9 ay yoxlamalar lazımdır

Bəziləri başa düşmək istəmirlər ki, hamiləlik dönəmində hər gün orqanizm dəyişir
Ola bilər ki, hamiləliyin ilk dövrlərində orqanizm sağlam olsun, amma sonrakı dönəmlərdə əsaslı dəyişikliklər baş verə bilər





Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova bəzi qadınların hamiləlik dönəmində yoxlamalardan keçmədiyini bildirib. Onun sözlərinə görə, qadınlar hamiləliyin ilk günlərində tez-tez həkimə getsələr də, sonralar hər şey normal olduqda onlar sanki arxayınlaşırlar.

Hamiləliyin fəsadlaşmaları artdığı dövrdə qadınların həkimə gec müraciət etdiyini vurğulayan S.Məmmədova əlavə edib ki, belə olanda da həkimlər fəsadlaşmaları vaxtında həll edə bilmirlər: "Ona görə də sonrakı müddətdə xoşagəlməz problemlər əmələ gəli. Orqanizmdə olan hər hansı bir kənara çıxmaları vaxtında aşkarlamaq və gələcək hamiləliyin orqanizmə necə təsir göstərəcəyini müəyyən etmək mütləqdir. İkinci məsələ hamiləlik dövründə meydana gələn hamiləlik fəsadlaşmalarıdır. Belə hallar adətən hamiləliyin 22-ci həftəsindən sonra baş verir”.

Nazirliyin baş ginekoloqu ilə razılaşdığını deyən həkim Şəmsiyyə Namazlı "Şərq”ə bildirib ki, qadınların bir çoxu ya intellektual, ya da tibbi savadı aşağı olduğu üçün məsələnin nə dərəcədə ciddi olduğunu dərk etmirlər. 

Həkimin sözlərinə görə, hamiləliyin ilk ayında yoxlanışlardan keçdikdən sonra qadınlar səhhətlərində problem olmadığını düşünürlər və növbəti yoxlamalardan imtina edirlər. Bu isə zaman keçdikcə həm uşağın, həm də ananın həyatı üçün olduqca risklidir: 

"Hamiləlik dönəmində 9 ay yoxlamalar ona görə lazımdır ki, bu müddət ərzində dölün inkişafı və qadının sağlamlığı ilə bağlı müəyyən problemlər meydana çıxmasın. Bəzən olur ki, hamiləlikdən qabaq qadında daxili orqan xəstəlikləri olur və zamanında müalicə almır. Bütün bunlar isə ciddi fəsadlara gətirib çıxarır. Vaxtilə müalicə olunmadığı üçün həmin xəstəlik hamiləlik vaxtı onu daha da narahat edir.

Bütün qadınlar şüurlu surətdə anlamalıdırlar ki, hamiləlik dönəmində yoxlamaların olması vacibdir. Bəziləri başa düşmək istəmirlər ki, hamiləlik dönəmində hər gün orqanizm dəyişir. 

Ola bilər ki, hamiləliyin ilk dövrlərində orqanizm sağlam olsun, amma sonrakı dönəmlərdə əsaslı dəyişikliklər baş verə bilər. Bu zaman dölün inkişafdan qalması və digər problemlərin yaşanması mümkündür”.

Ş.Namazlı həmçinin deyib ki, hamiləlik vaxtı ən çox rast gəlinən problemlərdən biri də qanda hemoqlabinin aşağı olmasıdır: 

"Hamiləlik inkişaf elədikcə hemoqlabin tədricən aşağı düşür. Qadınlar növbəti yoxlamalarda iştirak etmir deyə onlar bunlardan xəbərsiz olurlar. Bilmirlər ki, hamiləlik hər ay hemoqlabini düşməyə davam edir, sonda isə bu, qan azlığı ilə nəticələnir. Qanın az olması da eyni zamanda qadının özünə və bətnindəki körpəyə zərbə vurur. Həmçinin hamiləlik bitdikdən sonra baş gicəllənmə və baş ağrıları, yaddaş zəifliyi və digər orqanların oksigenlə təminatı pozulur”.

Yeganə Bayramova