Vətənin general oğlu

Zəfərə gedən yol

Heydər Əliyev hakimiyyətə gələn gündən ordu quruculuğuna prioritet istiqamət verdi

  Ulu Öndər Heydər Əliyevin Azərbaycanın sosial-iqtisadi, siyasi, hərbi və mədəni yüksəlişi üçün həyata keçirdiyi tədbirlər, milli şüurun oyanışı istiqamətində gördüyü böyük işlər olmasaydı, bu gün Azərbaycanın müstəqil xəttə malik suveren dövlət kimi mövcudluğundan danışa bilməzdik. Milli maraqları daim hər şeydən üstün tutan Ulu Öndər Azərbaycan dövlətçiliyinin dönməzliyini və əbədiliyini təmin etdi. Bununla yanaşı, Azərbaycanın qarşılaşa biləcəyi çətinlikləri əvvəlcədən duyan Ümummilli Lider zamanı qabaqlayaraq, ölkənin davamlı inkişafı, dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi istiqamətində böyük işlər gördü. Azərbaycanın strateji maraqlarının təmin edilməsi üçün zəruri və qəti addımlar atdı.

Məlumdur ki, ordu dövlətin suverenliyi və ərazi bütövlüyünü təmin etmək üçün əsas qüvvə olaraq dövlət quruculuğunun tərkib hissələrindən biridir. Silahlı Qüvvələrimizin mövcudluğu və şərəfli tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Çünki bugünkü Azərbaycan Ordusunun qurulması, inkişafı, möhkəmlənməsi Heydər Əliyevin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir. 

Böyük şəxsiyyətin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən biri də müasir Azərbaycan Ordusunun memarı olmasıdır. Heydər Əliyevi daim yaşadacaq amillərdən biri də onun ordu quruculuğu sahəsində hər zaman öyrənilməsinə ehtiyac olacaq, izləniləcək, nəsillərdən-nəsillərə ötürüləcək zəngin irsidir. Müasir Azərbaycan dövlət müstəqilliyinin bərpasına 1991-ci ildə nail olsa da, vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil ordunun yaradılması Ümummilli Liderin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Hakimiyyətdə olduğu illərdə Ümummilli Lider Azərbaycan Ordusunu və onun formalaşması prosesini diqqət mərkəzində saxladı. Milli ordu quruculuğu sahəsində Heydər Əliyev irsinin təməli sovetlər dövründə qoyulub. Sovet illərində Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi vaxtlar hərbi xidmətə münasibətdə yeni bir baxış formalaşdırıldı. 

Bu istiqamətdə əməli-təşkilati işlərə vüsət verildi. Əgər Heydər Əliyevə qədər Azərbaycan gənclərinin hərbi xidmətə cəlb edilməsinə onların iki illik hərbi mükəlləfiyyəti kimi baxılırdısa, Heydər Əliyev respublikaya rəhbərlik etdiyi illərdə bu baxışları dəyişməyə müvəffəq oldu. Bunu bir ümumxalq vəzifəsi kimi aktuallaşdırdı. Yeni şəraitdə hərbi xidmət mürəkkəb hərbi ixtisasların öyrənilməsi məktəbi kimi qəbul edildi. Hərbi xidmətə hazırlıq işlərinə diqqət artırıldı, gənclərin xidmətə yola salınması xalqın və dövlətin qayğısı ilə əhatə olundu. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi birinci dövrdə Azərbaycanda hərbi-təşkilati işlər bir neçə istiqamətdə aparılırdı. Bu istiqamətlərdən biri Azərbaycan gənclərinin hərbi xidmətə hazırlanması, onların xüsusi ixtisaslı hərbi hissələrə göndərilməsinə nail olunması idi. Hər il Azərbaycandan təxminən 60 min gənc hərbi xidmətə çağırılsa da, onların çox az hissəsi xüsusi ixtisaslar öyrədən hərbi hissələrə yola salınırdı. Gənclərin böyük əksəriyyəti isə tikinti və xidmət hərbi hissələrinə göndərilirdi. Belə bir vəziyyətin mövcudluğunu Heydər Əliyev narahatlıqla qarşılayırdı və o, şübhə etmirdi ki, bununla azərbaycanlılar hərb işindən yadırğadılır. Bu narahatlığın aradan qaldırılması üçün Azərbaycanda gənclərin hərbi xidmətə hazırlanmasına yeni tələblər irəli sürüldü. İlk növbədə, respublika məktəblərində rus dilinin tədrisinə diqqət artırıldı, rus dili müəllimləri hazırlayan ayrıca bir institut yaradıldı. Azərbaycan Dövlət Pedaqoji İnstitutu nəzdində ibtidai hərbi hazırlıq müəllimləri hazırlayan fakültə açıldı. Hərbi vətənpərvərlik tərbiyəsi gücləndirildi. 

