Qərbi Azərbaycana qayıdış təkcə Qərbi azərbaycanlıların məsələsi deyil 

Bütövlükdə Azərbaycan xalqının indiki mərhələdə qarşısına qoyduğu mühüm məqsədlərdən biridir

  “Qərbi Azərbaycandan etnik təmizləmə, soyqırımıları nəticəsində qovulmuş, sıxışdırılıb çıxarılmış, deportasiya olunmuş soydaşlarımızın qeydiyyatının aparılması vacib və ümummilli məsələdir. Təəssüf ki, uzun illər bu iş lazımi səviyyədə aparılmayıb". Bunu Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, deputat Əziz Ələkbərli bildirib. Sədr deyib ki, Qərbi Azərbaycan İcması yaranan gündən bu məsələni önə çəkib: "İnsan haqları üzrə təməl hüquqları pozulan insanların hüquqlarını tələb ediriksə, ilk növbədə onların dəqiq siyahısı ortada olmalıdır. Biz bu siyahıyaalmaya sonuncu deportasiyadan - 1987-1991-ci illər hadisələrindən başlamışıq. 

Hazırda biz siyahıyaalmanı 300-ə yaxın yaşayış məntəqəsi üzrə tamamlamaqdayıq. Söhbət 300 min nəfərə yaxın insandan gedir”. İcma sədrinin sözlərinə görə, faktlar əsasında arayışlar hazırlanır: “Qərbi Azərbaycan İcmasında 1987-1991-ci illər deportasiyası zamanı indiki Ermənistan ərazisində ermənilər tərəfindən öldürülmüş, döyülmüş, şikəst edilmiş, evi, əmlakı talanmış, yandırılmış, bir sözlə, fiziki, maddi və mənəvi təzyiqə məruz qalmış insanlarımızın siyahıları üzrə dəqiqləşdirmələr aparılır və şahid ifadələri, sənədlər əsasında arayışlar hazırlanır. Təbii ki, biz bununla kifayətlənən deyilik, təkcə sonuncu deportasiya zamanı yox, son 200 il ərzində Qərbi Azərbaycanda soydaşlarımız etnik təmizləməyə məruz qalıb. Bununla bərabər mədəni irsimiz mənimsənilib və ya məhv edilib. Təkcə son yüz ildə dörd dəfə kütləvi deportasiya və soyqırımına, bütün əsr boyu isə etnik təzyiqlərə və köçlərə məruz qalmışıq. Bunların hamısının dəqiq qeydiyyatı aparılır və Ermənistandan hesabı soruşulacaq. Tarixi ədalətin bərpa olunmasının zamanı gəlib”.

  İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev "Şərq"ə açıqlamasında deyib ki, Vətən müharibəsində əldə etdiyimiz qələbədən sonra Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və nəhayət, Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıtması üçün şərtlər formalaşdı. Birlik rəhbəri qeyd edib ki, icmanın yenidən təşkilatlanması, Azərbaycan Qaçqınlar Cəmiyyətinin bazasında yeni Qərbi Azərbaycan İcmasının yaradılması və bu prosesin sürətlənməsi hazırda regionumuzda Ermənistan-Azərbaycan münasibətlərində baş verən yeni keyfiyyət dəyişikliyi ilə bağlıdır: 

"İcmanın qarşısında duran vəzifələr məlumdur və bu vəzifələr Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcması nümayəndələri ilə görüşündə birbaşa ölkə başçısı tərəfindən səsləndirilib. İlk vəzifə Qərbi Azərbaycan icmasının bundan sonra mütəşəkkil şəkildə fəaliyyət göstərməsi ilə bağlıdır və bu, olduqca önəmli məsələdir. Prezidentin də dediyi kimi, İcma bir neçə istiqamət üzrə öz işini davam etdirməlidir. Həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə addımlar atılmalıdır. Həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına ciddi ehtiyac var. Beynəlxalq ictimai rəyin formalaşdırılması beynəlxalq konvensiyalarda təsbit olunmuş hüquqularımızın tələb olunması baxımından xüsusi önəm daşıyır. Qərbi azərbaycanlıların qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmasını, onların mülkiyyət hüququnun bərpa olunmasının və öz doğma torpaqlarına qayıtmasının vacibliyini bütün dünyaya çatdırmağa nail olmalıyıq. Beynəlxalq konvensiyalar bizə bu hüququ tanıyır. Buna nail olmaq üçün beynəlxalq müstəvidə daha fəal olmalıyıq".

  T.Musayev vurğulayıb ki, vacib məsələlərdən biri İcmanın rəqəmsal platformasının olmasıdr ki, Prezident də bu məsələ üzərində xüsusi olaraq dayanmışdı: 

"Bu platformada həm tarixi həqiqətlər, həm tarixi abidələrimiz, ermənilər tərəfindən dağıdılan şəhərlərmiz, Azərbaycan tarixi irsinin silinməsi ilə bağlı olan faktlar öz əksini tapmalıdır. Yəni siyasi və hüquqi tərəflərdən başqa, istənilən məsələdə bunun tarixi mahiyyəti də əhəmiyyət kəsb edir. Ona görə İcmanın qarşısında duran əsas vəzifələrdən biri bu olmalıdır. Faktların ümumiləşdirilməsi və Qərbi Azərbaycanda əcdadlarımızın qurub-yaratdığı irsimizin dağıdılması ilə əlaqədar UNESKO, İSESKO kimi təşkilatlara davamlı müraciətlərin edilməsi vacibdir. Təbii ki, bütün bu sadalananlarla yanaşı hüquqi müstəvidə də xeyli işlər görülməlidir. Beynəlxalq hüquqşünasların iştirakı ilə Qayıdışla bağlı çoxsaylı sənədlər hazırlanmalıdır".

  Təşkilat sədrinin sözlərinə görə, daha bir vacib məsələ regional strukturların formalaşdırılmasıdır:

"Müxtəlif tarixi mərhələlərdə 1918-21, 1948-53, 1987-91-ci illərdə Qərbi Azərbaycandan qovulmuş azərbaycanlılar müxtəlif rayonlarda məskunlaşıblar. Onların kompakt yaşadığı rayonlar da var. Ona görə də Qərbi Azərbaycan İcmasının yerli strukturlarının yaradılmasına ehtiyac var. Qərbi Azərbaycan İcması bu istiqamətlərin bir qismi ilə bağlı artıq konkret fəaliyyətə başlayıb və çalışmaq lazımdır ki, işlər daha da sürətlənsin. Onu da qeyd edim ki, Qərbi Azərbaycana qayıdış təkcə Qərbi azərbaycanlıların məsələsi deyil. Bütövlükdə Azərbaycan xalqının indiki mərhələdə qarşısına qoyduğu mühüm məqsədlərdən biridir. Ona görə də bu məsələ ümumxalq məsələsi olmalıdır. Vaxtilə Qarabağa qayıtmaq üçün xalq olaraq vahid yumruq halında fəaliyyət göstəriridiksə, indi Qərbi Azərbaycana qayıtmaq üçün eyni şeyi etməliyik".