Aslan Kənan: “Delo”ları oxuyanda infarkt keçirdim”
"Səlib yürüşündə Səməd bəy Mehmandarovu küçə süpürməyə məcbur edirdilər”
"Bağırov Səməd Vurğunu çağırıb və ona otağında bir qalaq məktub göstərib ki, bu
məktubların hamısı sənin əleyhinədir”
Azərbycan repressiya illərinin araşdırmaçısı, müəllifi, tarixçi Aslan Kənan redaksiyamızın qonağ oldu. Onunla "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı arasında Azərbaycan Xalq Cümhurriyyəti illəri, 1937-ci illər repressiyasının acı nəticələri, tarixi və Azərbaycan Prezidenti İlham Əliyevin 2018-cili "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi və s məsələlər ətrafında maraqlı müzakirə baş tutdu.
Söhbəti təqdim edirik:
Akif Aşırlı: Ölkə başçısının bu ili "AXC İli” elan etməsini necə dəyərləndirirsiniz?
-Bu qərarı çox müsbət qiymətləndirirəm. Ümumiyyətlə, hansısa bir hadisə olanda Prezident yerində və zamanında öz qərarlarını verir. Bu da bizdə çox böyük ruh yüksəkliyi yaradır, tarixi əsərlərin ortaya çıxması üçün bir stimul rolunu oynayır.
- Akif Aşırlı: 1937-ci illərin repressiyasına diqqət yetirəndə aydın görmək olur ki, 1918-ci ildə Azərbaycanın müstəqilliyi uğurunda mübarizə aparanlar, siyasi partiya üzvləri, milli ordu quruculuğunda iştirak edənlər, 1918- 1920 -ci illərdə müəyyən vəzifə tutan və ya səlahiyyət sahibi olan şəxslərin hamısı repressiyanın qurbanı olublar...
Aslan Kənan: Doğrudur. 1937 -ci il repressiyasının ilk qurbanları AXC -nin qurulmasında iştirak edən şəxslərdir. Bundan əlavə kommunistlərin özləri də repressiyanın qurbanı olublar. Bu, başqa bir müzakirənin mövzusudur. Repressiya qurbanları Cümhuriyyətin başında duran nazir və müavinləri, müəyyən idarə rəhbərləri olub. Polis sistemi və orduda çalışanlar, kiçik bir vəzifə daşıyan, AXC dövründə iki illik hərbi kurs keçən adamlar da günahsızların siyahısındadır. Hərbi özünə dayaq nöqtəsi sayan, həmişə xalqı üçün çalışmış Səməd bəy Mehmandarova qarşı da çox böyük təhdid və təxribatlar törədiblər.
Akif Aşırlı: Sizdə Səməd bəy Mehmandarovla bağlı sənədlər varmı?
Aslan Kənan: Dövlət arxivində var. Mən o sənədlərlə tanışam. Mehmandarov hərbiyyə naziri olanda böyük dəyişikliklər edib.
- Akif Aşırlı: Orduyla müsəlman qayda-qanunlarına uyğun davranırdı. Məsələn rus ordusunda tamamilə başqa bir davranış qaydaları mövcud idi. Amma Mehmandarov hər cümə günləri əsgərlərə istirahət verirdi ki, bu gün müsəlmanlar üçün ən müqəddəs günlərdən biridir. Və bu gün əsgərlər istirahət etməlidir. Əsgər yeməklərində də dəyişiklik etmişdi ki, rus yeməkləri olmasın. Azərbaycan mətbəxini orduya gətirdi. Müstəqilliyimizin bərpasından sonra hərbi hissələrimizi ziyarət edib əsgərlərlə bir süfrədə otururuq və görürük ki, onların yeməkləri Azərbaycan mətbəxinə xasdır.
Aslan Kənan: Bəli, Səməd bəy Mehmandarovun qoyduğu qanun 100 ildən sonra da təkrar olunur. Mehmandarov ordu ilə çox ciddi məşğul olub. Qanun pozanları bağışlamırdı, dərhal ordu sıralarından azad edirdi. "Topun Allahı” adlandırılan general Əliağa Şixlinski onun müavini olub. Birinci hərbiyyə naziri isə Xosrov bəy Sultanov idi.
