“100 ildən sonra MÖHTƏŞƏM PARAD... – Deputat danışır

"Qafqaz İslam Ordusunun Bakını azad etməsinin 100-cü il dönümünə dair təşkil olunan dünənki parad çox möhtəşəm, qürurverici və sözün yaxşı mənasında təsirli idi”.
Bunu "Sherg.az”a millət vəkili Rüfət Quliyev bildirib. 
Parlamentarinin sözlərinə görə, paradda iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətləri açıq-aydın nümayiş olundu:
"Baxın, 100 il bundan öncə Bakının erməni daşnakları və bolşevik qalıqlarından azad olunması hadisəsi unudulmayıb. Bu hadisələr Azərbaycan və Türkiyə xalqlarının yaddaşına hopub. Bu tarixi hadisə heç zaman unudulmayacaq. Bunun özü də bəzi dairələrə bir mesajdır ki, biz ortaq tarixlərimizi yaşadırıq. Yəni biz daim bir-birimizin yanındayıq. 55 yaşıma qədər bir çox paradlar görmüşəm. Həm sovet dövründə, həm də indiki dövrüdə. Xarici ölkələrdə paradlarda iştirak etmişəm. Amma bunun kimi möhtəşəm bir paradın şahidi olmamışam. Parad bir da sübut etdi ki, 100 ildən sonra da bu iki ölkənin əsgər və zabitləri çiyin-çiyinə verib mübarizə aparmağa hazırdırlar”.
Millət vəkili diqqətə çatdırıb ki, paraddakı çıxışları zamanı Prezident İlham Əliyev və Türkiyə lideri Rəcəb Tayyip Ərdoğan şəhidlərə diqqət çəkiblər:
" Qeyd olundu ki, o şəhidlər heç zaman unudulmayacaq. Onlar türk xalqlarının qəlbində həmişə yaşayır. Bu açıqlamalar şəhidlərimizə olan çox böyük məhəbbət, diqqətin göstəricisidir”.
Parad zamanı liderlərin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə toxunduğunu söyləyən R.Quliyev vurğulayıb ki, Türkiyənin bu münaqişə ilə bağlı mövqeyi dəyişməyib:
"R.T.Ərdoğan bir daha bəyan etdi ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmasa, Rəsmi Ankaranın bu işğalçı ölkəyə qarşı siyasətində hər hansı bir dəyişikliyin olması mümkün deyil: "Türkiyə dövləti, hökuməti və xalqı bu məsələdə Azərbaycana dəstək olacaq”.
Parlamentari Azərbaycan və Türkiyə liderlərinin bir-birinə "Qardaş” deyə müraciət etməsindən də söz açıb: 
"Adətən, protokola müvafiq olaraq liderlər bir-birinə dost, həmkar deyirlər. Amma Prezident İlham Əliyev və R.T.Ərdoğan bir- birinə bir neçə dəfə "qardaş” deyə müraciət etdilər. Bu, çox böyük anlam daşıyır. Bu mənfur düşmənlərimizə də bir ismarıcdır ki, onların işağl etdiyi torpaqlardan çıxmasını yalnız Azərbaycan deyil, Türkiyə də tələb edir. Bu, tək Ermənistana yox, dünyadadakı erməni lobbisinə də bir çağırışdır. Ermənistan qonşu dövlərlərlə əlaqələrini, münasibətlərini normallaşdırmaq istəyirsə, normal inkişaf etmək istəyirsə, öz işğalçı düçüncə və siyasətindən əl çəkməlidir. Nəinki Ermənistan, dünyadakı bütün erməni lobbisi anlayır ki, Azərbaycanın ərazi bütövlüyünü təmin edəcəyi qəti qərardır”.
Ayyət ƏHMƏD