Məktəblilər arasında hərbi oyunların keçirilməsi davamlı xarakter aldı, respublikadakı hərbi komissarlıq orqanlarının fəaliyyətinə tələbkarlıq artırıldı. Heydər Əliyevin qeyd etdiyi kimi, XX əsrin 70-ci illərindən etibarən peşəkar hərbi kadrların hazırlanması məsələsi Azərbaycan xalqının əsas vəzifələrindən biri kimi ortaya qoyuldu. Bütün bunların nəticəsində həm gənclərin hərbi xidmətə çağırış işi təkmilləşdirildi, həm də azərbaycanlıların xüsusi ixtisas hazırlığı verən hərbi hissələrə göndərilməsi artdı. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin diqqət yetirdiyi məsələlərdən biri də silahlı qüvvələr tərkibində azərbaycanlı zabitlərin məsul vəzifələrə irəli çəkilməsi məsələsi idi. Ulu Öndər bildirirdi ki, o vaxt bir çox zabit və generalların irəli çəkilməsinə çalışmaqla Azərbaycanın bugünkü zabit kadrlarının əsasının qoyulmasını istəyirdi. Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə Bakıda iki ali hərbi məktəb var idi. Biri Bakı Ali Ümumqoşun Komandirləri Məktəbi, digəri isə Bakı Ali Hərbi Dənizçilik Məktəbi. Bu məktəblərin hər ikisi İttifaq miqyasında sayılıb-seçilən məktəblərdən idi və təhsil almaq üçün İttifaqın ən müxtəlif şəhərlərindən bu məktəblərə axışıb gəlirdilər. Ali Hərbi Dənizçilik Məktəbində xarici ölkələrdən gələn xeyli sayda kursant təhsil alırdı. Onların arasında azərbaycanlıların sayı son dərəcə az idi. Bu vəziyyətin dəyişdirilməsi üçün Heydər Əliyev öz qətiyyətini ortaya qoydu və ilk növbədə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinin rəhbərliyinə yüksək rütbəli azərbaycanlı kadrın gətirilməsinə nail oldu. Sonra bu məktəbə qəbul olunanlar arasında azərbaycanlıların sayının artırılması üçün geniş təşkilati işlər aparıldı. Nəticədə bu məktəbə daxil olan azərbaycanlıların sayı xeyli artırıldı. Heydər Əliyev bununla da kifayətlənmədi və İttifaq miqyasında olan ali hərbi məktəblərdə təhsil alan gənclərin də sayı artırıldı. Nəhayət, sovet dövründə milli zəmində aparılan hərbi-təşkilati işin zirvəsi Azərbaycanda general Cəmşid Naxçıvanski adına hərbi-internat məktəbin açılması sayıla bilər. Bu məktəbin açılması Heydər Əliyevin vaxt ötdükcə öz əhəmiyyətini daha da artıracaq tarixi nailiyyəti, bu böyük dühanın öz xalqının gələcəyinə bağlılığının heç zaman unudulmayacaq nişanəsidir. C.Naxçıvanski adına Hərbi Lisey Heydər Əliyevin diqqət və qayğısı ilə qısa vaxt ərzində ən müasir hərbi təhsil müəssisəsinə çevrildi. Belə xüsusi diqqət və qayğı Azərbaycanda hərbçi peşəsinin nüfuzunun artmasında çox mühüm rol oynadı. Nəticədə orduda peşəkar hərbçilərin sayı artdı. 

  Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov "Şərq"ə açıqlamasında deyib ki, sovet imperiyasının bütün gücünə, qüdrətinə və onun respublikadakı “sapı özümüzdən baltaları”nın canfəşanlığına baxmayaraq, xalqın azadlıq, müstəqillik ideyalarını məhv etmək, onu mənən sındırmaq mümkün olmadı. Polkovnik qeyd edib ki, belə bir vaxtda sovet rəhbərləri Heydər Əlirza oğlu Əliyevi Dövlət Təhlükəsizlik Komitəsinə sədr təyin etdilər:

