Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb
Prezident İlham Əliyevin müharibə əlillərinə xüsusi qayğısını əks etdirən növbəti sosial dəstək proqramına start verilib. Nazirlər Kabinetinin yeni təsdiq etdiyi Qaydaya uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb. Mövcud qərara əsasən, 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına, vəfat edənlərin isə vərəsələrinə müvafiq məbləğdə birdəfəlik ödəmələr veriləcək.
Birinci dərəcə əlilliyə görə, veteranlara və ya onların ailələrinə 8 min 800 manat vəsait ödəniləcək. İkinci qrup əlilliyə görə 6 min 600 manat, üçüncü dərəcə əlilliyə görə isə 4 min 400 manat pul veriləcək. Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmənin verilməsi ilə bağlı qərar Prezident İlham Əliyevin hərbi qulluqçulara verdiyi diqqət və qayğının növbəti təzahürüdür. Hökumət rəsmisi qeyd edib ki, bu məqsədlə 2022-ci ilin dövlət büdcəsində təxminən 100 milyon manat vəsait ayrılıb.
Qərarı “Şərq”ə dəyərləndirən Milli Həmrəylik Partiyasının sədri, Birinci Qarabağ müharibəsinin iştirakçısı Əlisahib Hüseynov Birinci Qarabağ müharibəsində sağlamlığını itirmiş şəxslərə birdəfəlik ödənişlərin edilməsini birmənalı olaraq müsbət addım kimi dəyərləndirib. O deyib ki, Birinci Qarabağ müharibəsi əlilləri çoxdan gözləyirdilər:
“Partiya sədri kimi Birinci Qarabağ müharibəsinin iştirakçıları tərəfindən bununla bağlı dəfələrlə müraciətlər olub. Onları həmişə əmin edirdim ki, dövlətimiz sizi unutmayıb, bu ödəmələr sizin halal haqqınızdır və mütləq veriləcək.
Gördüyünüz kimi biz bu gün artıq bu prosesin şahidləriyik. Dövlət başçımız uzun müddətdir ki, problemə çevrilmiş 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara və daxili işlər orqanları əməkdaşlarına sığorta pullarının verilməsi məsələsini “Birdəfəlik ödəmə” yolu ilə həll etdi.
Bu da problemin ən optimal çözüm yolu hesab oluna bilər. Odur ki, qazilərimiz də bunu yüksək qiymətləndirirlər. Bu, Prezident İlham Əliyevin qazilərə qarşı humanist yanaşmasının, müharibə iştirakçılarına diqqət və qayğısının əyani göstəricisidir. Mən Milli Həmrəylik Partiyasının sədri və Birinci Qarabağ müharibəsinin iştirakçısı kimi həm öz adımdan, həm də veteranlarımız, qazilərimiz adından bu humanitar addıma görə cənab Prezidentə təşəkkür edirəm. Bu addım çox sayda insanlarımızın sevincinə səbəb olacaq.
Bu cür xoş mərama əsaslanan qərarlar, humanist yanaşmalar həm də ölkədə milli həmrəyliyin daha da möhkəmlənməsinə zəmin yaradır”.