Akif Aşırlı: Xosrov Sultanov müəyyən səbəblərə görə vəzifəsini icra edə bilməyib və Qafqaz İslam Ordusu Azərbaycana gələndə komandanlıq Nuru Paşanın əlində cəmləşdi. Bundan mənfi mənada istifadə etməyə çalışanlar oldu, amma alınmadı.
Aslan Kənan: 1920-ci ildə bolşeviklər hakimiyyəti qanunsuz ələ keçirəndən sonra onlar AXC nümayəndələrinə qarşı səlib yürüşləri həyata keçirdilər. Həmin səlib yürüşündə Səməd bəy Mehmandarovu küçə süpürməyə də məcbur edirdilər. Əliağa Şıxlınskini də onun kimi. Bəzi cümhuriyyətçilər isə bu məngənədən qurtarmaq üçün xaricə üz tuturdular. O dövrlərdə 1919-cu illərdə bir qrup Cümhuriyyət nümayəndəsi Versal Sülh Konfransına gedəndə məcburiyyət qarşısında qalıb geri qayıtmadılar. 1920-ci ildən sonra geniş repressiyalar aparmağa başladılar. Biz çox vaxt tanınmış şair, yazıçı və alimlərin adını çəkirik. Amma qeyd etmək lazımdır ki, kəndlərdə yaşayan varlı və orta təbəqə də repressiyaya məruz qalırdı.
Akif Aşırlı: Eyni zamanda ”Müsavat” və "İttihad” partiyasına qarşı da yerlərdə, kəndlərdə "təmizləmə” siyasəti həyata keçirilirdi...
Aslan Kənan:AXC-nin əsasını müsavatçılar təşkil edirdi. Düzdü, başqa partiyanın da üzvləri vardı, amma "Müsavat” öndə gedirdi. Üzeyir bəyə sual veriblər ki, "Azərbaycan” qəzeti "Müsavat”ın qəzetidir? O da cavab verib ki, "Azərbaycan” qəzeti Azərbaycanın milli qəzetidir, lakin "Müsavat”ın ideyaları Azərbaycan xalqının milli düşüncəsinə uyğun gəldiyi üçün biz onların ideologiyası ilə davranırıq. 1923-cü ildə Cəfər Cabbarlı, Seyid Hüseyn Sadıqzadə və bir çox şəxsləri saxlayırdılar, müvəqqəti həbsdən sonra azadlığa buraxırdılar. Amma sonra həbs edir, güllələyirdilər. Sizə bir misal çəkim ki, Azərbaycan ədəbiyyatı və elmində olan müəyyən şəxslər vardı ki, onları AXC dövründə həsb etmişilər.

Akif Aşırlı: 1918-ci ildə əsasən boşeviklər həbs olunurdu. Cümhuriyyət dönəmində oğurluq və quldurluqla məşğul olanlara qarşı həbslər həyata keçirilib. Eyni zamanda Azərbaycan dövlətinin müstəqilliyinə qarşı çıxanlar da saxlanılırdı. Məsələn, AXC dönəmində bir qrup bolşevik saxlanılmışdı və bolşeviklərə qarşı mübarizə, əsasən 1920-ci ilin fevralından başladı. Gördülər ki, artıq bolşeviklər zorən hakimiyyəti götürmək istəyirlər, hətta təxribat törədirlər, əməliyyat keçirməli oldular. "Fəhlə klub”ları adı altında iğtişaş törədirdilər. Əli Bayramovu bolşeviklərin özləri qətlə yetirmişdilər. Fəxri xiyabanda abidəsi ucaldılan Müsəvini öz dostu çağırıb yemək masası arxasında güllələyib. Bu hay-küylü qətilləri Cümhuriyyətin üzərinə yıxırdılar. Ondan sonra boşeviklərə qarşı müqavimət başladı.
