Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin videokonfrans formatında birgə iclasında İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə edilib. Dəyişikliyə görə süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış foto, video və ya audio materialların müvafiq nişanlanma olmadan yayılmasına görə cərimə tətbiq ediləcək.
Foto, video və ya audio materialların süni intellekt texnologiyalarından istifadə edilməklə hazırlandığını bilə-bilə həmin materialların belə texnologiyalar vasitəsilə hazırlandığını aydın şəkildə göstərən və asanlıqla görünən nişanlanma olmadan mediada, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayılmasına görə 80 manatdan 150 manatadək məbləğdə cərimə ediləcək. Burada “nişanlanma” dedikdə foto, video və ya audio materialların hazırlandığı süni intellekt texnologiyalarının avtomatik verdiyi, habelə həmin materiallara əlavə edilən vizual, səsli və ya mətn əsaslı işarələnmə başa düşüləcək.
Multimedia Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz “Sherga.az”a açıqlamasında bildirdi ki, qanunvericiliyə təklif olunan dəyişikliyə görə süni intellekt vasitəsilə hazırlanmış foto, video və audiomateriallar yayılan zaman onların süni intellektlə hazırlandığı açıq şəkildə işarələnməlidir. Bu tələbi pozanlar cərimələnəcək:
- Daha ciddi məsələ isə deepfake-lərlə bağlıdır. Şəxsin razılığı olmadan onun səsi və ya görüntüsü əsasında süni intellektlə saxta material hazırlamaq və yaymaq cinayət hesab ediləcək. Xüsusilə pornoqrafik və ya seksual xarakterli deepfake materialların hazırlanması və yayılması üçün 3 ildən 7 ilədək həbs cəzası nəzərdə tutulur. Əslində bu təşəbbüs təsadüfi deyil. Son illərdə süni intellekt texnologiyalarının inkişafı ilə birlikdə deepfake manipulyasiyaları, reputasiya hücumları və xüsusilə seksual şantaj halları dünyada ciddi problemə çevrilib. Xüsusən də porno ilə bağlı sərt yanaşmalar tətbiq edilir. Bir çox ölkələr artıq bu risklərə qarşı hüquqi mexanizmlər qurmağa başlayıblar. Bu baxımdan belə addımlar şəxsi həyatın, ictimai nüfuzun və informasiya təhlükəsizliyinin qorunması üçün zəruridir. Amma burada incə bir məqam da var. Süni intellektlə hazırlanmış materialların işarələnməsi media mühitində şəffaflıq yaratsa da, bunun tətbiqi mexanizmi problemlər yarada bilər. Əgər bu prose düzgün qurulmasa, xəbər istehsalı və informasiya mübadiləsi üçün əlavə hüquqi riskləri yarada bilər. Süni intellektlə hazırlanmış şəkil necə sübut olunacaq, hansı səviyyədə istifadə olunanda işarələnmə tələb olunacaq, əlavə alətlərdən də istifadəe dilsə necə qiymətləndiriləcək?
O.Gündüz qeyd etdi ki, yeni dəyişikliklərin tətbiqində təcrübələrin olmadığı bir halda məmurlar tərəfindən əlavə bürokratik əngəllər yarana bilər:
- Yəni əsas məsələ yalnız cəzaların sərtliyi deyil, qanunun necə tətbiq olunacağıdır. Çünki süni intellekt texnologiyaları sürətlə yayılır və yaxın illərdə media, kommunikasiya və yaradıcı sənayenin böyük hissəsi bu alətlərdən daha çox istifadə edəcək. Kimlər bundan yararlanmayacaqsa rəqabətə tab gətirə bilməyəcək. Bu səbəbdən yeni hüquqi yanaşmalar hazırlanarkən iki məqsəd paralel qorunmalıdır. Həm vətəndaşların hüquqları və reputasiyası qorunmalıdr, digər tərəfdən isə innovasiya, yaradıcılıq və açıq informasiya istehsalına, xəbər istehsal edən qurumlara maneçilik yaradılmamalıdır.