir. Başdan-ayağa böhtan və iftiralarla dolu qətnamədə birmənalı şəkildə Azərbaycana qarşı düşmən münasibət var. Azərbaycana Ermənistan torpaqlarından geri çəkilmək, Laçın dəhlizindən çıxmaq kimi çağırışlar, qondarma DQR-in tanınması kimi cəfəng fikirlərdən ibarət bu kağız parçası Fransanın həqiqi simasını göstərir”. Deputat vurğulayıb ki, qətnamə həm də Azərbaycanın daxili işinə müdaxilədir: “Qarabağın erməni əhalisinin hüquqları Azərbaycanın daxili məsələsidir. Tarixi qara ləkələrlə dolu olan bir ölkənin Azərbaycanla bağlı belə absurd ittihamlar irəli sürməsi də ironik və gülüncdür. Fransa öz tarixinə nəzər salsın. 50-dən artıq dövlətin ərazisini işğal etmiş bu müstəmləkəçi ölkə işğal etdiyi ölkələrdə yaşayan milyonlarla insanı qətlə yetirib, soyqırımı törədib, həmin əraziləri talan edib”. Deputatın sözlərinə görə, o qədər də uzaq olmayan qanlı tarixini unudan Fransanın başqalarına humanizm, demokratiya, hüquq dərsi keçməyə haqqı yoxdur: “Bütün bunlara baxmayaraq, bu ölkənin hələ də vasitəçilik iddiası yumşaq desək, həyasızlıqdır. Fransa bu qətnamə ilə bütün vasitəçilik imkanlarını itirdi. Bu kağız parçasının bir hüquqi qüvvəsi olmasa da, Ermənistandakı revanşistləri və separatçıları cəsarətləndirməyə və məsələnin yenidən hərbi müstəviyə keçməsinə xidmət edir. Halbuki, bu ölkənin prezidenti Emmanuel Makron qətnamə qəbul edilməmişdən əvvəl Azərbaycan prezidentinə zəng edərək “tərəfsiz vasitəçilikdən”, Fransanın Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə “töhfə vermək istəyindən” danışmışdı. Bu, bir daha Fransanın Azərbaycana qarşı qeyri-səmimi, riyakar və qərəzli olduğunu göstərir”.
"Fransadakı səfirimiz geri çağırılsın..."
Deputat Fəzail Ağamalı Azərbaycanın Fransadakı səfirinin geri çağırılmasını təklif edib. O bildirib ki, Fransanın son vaxtlar Azərbaycana qarşı tutmuş olduğu qərəzli mövqe xalqımız tərəfindən etirazla qarşılanır: “Bu qətnamə Makronun bir müddət əvvəl Fransa telekanallarından birinə müsahibəsinin davamı kimi qiymətləndirilməlidir. Qətnamədə Azərbaycana embarqo qoyulması təklif edilir. Əslində Senat və Makron Avropa İttifaqı daxilində separatizmin əsasını qoyurlar. Çünki Avropa İttifaqı və Azərbaycan arasında enerji ixracı ilə bağlı strateji sənəd bu il imzalanıb. Fransa Senatı qətnamədə bizə qarşı absurd, qərəzli mövqe ortaya qoymaqdan çəkinmir, utanmır. Ərazi bütövlüyümüzə qəsd edən Ermənistanın yanında olduğunu Fransa birmənalı şəkildə ifadə edir. Belə faktlar çoxdur, Makronun dövründə bu faktlar daha çox artıb. Bu gün Makron və Fransa UNESCO-ya da təsir göstərir və Azərbaycana qarşı mövqe ortaya qoyur. UNESCO-nun tarixində olmayan addımı Azərbaycanın birinci xanımı Mehriban Əliyeva dünən atdı. Təklif edirəm ki, bizim Fransa ilə münasibətlərimizə yenidən baxılsın, səfirimiz geri çağırılsın. Fransa ilə bizim diplomatik münasibətlərimizi davam etdirməyin mənası yoxdur”.