“Qalatasaray”ın baş məşqçisi Okan Buruk UEFA Çempionlar Liqasının ikinci turunda “Barselona” ilə keçiriləcək oyun öncəsi rəqibin gənc ulduzu Lamin Yamalı dayandırmaq üçün xüsusi planlarının olduğunu bildirib.
Sherg.az xəbər verir ki, türkiyəli mütəxəssis bu barədə "TNT Sports"a açıqlamasında danışıb.
Okan Buruk qarşılaşmada azarkeşlərin dəstəyinin böyük əhəmiyyət daşıyacağını vurğulayıb. O, “RAMS Park”da möhtəşəm atmosferin yaranacağına inandığını və komandasına güvəndiyini deyib.
“Azarkeşlərimiz “Barselona” ilə oyunda daha coşqulu olacaqlar. Onlar da, biz də bu qarşılaşma üçün çox həyəcanlıyıq. Bu, bizim üçün vacib gecələrdən biri olacaq. Komandama güvənirəm”, - Buruk bildirib.
Baş məşqçi ötən mövsüm “Liverpul” və “Yuventus”la oyunları xatırladaraq, “Qalatasaray”ın böyük rəqiblərlə mübarizə aparmaq təcrübəsinə malik olduğunu qeyd edib.
Lamin Yamalı necə dayandıracaqları ilə bağlı suala cavab verən Buruk deyib:
“O, möhtəşəm futbolçudur. Ancaq yalnız ona fokuslanaraq plan qursanız, işiniz çətinləşər. Biz Lamin Yamala qarşı deyil, “Barselona”ya qarşı oynayırıq. Bununla belə, onu dayandırmaq üçün bəzi planlarımız var”.
“Qalatasaray”ın uruqvaylı yarımmüdafiəçisi Lukas Torreyrа da rəqibi ətraflı təhlil etdiklərini bildirib. Onun sözlərinə görə, komanda müdafiədə düzgün oynamağa, uyğun məqamda isə hücuma keçməyə çalışacaq.
Torreyrа “Qalatasaray”ın böyük oyunlara alışdığını vurğulayaraq, klubun formasını hər qarşılaşmada sonadək müdafiə edəcəyini deyib.