Aslan Kənan: 1919-cu ildə Cavad bəy Məlikyeqanovu tutmuşdular. Amma kütləvi həbs yox idi. Ümumiyyətlə, AXC ən demokratik quruluş idi. Parlamentdə Məhəmməd Əmin Rəsulzadə, Topçubaşov və başqalarını tənqid edirdilər. Onlar o tənqidi sakit qarşılayırdılar.
Akif Aşırlı: Nəinki tənqid hətta təhqir də olunurdular.
Aslan Kənan: Doğrudur. Amma bu tənqidləri bolşeviklər dövründə səsləndirmək mümkün deyildi. Sonra 1928-ci ildə Stalin və ətrafındakılar insan ayağı dəyməyən yerə- Sibirə gəldi. Məhv etmək istədiyi insanları hara yollayacağı məkanı orda tapdı. Bununla o hərəkat yaradıb, repressiyaya başladı. 1934-cü ildə artıq məsələ şişdi. Dekabrın 1-də Kirova Stalinin özü süi-qəsd etdirdi. O gün də bütün Mərkəzi Komitəni iclasa çağırdı və orada məsələni qoydu. Dindarlara, "Müsavat”çılara, "Ağ qvardiya”çılara qarşı mübarizənin əsası qoyuldu. Stalin qanun qoydu ki, 10 gün müddətində hər hansı bir şəxsin işinə baxılsın və heç bir etiraz olmadan güllələnsin.
Akif Aşırlı: Güllələnmənin icraçısı kim idi?
Aslan Kənan:Güllənlənməni 1937-ci ildə heç kimin bilmədiyi bir qaniçən, qəddar Yejov həyata keçirirdi. Onu bu vəzifəyə Stalinin özü gətirib. O da balaca boy bir adam olub. Stalin onun qaniçən olduğunu bilirdi. Stalin bir nəfər deyirdisə, o, 5-ni qətlə yetirirdi.
Yejov bir gündə təxminən 96-98 nəfəri öldürtdürürdü. Bəzən də şəxsən özü güllələyirdi və bundan həzz alırdı. 1930-cu ildə 70 min adam güllələndi. Onun gözünü qan örtmüşdü. Stalin də bunu gözəl bilirdi. Maraqlı məqam budur ki, Yejovun özünü də Stalin güllələdib. Özü vəzifəyə təyin etdiyi adamı güllələtdirdi.
Akif Aşırlı: Bütün İttifaq respublikaları içərisində repressiya qurbanı ən çox hansı ölkədəndir? Statistika aparmısınızmı?
Aslan Kənan: Bu məsələ bir az fəqlidir. Məsələn. Azərbaycanda 10 milyon əhali yaşayır, Ukraynada isə 50 milyon. Əhalinin sayına görə, Azərbaycan repressiya qurbanlarına görə, birinci sırada dayanır. Mənə deyirlər ki, niyə Mircəfər Bağırovun üstünə düşürsünüz? Baxın, Tacikistanda Lahutini güllələyirdilər. Tacikistanın birinci katibi onu onların əlindən aldı. Gedib Moskvaya Lahutinin günahsız olduğunu sübut edib, buraxdırdı. Necə olur Tacikistanın birinci katibi çoxsaylı adamı xilas edir, amma M.Bağırov bunu edə bilmir. M. Bağırov qorxaq adam idi. Onu birinci katib kimi Berya gətirmişdi. Birinci katib Ruhulla Axundov olmal idi, amma M.Bağırov necə elədisə özü gəldi.
Akif Aşırlı: Mircəfər Bağırov haqqında da deyirlər ki, Üzeyir bəyi və xeyli sayda ziyalını qoruyub.
Aslan Kənan: Onu da deyim ki, M.Bağırov torpaqlarımızın bir qarışını belə vermədi. Bir də Nərimanovun yas mərasiminə gəlib iştirak edib. Amma Ruhulla Axundov N.Nərimanovun yas mərasiminə gəlməyib. M.Bağırov Azərbaycan ədəbiyyatında iki nəfər- Səməd Vurğun və Mirzə İbrahimova dəyməyib. İkisini də qoruyub. M.Bağırov S.Vurğunu çağırıb və ona otağında bir qalaq məktub göstərib ki, bu məktubların hamısı sənin əleyhinədir. Bu məktublara görə, səni bir dəqiqənin içərisində məhv edə bilərəm. Amma toxunmuram get, özünü qoru !
