60 manat və 4 bal cərimə var

Avtomobilin nömrələrində dəyişiklik edən sürücülər haqqında ciddi tədbirlər görülməlidir


Son vaxtlar bəzi nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarında qanunvericiliklə nəzərdə tutulmuş standartların tələblərinin pozulması hallarına rast gəlinir. Ayrı-ayrı sürücülər guya daha gözəl göründüyünü düşünərək nömrələrin üzərinə həkk olunmuş defis simvollarını bilərəkdən müxtəlif üsullarla silirlər, lakin nəzərə almırlar ki, bu hərəkət qayda pozuntusu hesab edilir.
Hətta məsələ ilə bağlı DİN Baş DYP İdarəsi sürücülərə və avtomobil sahiblərinə müraciət edib. Sürücünün adi kiçik xətt hesab etdiyi simvolun pozulması dövlət qeydiyyat nişanları standartının tələblərinin pozulması kimi qiymətləndirilir ki, bu da nəticədə YPX əməkdaşı tərəfindən sürücünün cərimə olunmasına şərait yaradır.

Qeyd olunanları nəzərə alaraq, DİN Baş DYP İdarəsi nəqliyyat vasitələri sahiblərinin və sürücülərin diqqətinə çatdırır ki, nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarında qanunvericiliklə nəzərdə tutulmuş standartların tələblərinin pozulması (defis simvollarının, çərçivə xəttinin silinməsi) hallarının aradan qaldırılması üçün 1 ay müddətində vaxt verilir. Əks halda nəqliyyat vasitəsinin istismarı qadağan olunmaqla sürücülər inzibati məsuliyyətə cəlb ediləcək, eləcə də xüsusi texniki vasitələrin köməyi ilə qeydə alınan digər qayda pozuntuları ilə bağlı tərtib edilmiş elektron protokollardakı görüntülərdə belə hallar aşkar olunduğu təqdirdə inzibati xətaya yol vermiş şəxslər haqqında əlavə inzibati tənbeh tədbiri görüləcək.

Sürücülərin bu cür qayda pozuntularına nə üçün yol verdikləri və qanunvericilikdə onları gözləyən cəzalarla bağlı "Şərq”ə danışan "Digesta” hüquq firmasının direktoru, nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, hansısa sürücü qeydiyyat nişanında dəyişikliklər edirsə, bunun heç bir mənası və əhəmiyyəti yoxdur. 

Ekspert qaydanı pozan sürücülərin 60 manat miqdarında və ya 4 bal ilə cərimə olunduqlarını söyləyib: 

"Maşınların dövlət qeydiyyat nişanının özünəməxsus "Aze” standartı var. Bu standart 2015-ci ildə təsdiq olunub və son illər yenidən bu məsələyə baxılır. Dövlət qeydiyyat nişanlarının hamısı da həmin standarta uyğun olmalıdır. Orda əsas olan hərflər və rəqəmlərdir. Onlar yaxşı görünməlidir, rəng tərtibatı, üstündəki qrafiklər, bir sözlə, hər bir detallar standarta uyğun olmalıdır. Standartdan kənar nömrələr olarsa, sürücülər cərimə olunur.

 Yəni standartın bütün tələbləri yerində olmalıdır. Sürücülərə dövlət qeydiyyat nişanını DYP, kənd təsərrüfatı texnikasına aid qeydiyyat nişanını isə Kənd Təsərrüfatı Nazirliyi verir. Həmin qeydiyyat nişanını verən dövlət orqanları da ilk növbədə onu standarta uyğun verməlidir. O cümlədən defis işarələri elə çap olunmalıdır ki, standarta uyğun olsun və sürücü hər hansı bir dəyişiklik etməsin. Hansısa dəyişiklik etməyin heç bir mənası, məntiqi, əhəmiyyəti yoxdur. 

Kimsə bunu qəsdlə edərsə, cəzalanmalıdır. Lakin ola bilsin ki, qeydiyyat nişanı verilərkən dövlət standartına uyğun olmasın və heç sürücünün bundan xəbəri olmasın. Belə sürücülərin cəzalanması düzgün deyil”.

Yeganə Bayramova