Xəlfəli yolu ilə yenə silah-sursat daşınacaq

Rusiya sülhməramlıları Ermənistanla sərhədə, Laçın yoluna 27 aydır formal olaraq nəzarət edir

“Nəzarət-buraxılış məntəqələrinin yaradılması, sadəcə olaraq vacib yox, həm də zəruridir. Bu addımın atılması ilə sülh prosesi də sürətlənər”

“Böyük hədəflərdən yayınmamalıyıq. Ermənilərin məqsədi birgəyaşayış yox, bizdən torpaq qopartmaqdır. Təbii ki, biz də buna qarşı çıxırıq və bütün zəruri addımları atırıq" 



  Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan XİN-in ölkəmiz əleyhinə 8 mart tarixli saxta və yalan dolu bəyanatlarına cavab verib. Nazirliyin bəyanatında vurğulanıb ki, Azərbaycan bundan sonra da öz milli maraqlarının və təhlükəsizliyinin müdafiəsi məqsədilə bütün lazımi tədbirləri görməyə davam edəcək. Həmçinin bəyan edilib ki, Ermənistan tərəfinin Azərbaycana qarşı təcavüz siyasətinin və qeyri-qanuni əməllərinin qarşısının alınması məqsədilə, Laçın yolunun başlanğıcında sərhəd-nəzarət keçid məntəqəsi yaradılması labüddür:

