ABŞ-ın İrandan sonrakı hədəfi Rusiya və Türkiyə ola bilər





"ABŞ və Türkiyə arasında münasibətlərin gərginləşməsinin səbəbi İrana qarşı sanksiyaların tətbiq olunması və Ankaranın bu məsələdə sərgilədiyi mövqeyidir”.

Bunu "Sherg.az”a açıqlamasında Türkiyəli professor, siyasi şərhçi Hasan Oktay deyib. 

Son günlər dərinləşən ABŞ-Türkiyə qarşıdurması ilə bağlı fikirlərini bəyan edən professor 
vurğulayıb ki, Amerika hansısa ölkəyə təzyiq edərkən öz yaxın müttəfiqi Türkiyənin də eyni addımı atmasını istəyir:

"ABŞ İraq və Suriya məsələlərində gördü ki, Türkiyə Vaşinqtonun yanında olmadığı müddətcə Ağ Evin uğur əldə etməsi mümkünsüzdür. Ona görə də, sonrakı addımlarda Ankaranı öz yanında saxlamağa çalışır. İran məsələsində Trampın sərt mövqeyi ortadadır. 

Lakin Türkiyə və Rusiya Yaxın Şərqdə olduğu kimi Amerikanın İrana qarşı əməliyyatlar keçirməsinə qarşı çıxırlar. Çünki bundan sonrakı hədəfin Rusiya və Türkiyə olduğunun hər iki dövlət fərqindədir. Bu baxımdan Ağ Evin İran siyasəti ilə bağlı Türkiyənin ciddi tərəddüdləri var. Yəni iki dövlət arasındakı qarşıdurmanın əsas səbəbi iqtisadi deyil, siyasi proseslərlə bağlıdır”.

Ekspertin qənaətinə görə, NATO içində iki ölkənin bu qədər kəskin formada qarşı-qarşıya gəlməsi ilk dəfə yaşanır:

"Şübhə etmirəm, hərbi alyansın digər üzvləri, Avropa dövlətləri araya girərək Vaşinqton-Ankara münasibətlərini düzəltməyə çalışacaqlar. Nəticədə tərəflərin mövqeyi yumşalmağa doğru gedəcək. Yaxın günlərdə baş tutması gözlənilən Putin-Ərdoğan-Ruhani görüşü siyasi proseslərin gedişində ciddi dəyişiklik yarada bilər”.

İsmayıl