 "DTK-nın rəhbərliyi Heydər Əliyev üçün məqsəd yox, vasitə, imkan və səlahiyyət idi. Şəxsən mənim fikrimcə, Azərbaycanda Heydər Əliyev erasının tarixi onun DTK-nın rəhbəri işlədiyi vaxtdan başlayır. İlk növbədə ona görə ki, ölkə, xalq, respublika miqyasında taleyüklü məsələlərin sistematik, ardıcıl həllinin fundamenti yaradıldı. Nəticədə Azərbaycan xalqı bir sıra dəhşətli fəlakətlərdən qorundu, bir sıra amansız zərbələrdən minimum itki ilə qurtardı. Təfsilatına varmadan onlarla ziyalının “KQB” repressiyasından məhz DTK-nın sədri Heydər Əliyevin sayəsində xilas olduğunu qeyd etməklə kifayətlənmək istəyirəm. O, müdrik fəaliyyətin, incə diplomatiyanın sayəsində DTK-da milliləşdirmə siyasəti həyata keçirdi. Bu orqanda azərbaycanlıların sayının artırılması, qiyməti hələ də verilməmiş möhtəşəm bir qələbə idi. 1969-cu ildə Heydər Əliyev Azərbaycan Respublikasına rəhbərlik etməyə başladı. Heydər Əliyev DTK-nın rəhbəri işlədiyi dövrdə gördüyü işləri daha geniş miqyasda, daha əsaslı və səlahiyyətli şəkildə, xüsusən də konseptual halda davam etdirməyə başladı. Onun quruculuq fəaliyyəti respublikanın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni sahələrini bütövlükdə əhatə etdi. Məlum olduğu kimi, çar Rusiyası dövründə də, bolşevik rejimi illərində də azərbaycanlıları imkan daxilində hərb sahəsindən kənarda saxlamağa çalışırdılar. Bu, bir tərəfdən inamsızlıqdan irəli gəlirdisə, digər tərəfdən də gələcəyin müstəqil dövlətini ordusuz, sərkərdəsiz bir ölkə kimi görmək istəyi ilə bağlı idi.

Heydər Əliyev ilk növbədə, psixoloji baryeri aradan qaldırmaq üçün kompleks tədbirlər planı həyata keçirdi. Hərbi xidmətə gedən gənclərin təntənəli şəkildə yola salınması, nümunəvi xidmət göstərənlərin təbliğ olunması, ən başlıcası isə milli zabit kadrlara xüsusi qayğı göstərilməsi ənənəyə çevrildi. Yüzlərlə, minlərlə azərbaycanlı hərbiçilərin vəzifəyə təyin olunmasında, hərbi rütbə almasında Heydər Əliyevin uzaqgörən, milli strateji maraqlara cavab verən siyasəti əhəmiyyətli rol oynayıb. Bu qayğını, ehtiramı və hörməti görən azərbaycanlıların hərb sənətinə münasibəti tədricən dəyişdi".

  Polkovnik vurğulayıb ki, böyük zəhmətin, müdrik fəaliyyətin nəticəsində Heydər Əliyev Bakıda general Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılmasına nail oldu. C.Naxçıvanski adına hərbi məktəbin açılması əvəzsiz tarixi hadisə idi. Bununla respublika dövrün ən müasir texniki, elmi, tədris tələblərinə cavab verən hərbi tədris bazası qazanmış oldu. Heydər Əliyev hərbi vətənpərvərliyin təbliği işinə də xüsusən qayğı göstərirdi.

 Təbliğat prosesində Bakək, Koroğlu, Qacaq Nəbi, Ə.Şıxlınski, S.Mehmandarov, C.Naxçıvanski, Mehdi Hüseynzadə, Həzi Aslanov, İsrafil Məmmədov, Ziya Bünyadov kimi xalq və ikinci dünya müharibəsi qəhrəmanları təbliğ olunurdu. Azərbaycanlılarda ulu tarixi olan döyüşkənlik ruhunun sönməsinin qarşısı alınırdı. Məhz Azərbaycan uğrunda şəhidliyin və qaziliyin şərəf, qeyrət, vətəndaş borcu olduğu təlqin edilirdi. Heydər Əliyev yenidən hakimiyyətə gələn gündən ordu quruculuğuna prioritet istiqamət verdi. Bu vacib sahə diletantlardan, naşılardan təmizləndi. Silahlardan təyinatı üzrə döyüş bölgələrində istifadə olunmağa başlandı. 

Bu gün Azərbaycanda nizami ordu mövcuddur. Ordumuz müstəqil ölkəmizin təhlükəsizliyini ayıq-sayıqlıqla qorumaqla yanaşı, hər cür təcavüzkarı yerində oturtmağa da daim qadirdir. Bunu 44 günlük Vətən müharibəsi bir daha bütün dünyaya sübut etdi".