Müharibə anonsu: “Cəbhə xəttinə ən güclü bölmələr cəlb edilməlidir”

Dünən saat 17:45-dən 20:33-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə snayper tüfəngi, iriçaplı pulemyot və atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qarşı tərəf cavab atəşilə susdurulub.  Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Demək olar, son bir aydır düşmən provokasiyaları davam edir. Ermənistan “ipə- sapa yatmır”. Bu isə onun özünü daha çıxılmaz “labirintə” salır.

Hərbi ekspert İbrahim Rüstəmli baş verənləri “Sherg.az”a dəyərləndirdi:

“Kim müharibənin bitdiyini düşünsə, o, uduzacaq. Münaqişə başa çatmayıb. Bunu təsdiqləyən kifayət qədər fakt var. Silahlar susmur, itkilərimiz olur. Təxribatların arxasında erməni lobbisi, Ermənistana yaxın qüvvələr dayanır. Rusiya, ABŞ və Fransa regionda sabitliyin yaranmasını istəmirlər. Düşmən özü isə ordusu haqqında o qədər eyforik mənzərə yaratmışdı, xalqı o qədər aldatmışdı ki, indi nə etdiyini bilmir. 44 günlük müharibə bütün erməni miflərini darmadağın etdi. İndi erməni cəmiyyətində ciddi post-dramatik sindrom var. Özlərini aparıcı qüvvə kimi təqdim edən siyasətçilər isə xalqı özünə gətirməyə çalışırlar”.

İ. Rüstəmlinin fikrincə, Azərbaycan hər cür senariyə hazır olmalıdır:

“Rusiyanın, Fransanın bəyanatları artıq siqnal kimi qəbul edilməlidir. Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, Ermənistan ordusunun müasirləşdirilməsinə kömək edəcək. Prezident İlham Əliyevin dediyi kimi, bu, kimə, nəyə lazımdır? Burada təkcə hərbi-siyasi yox, həm də psixoloji-mənəvi məqamlar var. Ermənistan məğlubiyyətlə barışmaq istəmir. Biz otuz il sülh olduğu kimi, yenə də sülhün tərəfdarıyıq. Prezident İlham Əliyev və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan Ermənistanı dəfələrlə regional əməkdaşlığa çağırıblar. Amma İrəvan bunu istəmir. Deməli, yenə də Ali Baş Komandanın sözləri ilə desək, biz təkcə XXI əsrin deyil, XXII əsrin də savaşına hazır olmalıyıq. Qayda sadədir: müharibə istəmirsənsə, müharibəyə hazır olmalısan”.

Ekspert silahların yenidən işə düşmə ehtimalını istisna etmir:

“Ordumuzun hazırlıq səviyyəsi daim artırılmalıdır. Cəbhə xəttinə- əgər atışmalar gedirsə, ora belə adlandırılmalıdır- ən güclü bölmələr cəlb edilməlidir. Düşmən Azərbaycanın gücünü görməlidir. Əks halda sakitləşməyəcək. Dediyim kimi, biz sülhün tərəfdarıyıq. Amma İrəvanın başa düşdüyü yeganə dil güc dilidir. Lokal toqquşmalar hər an başlaya bilər. Siyasi bəyanatlar verilməlidir ki, sabah “Dəmir yumruq” işə düşəndə kimsə bizi ittiham etməyə haqq tapmasın”.