PKK-nın layiqli cavabı veriləcək

Zəlzələni fürsət bilən terrorçuların Türkiyəni hədəf alacağı ehtimal edilirdi


  Türkiyədəki zəlzələni fürsət bilən düşmənlər qardaş ölkəyə qarşı təxribatlara başlayıblar. Ötən gün PKK/YPG terror qruplaşması Türkiyənin Öncüpınar sərhəd polis məntəqəsini ağır çaplı silahlarla atəşə tutub. Hücum Suriyanın Tel Rıfat bölgəsindən həyata keçirilib. Rəsmilərin açıqlamasına görə, terrorçu ünsürlər Ankaranın başının zəlzələyə qarışmasından yararlanaraq çirkin niyyətlərini həyata keçirmək istəyiblər: 

"Polis işçiləri arasında itki yoxdur. Terrorçulara adekvat cavab verilib”. Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev "Şərq"ə açıqlamasında bildirib ki, hər faciədə Türkiyənin düşmənləri dərhal işə düşürlər. Professorun sözlərinə görə, zəlzələni özləri üçün "göydəndüşmə fürsət" görən terrorçular və onların arxasındakı güclər qardaş ölkəni hədəf alıblar: "Türkiyədəki faciədən sevinəcək iki-üç ölkə varsa, onlardan biri İran, digəri Ermənistandır. İrəvan Tehrandan fərqli olaraq yalandan da olsa formal açıqlamalar verdi, "yardım" etməkdən danışdı. 

Ancaq İranın soyuq yanaşması ortadadır. Bir müddət əvvəl türklərin yaşadığı Xoyda baş vermiş zəlzələyə görə Türkiyənin köməyini rədd edən İrandan humanitar dəstək gözləmək əbəsdir. Zəlzələni fürsət bilən terrorçuların Türkiyəni hədəf alacağı ehtimal edilirdi. 

PKK-nın ASALA tərəfindən yarandığı bəllidir. Şübhəsiz, təlimatı xaricdəki havadarlarından alıblar. Lakin Ermənistanın bunu edəcək siyasi gücü yoxdur. PKK-nı hazırda ən çox dəstəkləyən dövlət İran və ABŞ-dir. Terrorçuları ağır bir fəlakət zamanı meydana sürmək ancaq onların işinə yarayar. 

Bu təxribat heç bir ölkəyə baş ucalığı gətirməz. Türkiyə Silahlı Qüvvələri daim güclü və qüdrətlidir. Əmin olun, həm PKK-nın layiqli cavabı veriləcək, həm də himayədar ölkələrdən hesab sorulacaq".