5 kiloqramlıq şişlə doğulan körpənin xəstəliyi nədən yaranıb? - Analar, OXUYUN !

"Büzdüm kistası teratomasının müalicəsi ancaq cərrahi əməliyyatdır”.
Bunu "Sherg.az”a Azərbaycanda 5 kiloqramlıq şişlə doğulan körpənin xəstəliyini izah edərkən pediatr Kəmalə Əmrahova deyib. 
O bildirib ki, ana bətnində bu cür xəstəliklərin yaranmasının səbəbi bətndaxili infeksiyalardır:
"Ana hər hansı virus infeksiyası keçirdikdə dünyaya gələcək övladda bu şişlər yarana bilər. Bəzən isə belə xəstəliklərin səbəbi ümumiyyətlə bilinmir.
Ananın yaşına, müəyyən bir patologiyasının olub-olmamasına baxmaq lazımdır. 9 ay hamiləlik dövrünü ananın necə keçirməsindən də çox şey asılıdır. Əgər əsəb, stress və nevroloji problemlər içərisində hamiləlik keçibsə, uşaqlarda bu kimi simptomlar özünü göstərə bilər.
Şiş ana bətnində görülübsə, doğulduqda patologiya özünü göstərəcəkdi. Əməliyyata girib-çıxsa belə uşaqda həmin şişin yaratdığı cüzi fəsadlar qalacaq. Əməliyyatdan sonra uşağın immun sistemindən asılı olaraq, yaranmış patologiya özünü göstərə bilər”.
Xəstəliyin xassələrindən danışan pediatrın sözlərinə görə, büzdüm sümüyünün anadangəlmə böyük həcmli teratoması (coccugeal teratoma) zamanı anal dəlikdən 10 sm yuxarıda büzdüm nahiyəsində şişin dəliyi olur:
"Bu şiş büzdüm nahiyəsinin dərialtı irinli törəməsidir. 2 oma sümüyü arasında qalan dəri altı nahiyədə çuxur əmələ gəlir. Kürək və başdan tökülən tüklər sürtünmə nəticəsində çuxurun ən dibindəki ən alt bölgəyə tökülür. İçəridə olan bakterialar infeksiyalaşır, iyi və axıntılar əmələ gətirir.
Üst dəri tutularsa, iltihab çölə çıxa bilməz, abses əmələ gətirər.
Sonradan yaranan bu tertomanın əlamətləri isə müxtəlifdir. İlkin olaraq büzdüm sümüyü nahiyəsində qızartı, qaşınma olur. Büzdüm sümüyün nahiyəsində ağrının olması da xəstəliyin əlamətləri sırasındadır.
Əslində bu, anadangəlmə xəstəlikdir. Bəzi vaxtlar isə körpə doğulan kimi özünü göstərir. Bu xəstəliyin müalicəsi yalnız cərrahi əməliyyatla mümkündür”.
Qeyd edək ki, uşaq keysəriyyə üsulu ilə doğulub və ümumi çəkisi 8 kiloqram olub. Körpədə anadangəlmə olan şiş və anomaliya büzdüm sümüyü hüceyrələrinin miqrasiyasının pozğunluğu nəticəsində yaranır. Teratomanın tərkibində maye, tük, sümük, sərt toxuma olur. Bu xəstələr tez bir zamanda əməliyyat olunmadıqda ölür. Buna görə, sözügedən körpənin bədənindəki 5 kiloqram çəkidə böyük şiş Əməliyyat zamanı götürülüb. Arxa hissə və anus bərpa olunub.
Aysel Aslan