13 yaşlı bacısına mesaj yazanı öldürən gəncə YÜNGÜL CƏZA




13 yaşlı bacısına mesaj yazanı öldürməkdə təqsirləndirilən 17 yaşlı Mirismayıl Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan iclasda hökm oxunub.
Hakimlər kollegiyasınınəsasən M.Hüseynov 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun azyaşlı olması, mərhumun anasını onu bağışlaması yüngülləşdirici hal kimi nəzərə alınıb.
Qeyd edək ki, qətl 2016-cı il dekabrın 14-də Bakının Nəsimi rayonunda "Memar Əcəmi" metrostansiyasının qarşısında baş verib. Mirismayıl Hüseynov bacısının telefonunda onun 21 yaşlı Ələkbər Muxtarovla yazışmasını görüb.
O, daha sonra başqa profil açaraq bacısı ilə danışan şəxsə yazmağa başlayıb.
Ə.Muxtarov ona saxta profildən yazıldığını hiss edib və həmin şəxsi bloka atıb. Bundan sonra M.Hüseynov bacısının telefon nömrəsindən birbaşa Ələkbərin telefonuna zəng vurub və onunla görüşmək istədiyini deyib.
Əsgərlikdən yeni gələn Ələkbər görüşə gəlməyə razılaşıb. Görüş zamanı tərəflər mübahisə edib və M.Hüseynov onu bıçaqlayaraq öldürüb.
Xatırladaq ki, məhkəmə prosesində mərhumun anası, hüquqi varisi Ülviyə Məcidova qətli törədən Mirismayılı bağışladığını demişdi.