İtaliya və Çin şirkətləri Azərbaycanın enerji siyasətinə dəstək olacaqlar
"Fevralın 13-də Mingəçevirdə müstəqillik dövrünün ən böyük(1280 MVt-lıq) İstilik Elektrik Stansiyasının təməli qoyuldu. Bu elektrik stansiyasının tikintisində ən çox diqqətimi çəkən İkinci Qarabağ savaşı zamanı və sonrakı dönəmdə bizə yanaşmada dostca davranan iki ölkənin - Çin və İtaliyanın şirkətlərinin orada yer almasıdır". Bu barədə millət vəkili Sahıb Alıyev deyib. Deputat bildirib ki, sözügedən ölkələrin şirkətləri təkcə ona görə bu tikintiyə cəlb edilməyiblər ki, Azərbaycanın enerji potensialının artmasına töhfə versinlər. Çin və İtaliya şirkətlərinə həm də ona görə üstünlük verilib ki, torpaqlarımızın hər qarışı üzərində enerjili siyasət yeritməkdə bizə dəstək olsunlar: "Bu, qlobal müstəvidə, yaxud da Avropada Azərbaycanın qarşısını kəsmək istəyən, regionda sülhün yaranmasını əngəlləməyə çalışanlara bir növ asimmetrik cavabdır. Erməni diasporunun təsiri altında siyasət yeritdiyi, yoxsa onlardan öz imperilalist maraqlarının təmini üçün faydalanmağa cəhd etdiyi elə də aydın olmayan Fransanın Avropa Birliyində əleyhimizə "at oynatmaması" üçün bizim orada tərəfdaşlara ehtyacımız var. Onlardan da biri İtaliyadır. “Gülüstan” sarayında keçirilən tədbirdə dövlət başçısının da vurğuladığı kimi, cəmi bir ay ərzində İtaliyanın yeni kabinetinin 3 üzvü Azərbaycanda səfərdə olub. Onların sırasında birinci müdafiə nazirinin adının çəkilməsi yəqin təsadüfi deyil. İtaliyanın energetika, eləcə də bu təməlqoyma törəninə qatılmaq üçün gələn şirkətlər və “Made in Italy” nazirlərinin Azərbaycana səfərlərinin nə ilə bağlı olduğu aydındır. Biz İtaliya şirkətlərini işğaldan azad olunan torpaqlarımızda gedən infrastruktur quruculuğuna geniş şəkildə cəlb etmşik. Çox ehtimal ki, adı birinci çəkilən İtaliya rəsmisinin, yəni müdafiə nazirinin Azərbaycana səfərində də məqsəd qarşılıqlı əməkdaşlıqdır. Özü də bu əməkdaşlıq təkcə hərbi potensialımızın artmasında yox, həm də hərbi sənaye kompleksimizin Avropa texnologiyası tətbiq etməklə genişlənməsində mühüm rol oynaya bilər".
Parlament üzvü xatırladıb ki, Prezident İlham Əliyev Azərbayanın hərbi sənaye kompleksinin daha çox ixracyönlü məhsullar buraxacağını və bunun üçün hazırlıqlar getdiyini açıqlamışdı: "Hərbi sənaye kompleksimizin genişləndirilməsində əməkdaşlıq etdiyimiz və edəcəyimiz ölkələrin ilk üçlüyündə Türkiyə, İsraillə yanaşı, görünür, dost İtaliya da olacaq. Çinlə də digər sahələrdə əməkdaşlığımızın gücləndiriləcəyini düşünürəm və bu, qlobal mahiyyət daşıyan bir strategiyadır. Dünya heç də birqütblü olmadığı kimi, hansısa qlobal oyunçunun bizim regionda düşmən gözündə gördüyü İranın yeritdiyi siyasətə bənzər siyasət yeritməsinə Azərbaycan göz yuma bilməz. Yeri gəlmişkən, Hindistanın İranla birgə hərəkət edərək Ermənistana hərbi dəstək verməsi ancaq öz istəyidir və asılı olduğu gücdən bunun izni alınmayıb".