Reallıq isə budur ki, Türkiyə getdikcə qərbdən uzaqlaşır və Rusiya ilə yaxınlaşır
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ dövlət katibi Reks Tillerson arasında telefon danışığı olub. Dövlət rəsmiləri son günlər Türkiyə ilə ABŞ arasında yaşanan diplomatik qalmaqal ətrafında fikir mübadiləsi aparıblar.
Hələlik görüşün detalları açıqlanmayıb. Bəzi ekspertlər əlaqələrin yaxın günlərdə normala dönəcəyini iddia edirlər. Lakin əlaqələrin uzun müddət gərgin qalacağını, hətta daha kəskin hal alacağını deyənlər də az deyil. "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, ABŞ Türkiyə ilə münasibətləri qəsdən gərginləşdirir.
Ekspert xatırladıb ki, İkinci Dünya Müharibəsindən sonra ABŞ və Türkiyənin strateji müttəfiqliyi zərurətdən irəli gəlirdi:
"Soyuq Müharibə” illərində ABŞ Türkiyəni SSRİ-dən qoruyurdu. Ona görə bu ölkədə nüvə başlıqları yerləşdirmişdi. Açıq demək lazımdır ki, 90-cı illərə qədər Türkiyə ABŞ-ın siyasətindən kənara çıxmırdı. Amma "Soyuq Müharibə bitdi və SSRİ çökdü. Türkiyə isə regionda əsas oyunçuya çevrilmək istədi. Son bir ildə ABŞ-Türkiyə münasibətlərində müəyyən soyuqluq və gərginlik yaşanır. Hazırda Türkiyə və ABŞ arasındakı münasibətlərdə çoxlu sayda gərginlik ocaqları var. Birinci, ötən il Türkiyədə dövlət çevrilişinə cəhdin başında dayanan şəxsin hələ də ABŞ-ın Pensilvaniya ştatında rahat şəkildə yaşaması və fəaliyyət göstərməsi münasibətlərə ciddi təsir göstərir. ABŞ nəinki onu həbs edərək Türkiyəyə təhvil vermir. Əksinə, Fətullah Gülən orada istədiyi şəxsləri qəbul edir, tapşırıqlarını verir. İkinci məqam Suriya məsələsi ilə bağlıdır.
Bu yaxınlarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin sessiyasında amerikalı həmkarı Donald Trampla görüşdü. Tramp həmkarına bildirdi ki, biz Türkiyənin mövqeyini yaxşı başa düşürük. Elə həmin gün ABŞ hərbi texnikasının PKK terror təşkilatının iki törəməsi YPG və PYD-yə necə silah daşıması ilə bağlı şəkillər yayıldı. Türkiyə dəfələrlə bildirdi ki, düşmənlərinə silah verilməsin. Ancaq ABŞ fərqli siyasət yürütdü və heç nə qazanmadı. Buna görə də Türkiyə Rusiya ilə əməkdaşlıq etməyə başladı”.
Politoloq bildirib ki, hazırda Rusiya-Türkiyə əməkdaşlığı daha böyük vüsət alıb və ABŞ-ın Suriyada elə də böyük rolu qalmayıb:
"Əksinə, Rusiya şərait yaratdı ki, Türkiyə ordusu İdlibə daxil olsun. Son hadisə isə Türkiyədə Fətullah Gülənə bağlı insanların həbsi ilə bağlıdır. Həbslər dalğasının bir ucu da ABŞ səfirliyinə və konsulluğuna çatıb. ABŞ həbslərin acığına viza verməkdən imtina etdi. Əvvəlcə dedilər ki, bu, səfirin öz təşəbbüsü ilə baş verib. Təbii ki, inandırıcı deyil. Səfir bu qədər böyük riskə gedərək, iki ölkənin münasibətlərinin gərginləşməsinə səbəb olacaq addım ata bilməzdi. Məncə, bu, Dövlət Departamentinin göstərişidir. Bəllidir ki, səfir Vaşinqtonun təlimatı ilə bu addımı atıb. Deməli, Amerika bilərəkdən Türkiyə ilə münasibətlərin gərginləşdirilməsinə çalışır. Bundan nə qazanacağı isə bəlli deyil. Çünki Türkiyə regionun açar dövlətidir.
Doğrudur, Rusiya-Türkiyə əməkdaşlığı ABŞ-ı narahat edir. Əgər bu əlaqələr ABŞ-ı narahat edirdisə, əməkdaşlığın miqyasını azaltmaq, Türkiyəni özünə tərəf çəkmək üçün cəlbedici siyasət yürüdülməli idi. Reallıq budur ki, Türkiyə getdikcə qərbdən uzaqlaşır və Rusiya ilə yaxınlaşır”. E.Şahinoğlu hesab edir ki, ABŞ-Türkiyə əməkdaşlığında əmələ gələn dərin çatları bərpa etmək üçün ilk addım rəsmi Vaşinqton tərəfindən atılmalıdır: "Bunun üçün ABŞ Suriya siyasətinə göz gəzdirməlidir. Terrorçu kürdlərə dəstəyi dayandırmalıdır. Gülən məsələsinə aydınlıq gətirməlidir”.
İsmayıl