Qarpızsatan deputatın ucbatından 4 uşağı çörəksiz qalıb

Deputat Fəzail İbrahimlinin həbs etdirməyə çalışdığı qarpızsatan, 42 yaşlı Xəyal Əsədov “Müsavat” qəzetinə açıqlama verib.

Onun sözlərinə görə, həmin gün yaşlı bir kişi ona yaxınlaşaraq qarpız almaq istəyib. Satıcı qarpızlardan birini kəsib, içərisi ağ çıxıb. Daha sonra digər qarpızı kəsərək alıcıya göstərib. Amma alıcı deputat ona “mənim kim olduğumu bilirsənmi” şəklində sual verib. Amma satıcı onu tanımayıb: "Dedim ki, ay ağsaqqal, kimsən axı? Nə "xox gəlirsən" mənə? Dövlət vəzifəlisi də olsan, vətəndaşsan, yaxınlaşıb qarpız alırsan. Sən qarpız alansan, mən də qarpız satan”.

Bundan sonra deputat polisə şikayət ünvanlayıb və hətta satıcının onu bıçaqla hədələdiyini iddia edib. Az sonra çoxlu sayda polis əməkdaşı “hadisə” yerinə gəlib. Sonra kamera görüntüləri araşdırılıb və deputatın “bıçaqla hədələmə” iddiası yalan çıxıb, amma satıcı 50 manat cərimələnib və iş yerini də itirib.

Xəyal Əsədov bildirib ki, deputatın ucbatından 4 uşağı çörəksiz qalıb, üstəlik, borcu da var.