ABŞ qərarlı və israrlı görünür

2018-ci ildə NATO çərçivəsində keçiriləcək 11 irimiqyaslı təlim əzələ nümayişidir



ABŞ 2018-ci ildə NATO çərçivəsində 11 irimiqyaslı təlim keçirməyi planlaşdırır. Bu barədə Amerika Silahlı Qüvvələrinin komandanı general Con Xili bildirib. Məlumata görə, təlimlər İslandiya, Böyük Britaniya, Baltikyanı ölkələrdə və Finlandiyada keçiriləcək. Qlobal təlimlərdə Hərbi-Hava Qüvvələri, Hərbi-Dəniz Qüvvələri və quru qoşunların iştirakı nəzərdə tutulub. General əlavə edib ki, 2017-ci ilin yayında Avropadakı təlimlərdə ABŞ və müttəfiq ölkələrin 40 mindən çox hərbçisi iştirak edib.

Xili onu da bildirib ki, təhlükəsizlik nöqteyi-nəzərdən Rusiya Avropanın diqqət mərkəzində qalmaqdadır. Belə ki, Avropanın müvafiq qurumları Belarus və Rusiya arasında 14-20 sentyabr tarixlərində keçiriləcək "Qərb-2017" hərbi təlimlərini diqqətlə izləyəcək. Şübhəsiz ki, sözügedən hərbi təlimlər Moskvanın ciddi narahatlığına səbəb olacaq. 

Məsələ ilə bağlı "Şərq"ə danışan politoloq Vasif Əfəndiyev bildirib ki, NATO-nun 2018-ci il üçün planlaşdırdığı iri həcmli təlimlər əslində Rusiyaya güc nümayiş etdirmək məqsədini güdür: 

"Rusiya bunun qarşılığında Belarusla birlikdə təlimlər keçirməyi planlaşdırır. Ancaq Rusiyanın keçirdiyi hərbi təlimlər həm masştabına, həm də cəlb olunan hərbi kontingentin miqyasına görə, NATO təlimlərinin yanında sadəcə kiçik bir nümayiş kimi qalır. Lakin 40 mindən çox hərbi qulluqçunun cəlb ediləcəyi NATO təlimlərinin Rusiyanı yola gətirəcəyini iddia etmək mümkün deyil". 

Ekspertin sözlərinə görə, ABŞ-ın Rusiya diplomatlarına qarşı tətbiq etdiyi sanksiyadan sonra bu ölkəyə qarşı iqtisadi sanksiyaların tətbiq edilməsi siyasi kursun məntiqi nəticəsidir: 

"ABŞ siyasətində prioritet olan məsələlərdən biri xəbərdarlıq etmədən heç bir addım atmamasıdır. Hədəf götürülmüş dövlətə ilk olaraq şifahi xəbərdarlıq edilir. Sonra siyasi qərarlar verilir. Bu islahedici addımlar nəticə vermədikdə daha təsirli olan iqtisadi sanksiyalar tətbiq edilir. 

Rusiya bu yaxınlarda ABŞ və bir neçə Avropa Birliyi ölkələri tərəfindən iqtisadi sanksiyalara məruz qaldı. Öz saymazyana siyasətini davam etdirən Kreml bu sanksiyaları qulaqardına vuraraq Gürcüstan ərazisində növbəti təxribatı törətdi və Cənubi Osetiya ərazisindən keçən neft kəmərinin bir hissəsini işğal etdi. Rusiya hakimiyyəti bu davranışları ilə sübut etdi ki, öz xoşuna işğalçı hərəkətlərini dayandırmayacaq. 

Ona görə də qarşı güc üsulları gündəmə gətirildi. Prezident Barak Obama zamanında tətbiq edilən iqtisadi sanksiyaların ilkin mərhələsində Rusiya ilə anlaşmağın mümkün olacağına ümid edilirdisə, artıq Tramp administrasiyası nikbinlikdən çox uzaq olduğunu ortaya qoymaqdadır". Politoloqun fikrincə, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar onsuz da bərbad vəziyyətdə olan ölkənin vəziyyətinə çox ağır təsir edəcək: "Bu dəfə ABŞ çox qərarlı və israrlı görünür. Sanksiyalar Ukrayna, Gürcüstan və Moldova əraziləri işğaldan azad olunmayana qədər davam edə bilər".

İsmayıl