M.İbrahimov xatirələrində yazır ki, bir dəfə xəstə olanda Məmməd Səid Ordubadi ilə danışıb. Və M.İbrahimov Məmməd Səiddən xahiş edib ki, müalicəyə getmək istəyirəm. Məmməd Səiddə də M.Bağırovun dostu idi. M.İbrahimovun xahişini ona çatdırır. O da icazə verir. Sonra S.Vurğun M.İbrahimova deyib ki, qal, 3-4 gündən sonra mən də məzuniyyətimi götürüm bərabər gedək. Daha sonra elə olub ki, bu 3-4 gün ərzində partiyanın iclası keçirilir. Bağırov iclasda M.İbrahimovu görüb və deyib ki, özünü təcili müalicə etdir. Sonra M.İbrahimov bildirib ki, M.Bağırov onu öz oğlu qədər istəyir. M.Bağırova güllələnmə kəsiləndə məhkəmədə Rudenkoya Bağırov demişdi ki, məni oğlumun qəbri üstünə apar. Cahangirlə vidalaşım. Gedib yarım saat oğlunun qəbri üstündə ağlayıb. Məsələn, repressiyanın başında duranlardan biri də Xruşşov idi. O Ukraynanın birinci katibi olub. Moskvadan bir verilişə baxırdım və orada dedilər ki, Xruşşov 500 nəfərin siyahısını gətirib Stalinin stolunun üstünə qoydu ki, bu 500 nəfər getməlidir. O da soruşub ki, say nə çoxdu? Xruşşov da cavab verib ki, bu harasıdır, arxası gələcək. Sonra Xruşşov özünü təmizə çıxardı. Üzeyir bəy də repressiya olunacaqmış, amma xoşbəxtlikdən olmayıb. Üzeyir bəy erməni və bolşeviklərə nifrət edirdi. "Müsavat”ı təqdir edirdi. Üstəgəl, qardaşı xaricdə yaşayırdı. O güllələnməli idi, amma yaxşı ki, bu olmadı.
Məsələn, Əhməd Trininç haqqında mənfi rəydə olanlar vardı. Əhməd Trininç Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın çox yaxını olub. Bu adam boşevikləri və rusları sevməyib. Ermənilərə nifrət edib.
Akif Aşırlı: Əliabbas Müznib də Nuru Paşanın çox yaxını idi.
Aslan Kənan: Doğru o, da olub. Ancaq Kazım Ziya deyir ki, gördüm Əhməd Trininç əlində mauzer şəhərdə küçədə güllə atdı və dedi ki, gözünüz aydın türk qardaşlarımız gəlir. O heç kimə pislik eməyib. İlk tutulanlardan biri olub və onu da güllələyiblər. Rəsulzadənin ən yaxın adamlarından olub. Müstəntiq Ə.Trininçi "padval”da sorğu-sual edən zaman deyir ki, filan bolşeviki danışdıranda bildirdi ki, məni güllələmək istəyirdilər, amma Ə.Trininç qoymayıb. Ə.Trininç də cavab verib ki, onun bolşevik olduğunu bilsəydim, dilindən asardım. Onu döyə-döyə öldürüblər. Hacı Kərim Sanılını da döyə-döyə öldürüblər.
Akif Aşırlı: Eşitdiyimə görə, həmin dövrün "delo”larını açıb oxuyanda infarkt keçirmisiniz...
Aslan Kənan: "Delo”ları oxuyanda infarkt keçirdim. Sonra ürəyimdən əməliyyat olundum. İşləmək istrəmirdim. Çünki o dövrü vərəqlədikcə onların yaşadığıqlarını sən də yaşayırsan və adam əsir. Xüsüsən işgəncə və zülmlər adamın gözünün önünə gəlir və bu adama çox pis təsir edir.
Hazırladı: Ayyət Əhməd