"Ermənistanın bəyanatı 30 ilə yaxın bir dövrdə həyata keçirdiyi işğal siyasətini, habelə hazırkı postmünaqişə dövründə Azərbaycana və azərbaycanlılara qarşı törətdiyi təxribatları ört-basdır etmək məqsədi daşıyır. Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan növbəti dəfə hərbi məqsədlər üçün istifadə edilməsi faktının Ermənistan tərəfindən təkzib olunması riyakarlıqdır. Ermənistanın Azərbaycanı öhdəlikləri yerinə yetirməməkdə ittiham etməsi tamamilə əsassızdır. Beynəlxalq Ədalət Məhkəməsinin sonuncu qərarını təhrif etməyə və arzularını reallıq kimi təqdim etməyə çalışan Ermənistanın, guya, Azərbaycanın qərarı yerinə yetirməkdən boyun qaçırmasını iddia etməsi də qəbuledilməzdir. Habelə Azərbaycanın guya bölgənin erməni sakinlərinə qarşı “etnik təmizləmə” və “soyqırım” həyata keçirməyə hazırlaşdığı iddiası absurddur". Xankəndi-Xəlfəli-Turşsu yolu ilə gizli surətdə Qarabağ separatçılarına silah-sursat daşınması və bu faktın ifşası Ermənistan hökumətini çətin duruma salıb. Rəsmi Bakı bu cür qanunsuz gediş-gəlişlərin önünü kəsmək üçün Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılması tələbini yenidən gündəmə gətirib və bu yöndə qəti addımlar atılacağını bildirib. 
  Təhlükəsizlik üzrə ekspert, ehtiyatda olan polkovnik-leytenant İlham İsmayıl "Şərq"ə açıqlamasında bildirib ki, separatçıların Xankəndi-Xəlfəli-Turşsu yolu ilə silah daşımasının aşkarlanması, atışma və ermənilərin zərərsizləşdirilməsi o demək deyil ki, təxribat bununla başa çatdı. Ekspertin fikrincə, erməni tərəfinin təxribatları hadisədən əvvəl də baş verib və bundan sonra da olacaq: "Əmin olun, bir neçə gündən sonra Xəlfəli yolu ilə yenə silah-sursat daşınacaq. Çünki Rusiya sülhməramlıları Ermənistanla sərhədə, Laçın yoluna 27 aydır formal olaraq nəzarət edir. Heç bir ciddi nəzarətdən söhbət getmir. Əksinə, Rusiya sülhməramlıları Qarabağ separatçılarına qanunsuz silah-sursat daşınması üçün şərait yaradırlar. Qarabağdakı qanunsuz silahlı birləşmələr həm İran, həm Rusiya, həm də Ermənistan tərəfindən silahlandırılır. Bu prosesin önünü kəsməyin yeganə yolu Münhen Təhlükəsizlik Konfransında Azərbaycan dövlət başçısı İlham Əliyevin səsləndirdiyi, o cümlədən ABŞ və Avropa rəsmilərinin çox anlaşıqlı və məntiqli qəbul etdikləri nəzarət-buraxılış məntəqələrinin yaradılmasıdır. Bu, sadəcə olaraq vacib yox, həm də zəruridir. Bu addımın atılması ilə sülh prosesi də sürətlənər. 27 ay ərzində süni şəkildə uzatdıqları prosesi daha çox uzada bilməzlər. Hesab edirəm ki, Azərbaycan tərəfi Rusiya Federasiyasını rəsmən xəbərdar edərək konkret vaxt təyin etməlidir. Nəzarət-buraxılış məntəqəsinin yaradılacağının anonsunu verməlidir. Razılığın olub-olmamasına baxmayaraq, sərhəd qoşunlarımızın iştirakı ilə proses yekunlaşmalıdır. Rusiyanın bu məsələyə etirazı, uzaqbaşı, Fərrux dağında yaşananlarla eyni olacaq. Azərbaycan Ordusu separatçıların dərsini verməklə Fərrux dağında mühüm mövqeni nəzarətə götürdü, Moskva isə sadəcə etiraz etdi. 10 noyabr üçtərəfli bəyanatına istinad edən Rusiya xarici işlər naziri Sergey Lavrov bilməlidir ki, bu saziş Azərbaycan-Ermənistan arasındakı münasibətlərin bütün aspektlərini həll edən sənəd deyil. Həmin sənədə dəyişiklik və ya əlavələr mümkündür. Həmçinin üçtərəfli sazişdə qadağan edilməyib ki, Azərbaycan tərəfi Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yarada bilməz. Sənəddə qeyd olunub ki, Azərbaycan bu yolun təhlükəsizliyini təmin edir, orada ayrıca "maneəsiz" sözü, şərti yoxdur. Yolun təhlükəsizliyinin təmin olunması isə mütləq nəzarət-buraxılış məntəqəsinin yaradılmasından keçir. Bunun başqa yolu yoxdur. Əgər qəti addım atmasaq, hər gün, hər saat erməni təxribatları ilə üz-üzə qalacağıq". 
  İ.İsmayıl Azərbaycan rəsmiləri ilə Qarabağ erməniləri arasında baş tutan təmaslardan da bəhs edib: "Azərbaycan nümayəndələrinin Qarabağ erməniləri ilə görüşünü xüsusi qabartmaq, daha doğrusu, bunu "bayram" kimi təqdim etmək doğru deyil. Ermənilər bizim şərtlərimizi qəbul etmirlər və inteqrasiyanı ümumiyyətlə qəbul etmirlər. Görüşə gələnlər siyasi məsələlər üzrə səlahiyyətli şəxs olmadıqlarını, sadəcə humanitar mövzuları müzakirə etdiklərini bildirdilər. Qaz, işıq, su istəyirlər və bunun əvəzində sadəcə bir dəfə, özü də uzaqdan vizual olaraq mədənlərə baxmağımıza imkan verirlər. Əslində, indiki vəziyyətdə Azərbaycan ekoloqlarının mədənlərdə monitorinq aparmasına da ehtiyac qalmır. Nə qədər ki, həmin bölgədə tam nəzarəti ələ almamışıq, monitorinqlə nəyəsə nail ola bilməyəcəyik. Bunlar, ikinci, bəlkə üçüncü dərəcəli detallardır. Aylardır davam edən aksiyanın da məntiqi sonluğu Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaranmasıdır. Böyük hədəflərdən yayınmamalıyıq. Ermənilərin məqsədi birgəyaşayış yox, bizdən torpaq qopartmaqdır. Təbii ki, biz də buna qarşı çıxırıq və bütün zəruri addımları atırıq".