Türkiyədə yeni siyasi xətt formalaşır? -RƏYLƏR

Millətçilikdən ümmətçiliyə doğru dönüş və onun regiona təsiri genişlənir


Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun Şah İsmayıl Xətai barədə açıqlaması ictimai çevrələrdə yenidən müzakirələrə səbəb olub. Parlament rəhbəri deyib ki, Anadolu torpaqlarını başdan ayağa zülmlə inildədən Şah İsmayıla qarşı Yavuz Sultan Səlim və İdris-i Bitlisi arasında qurulan ittifaq, bu torpaqlarda müsəlman icmaların birgə yaşamasına şərait yaradıb. Kurtulmuşun bu fikirləri müxtəlif tarixçi və ictimai dairələrdə mübahisəli qarşılanıb. Sosial şəbəkələrdə və media platformalarında çıxışa münasibətlər birmənalı olmayıb. Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bir neçə gün əvvəl Şah İsmayıl Xətai və Əmir Teymur haqqında sərt ifadələr işlətmişdi. 

Yazıçı-dramaturq, publisist Elçin Hüseynbəyli də Şah İsmayıl söhbətinə münasibət bildirib. Yazar vurğulayıb ki, Şah Abbas romanı yazıb və məsələdən yetərincə məlumatlıdır:
 "Şübhəsiz, Osmanlı-Səfəvi qarşıdurması sünni-şiə davasından qaynaqlanır. Hətta Birinci Təhmasiblə imzalanan Amasiya müqaviləsində də qarşılıqlı təhqirlərdən vaz keçməklə bağlı bənd var. Dünyada imperiyalar çox olub və zaman-zaman müxtəlif ölkələrə parçalanıb. Roma imperiyası buna sübutdur. Söhbəti uzatmaq istəmirəm. Amma nəzərə alın ki, həmin dövr təkcə Şərqdə yox, Qərbdə də məzhəb müharibələri gedirdi. Katoliklər protestantlara qarşı və s. Amma keçmiş keçmişdə də qalmalıdır. İndi çağdaş zamanda yaşayırıq, dostumuz, düşmənimiz də bəllidir. Bizə ayrıcılıq yox, birlik lazımdır. Həmfikirlərimi dəstəkləyirəm: Azərbaycan və Türkiyə aydınları bir araya gəlib, bu məsələni çözməli və təfriqə yaradacaq bəyanatlara son qoymağa çalışmalıdırlar. "Türkün türkdən başqa dostu yoxdur" deyirik, amma "türkün türkdən başqa düşməni yoxdur" deməyək. Çalxalanan, türkə düşmən gözü ilə baxılan dünyada ehtiyatlı və ayıq olmaq mühümdür!". 

Tanınmış yazar Kənan Rövşənoğlu da vurğulayıb ki, Türkiyədə təxminən 10 ildir davam edən millətçilik xətti yenidən öz yerini ümmətçiliyə verir:
 "Ərdoğan yenidən üzünü Mərkəzi Asiya deyil, Yaxın Şərqə, ümmət faktoruna çevirir. Necə ki, 2016-cı ilə qədər də elə idi. Fikir verirsinizsə, Numan Kurtulmuş da AKP içərisindəki "Milli Görüş", yəni islamçı xətti təmsil edir. AKP daxilində millətçi və ümmətçi qrup arasında uzun müddətdir mübarizə gedirdi. Artıq Türkiyə yenidən üzünü Yaxın Şərqə çevirib, Suriya və İraqda yeni rol alır, Afrikada fəallaşır. Turan ideyası isə zəifləyir. Yeri gəlmişkən, keçən ay Kipr və Orta Asiya qalmaqalının cavabını da burada axtarmaq lazımdır. Mənə elə gəlir ki, son aylarda Dövlət Baxçalı və Ərdoğan arasında çox incə şəkildə soyuqlaşma da sezilir. Yaxın Şərqdə Türkiyə hökumətinin işləri çoxdur. Suriya artıq rəsmi olaraq Türkiyənin mandatına verilib. İraqda da böyük nəqliyyat layihəsi həyata keçirilir. Orta Asiyanı isə Çin və Rusiya çoxdan ələ keçirib. Orada güclü rəqiblərlə savaşmaq Ankaraya nəsə vermir".

Araşdırmaçı-jurnalist Bəybala Mirzəyev hesab edir ki, Türkiyə liderinin Çaldıran döyüşü ilə bağlı narazılıq doğuran ifadələri bir daha göstərdi ki, tarix həddindən artıq təhlükəli silahdır: 
"Odur ki, dövlət başçıları, siyasi liderlər tarixi məsələləri dərindən bilməli, lakin heç vaxt "tarixçi"lik azarına yoluxmamalıdırlar. Bu və ya digər tarixi hadisə ilə bağlı birtərəfli və qızışdırıcı hökmlər verməməlidirlər. Ümumiyyətlə, tarixi mövzularda danışmağı çox sevən dünya liderləri arasında yalnız ABŞ-nin sabiq prezidenti olmuş Teodor Ruzvelt əsl peşəkar tarixçilər kimi doğru-düzgün fikirlər səsləndirməyi bacarıb və hətta tarixi mövzularda akademik səpkidə kitablar da yazıb. Təəssüf ki, böyük dəyər verdiyimiz, gerçəkdən sayğı duyduğumuz lider Rəcəb Tayyib Ərdoğanın "Çaldıran döyüşü türk, kürd və ərəblərin ortaq zəfəridir" sözləri İran, Rusiya, Qərbdəki türk düşmənləri üçün fürsət yaradır. Ərdoğanın müşavirləri, köməkçiləri çıxış mətnini hazırlayarkən tarixi mövzulara xüsusi həssaslıqla, diqqətlə yanaşmalıdırlar. Müşahidələr isə onu göstərir ki, bu gün nə Türkiyə, nə də Türküstanın (Mərkəzi Asiya) türk dövlətləri Türk dünyasının inteqrasiya, birlik, birləşdiricilik lokomotivi, aparıcı gücü olmağa hazır deyil. Bu mübarək yük, bu şərəfli missiya da məhz Azərbaycanın üzərinə düşür".