Artıq 2017-ci ilin başa çatmasına sayılı günlər qalıb. Bu il ölkəmiz üçün hərbi, iqtisadi, siyasi, tibbi, sosial və başqa sahələrlə bağlı bir sıra mənfi və müsbət hadisələrlə yadda qaldı. Ümumi formada bu ilin dəyərləndirilməsi üçün millət vəkillərinin fikirlərini öyrəndik.
Deputat Rövşən Rzayev "Sherg.az”a açıqlamasında 2017-ci il üçün ən önəmli hadisələrə toxunub. O bildirib ki, ölkə başçısının apardığı siyasət nəticəsində daxili və xarici məsələlərin inkişafı təmin edilib:
"Azərbaycan dünyada etibarlı dövlət kimi tanınır, iri layihələri həyata keçirir. Bu il üçün ən uğurlu layihə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yoludur. Çoxdan gözlədiyimiz bu layihə 2017-ci ildə uğurla başa çatdırıldı. Düşünülmüş siyasət nəticəsində daha bir neçə belə uğur əldə edildi. Bu siyasətin davam etdirilməsi həm Azərbaycanın inkişaf yolunda, həm də ərazi bütövlüyünün təmin olunmasında yeganə yoldur. Xalq da bunu dəstəkləyir, bu istiqamətdə vətənimizi irəli aparmaq üçün imkanlarımızdan istifadə edirik”.
R.Rzayev 2018-ci ildə də Azərbaycanın uğurlu siyasətinin davam etdiriləcəyini vurğulayıb:
"Qarşıda dayanan bütün məsələləri uğurla həll edəcəyik.
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mütləq qaydada yeniliklər olacaq. Bunları gözləyirik. Bu sahədə irəliləyiş əldə etməyin yeganə yolu, Ulu Öndər Heydər Əliyevin uğurlu siyasətinin yaşaması, prezident İlham Əliyevin əhəmiyyətli mövqeyidir. Xalqla iqtidar arasında olan vəhdətin müsbət nəticəsini də xüsusi qeyd etməliyik.
İqtisadiyyat sahəsinə gəlincə isə, Azərbaycanda son dövrlərdə qeyri-neft sahəsinin inkişafı böyük ümidlər gətirdi. İnanırıq ki, ölkəmizin bu sahədə uğurları bütün dünya ictimaiyyətinə çatdırılacaq”.
2017-ci ildə Azərbaycan-NATO, Azərbaycan-Avropa Birliyi (AB) münasibətlərində inkişaf olduğunu diqqətə çatdıran millət vəkili Asim Mollazadə isə bu ili ümumilikdə uğurlu qiymətləndirib:"Baxmayaraq ki, ABŞ-da, Avropada, bütün beynəlxalq təşkilatlarda ölkəmizə qarşı informasiya müharibəsi aparılır, böhtan və yalan kampaniyası mövcuddur, yenə də Azərbaycan öz önəmini bu sistemdə təsdiq edə bildi.
Bununla yanaşı, 2017-ci ildə Azərbaycan iqtisadiyyatın fərqli sahələrini inkişaf etdirməyə başladı. İlk növbədə buna misal olaraq, turizmi qeyd edərdim. İri layihələrin nəticəsində turizm tək paytaxtda deyil, Azərbaycanın digər sahələrində də inkişaf etdi. Xüsusilə, kənd təsərrüfatının inkişafı ilə bağlı atılan addımlar 2018-ci ildə də müsbət nəticələrə ümid yaratdı.
Bu il Azərbaycan parlamentində elmin, təhsilin inkişafı, onun hüquqi bazasının yaradılması ilə bağlı qanunlar qəbul edildi. Bu sahənin inkişafı və islahatlar üçün müəyyən hüquqi platforma təmin olundu”.
Regionun ən vacib problemi olan Dağlıq Qarabağ münaqişəsinə gəlincə isə, deputat bu məsələdə 2018-ci ildə də ciddi dəyişikliklər gözləmir:
"Ermənistan müstəqil dövlət deyil. Demək olar, ötən illərdə müstəqilliyinin olanını da itirdi. Erməni silahlı qüvvələri artıq rəsmən Rusiya silahlı qüvvələrinin tərkibinə daxil edilib. Bu ölkənin iqtisadiyyatının əsas sahələri də Rusiyaya aiddir.
Ona görə, gələn il üçün hansısa irəliləyiş görmürəm. Çox istərdim, beynəlxalq təşkilatlar məsələyə diqqətini yönəltsin. Status-kvonu saxlamaq istəyən qüvvələrə təzyiqlər edilməlidir”.
Aysel Aslan