"18 oktyabr tarixinin həyatımda müstəsna yeri var. Çünki həmin proseslərin iştirakçısı olmuşam”
Bunu "Sherg.az” açıqlamasında tarixçi-alim Dilavər Əzimli deyib.
Müstəqillik gününü böyük iftixarla xatırlayan tarixçi bildirib ki, 18 oktyabr günü Milli Məclisdə müzakirələr gedərkən maddələr bir-bir oxunurdu və azadlıq meydanındakı insanlar çıxışları dinləyirdilər:

"Hər maddə oxunduqda insanlar gözü yaşlı alqışlayırdı. Sonda məsələ müzakirəyə qoyuldu və Azərbaycanın Müstəqillik Aktı qəbul edildi. Möhtəşəm bir gün idi. Məlumdur ki, müstəqillik naminə böyük fədakarlıqlar göstərildi, şəhidlər verildi. 1990-cı ildə qanlı yanvar faciəsini yaşadıq. Əslində proseslər 1988-ci ilin meydan hərəkatı ilə başlamışdı. Gələn ay bu hərəkatın 30 illiyi tamam olacaq. Məncə, bu mücadilə yolunu da xüsusi qeyd etmək lazımdır”.
Alimin sözlərinə görə, 18 oktyabr Müstəqillik günü böyük təntənə ilə keçirilməlidir:
"Hamımız bayram sevinci yaşamalı, hər birimizin evində süfrə açılmalıdır. 1991-ci il Azərbaycanın ikinci dəfə öz müstəqilliyini qazanması və dünya dövlətləri içərisində özünə layiqli yer tutması çox mühüm hadisədir. Həmin tarixdən 27 il keçib. Ötən 27 il ərzində Azərbaycanın müstəqilliyi daha da möhkəmlənib. Ordumuz güclənib. İqtisadi və siyasi cəhətdən inkişaf etmişik. Arzu edirik ki, uğurlarımız daha da çoxalsın”.
İsmayıl