Azərbaycanda psixoloqa müraciət edən ən çox valideynlərdir
"İsrar edirik ki əgər bir insanın psixi durumu pozulubsa, o cəmiyyət arasında olmamalıdır, xüsusi müəssisəyə yerləşdirilməli və müalicə almalıdır"
Dünyada hər 8 nəfərdən birində psixi problem var. Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edir ki, psixi pozuntusu olan insanların sayı milyardı ötür. ÜST-ün məlumatına görə, anksiyete (qorxu, narahatlıq, sıxıntı) və depressiya (ümidsizlik) dünyada əlilliyin əsas səbəbləri olaraq qalmaqdadır.
Bu günlərdə Mingəçevir şəhərində bədbəxt hadisə baş verib. İki nəfər arasında yaranmış mübahisə zamanı tərəflərdən biri digərinin üzərinə spirt tökərək onu yandırıb. Nəticədə 1980-ci il təvəllüdlü Zaur Nəbiyev müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Onun üzərinə spirt tökən şəxsin isə psixi problemləri olduğu bildirilir. Polis əməkdaşları tərəfindən əməli törədən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.
Psixoloq Elmir Əkbər “Sherg.az”a açıqlamasında bildirdi ki, psixi pozğunluqlara səbəb olan amillər çoxdur: 
- Son illərdə gənclər arasında intiharlar artır. Əsas səbəblərdın biri psixoloji gərginlikdir. İnsanlar bundan azad ola bilmir. Niyə? Səbəblər çoxdur. Yüksək gəlirli ölkələrdə psixoloji dəstəyə ehtiyacı olanların 50 faizdən çoxu psixoz vəziyyət (şüurun kəskin “buludlanması”, reallıqla əlaqənin itirilməsi) üçün yardım alır, yoxsul ölkələrdə isə bu cür yardım alanlar 10 faizdən azdır. Ölkələr orta hesabla sağlamlıq büdcələrinin təxminən 2 faizini psixi sağlamlığa xərcləyirlər. Lakin maliyyə çatışmazlığı yaşanan ölkələrdə bunu etmək mümkün olmur. Ölkəmizdə son illərdə sağlamlıq mərkəzlərinin sayı artsa da, insanlarımız hələ də psixoloqa müraciət etməkdən yayınır. Ən çox müraciət edən valideynlərdir, hansı övladlarında autizm müşahidə olunur, ya da uşaqlarını loqopedə aparırlar. İnsaların böyük əksəriyyəti psixi gərginlik içində olsa da bunun fərqinə varmır, adi hal, əsəb, sterss hesab edərək həyatlarına davam edirlər. Lakin hardasa, nə vaxtsa psixi gərginlik partlayışa səbəb olur. Psixoloji gərginlikdən xilas olmaq üçün daimi fiziki fəaliyyət, sosial əlaqələrin saxlanması, normal yuxu rejimi, doğmalarla ünsiyyət, gəzintilər, təklikdən çıxıb sosial çevrələr əhatəsində olmaq mütləqdir. Bəzən insanlar depressiya, narahatlıq və ya digər çətin emosiyaların öhdəsindən uzun müddət gələ bilmir, ruh düşkünlüyü yaranır, amma peşəkar yardım almaqdan çəkinrlər. ÜST-ün xəbərdarlığında, əslində yenilik yoxdur. Təsvir olunan vəziyyətlə cəmiyyətdə hər gün qarşılaşırıq. Adicə ictimai nəqliyyatda insanların əsəbi, narahat durumda olduqlarını görmək mümkündür. Bir çox insanların simasından yorğunluq yağır. Bu, fiziki əməkdən yaranan yorğunluq olsa, bir stəkan çay və ailə üzvləri, dostlarla səmimi ortamda edilən söhbət onu aradan qaldırmağa qadirdir. Amma fiziki yorğunluq deyil bu. Psixi yorğunluqdur. Ünsiyyətdən kənarda qalmaq, tədricən özünə qapanmaq, kimsəyə etibar etməmək, sonunda “həyat yaman etibarsızmış”, nəticəsinə gələrək depressiv vəziyyətə düşürür insanları. Belədə insanın nə qəlbi gülür, nə də üzü. Depressiya elə budur. Hansı ki, təəssüf, intiharla da nəticələnə bilir.
Psixo-terapevt qeyd etdi ki, Mingəçevirdə baş vermiş hadisədə cinayəti törədənin həqiqətən də psixi pozğunluqlarının olub-olmadığına dair dəqiq müayinə aparılmalı olduğunu dedi:
- Biz hər zaman deyirik, israr edirik ki əgər bir insanın psixi durumu pozulubsa, o cəmiyyət arasında olmamalıdır, xüsusi müəssisəyə yerləşdirilməli və müalicə almalıdır. Bu cür insanların cəmiyyət arasında olması bədbəxt hadisələrə, faciələrə gətirib çıxarır. Belə insanlar həm başqalarına zərər verə bilər, həm də özlərinə. Bu insanların psixi durumu ətraflı yoxlanmalıdır, əgər onlar təhlükə daşıyırlarsa, cəmiyyətdən təcrid edilməlidirlər.