Azərbaycanda son illər yol-nəqliyyat hadisələrinin artması, ictimai müzakirələrin əsas mövzularından birinə çevrilib. Rəsmi qurumlar qəzaların baş verməsində əsas səbəb kimi piyadaların məsuliyyətsiz davranışını ön plana çıxarır. Xüsusilə yeraltı və yerüstü piyada keçidlərindən istifadə edilməməsi təhlükəsizlik risklərini artıran əsas amillərdəndir. Lakin mövzuya yalnız bu prizmadan yanaşmaq cəmiyyətdə yaranan narazılıqları tam əks etdirmir. Piyadalar və sürücülər cərimə mexanizmləri ilə bağlı ciddi iradlar səsləndirirlər. Bir çox vətəndaş hesab edir ki, tətbiq olunan cərimələrin məbləği əhalinin real gəlir səviyyəsinə uyğun deyil. Məsələ ilə bağlı ötən gün rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov vətəndaşları yol hərəkəti qaydalarına riayət etməyə çağırıb. O bildirib ki, müəyyən hallarda cəza tədbirlərinin sərtləşdirilməsi qaçılmazdır. Bununla belə, nazir müavini əsas hədəfin cərimələrin artırılması yox, vətəndaşların maarifləndirilməsi və yol hərəkəti mədəniyyətinin formalaşdırılması olduğunu vurğulayıb.
Mövzu ilə bağlı nəqliyyat eksperti Ərşad Hüseynov Sherg.az-a açıqlamasında bildirib ki, Azərbaycanda yol hərəkətində təhlükəsizlik və nizam-intizamla bağlı ciddi problemlər var:
“Nə sürücülər, nə də sərnişinlər mövcud qaydalara lazımi səviyyədə əməl edirlər. Problemlərin aradan qaldırılması üçün genişmiqyaslı maarifləndirici tədbirlərin həyata keçirilməsi vacibdir. Cəmiyyətdə “qaydalar min illərdir necədirsə, elə də qalmalıdır” kimi yanlış bir düşüncə formalaşıb. Bu yanaşma dəyişmədikcə müsbət nəticə əldə etmək mümkün deyil. Yol hərəkəti qaydaları formal tələblər deyil, insanların həyatını və ictimai təhlükəsizliyi qoruyan mexanizmdir. Bu səbəbdən maarifləndirmə prosesi ailədən başlamalı, məktəb və uşaq bağçalarında davam etdirilməlidir. Hazırda ölkədə sıx nəqliyyat axınını nəzərə alaraq, yol hərəkəti qaydalarına riayət etməliyik”.
Mövcud vəziyyəti qiymətləndirən ekspert, bildirib ki, cərimələrin miqdarı əhali üçün ağırdır:
“Cərimələr hüquq qaydalarına riayət olunmasını təmin edən vasitələrdən biridir. Lakin cərimələr problemin həlli üçün kifayət deyil. Hazırda piyadanın müəyyən olunmamış yerdən keçməsinə görə 20 manat cərimə tətbiq olunur. Sürət həddi 80 km/saatdan yuxarı olan yollarda isə bu məbləğ 40 manata çatır. Mövcud vəziyyət göstərir ki, vətəndaşlar üçün cərimələrin miqdarı kifayət qədər ağırdır. Azərbaycanda çox az adam var ki, 20 manatını “havaya atmağa” hazır olsun. Bir hüquqşünas kimi deyə bilərəm ki, cərimələrin artırılmasına ehtiyac yoxdur. Onların tətbiq strategiyası və maarifləndirmə üsulları üzərində işlər görülməlidir. Vətəndaş bilməlidir ki, qaydaları pozmaq həm onun həyatına təhlükə yarada bilər, həm də polis tərəfindən saxlanılaraq cərimə tətbiq oluna bilər. hüquqi müstəvidə əsas prinsip məsuliyyətin labüdlüyünün təmin edilməsidir”.
Aybəniz Səfərova