"ABŞ səfirinin “işğal olunmuş ərazilər” ifadəsi çox mətləblərdən xəbər verir"





"ABŞ-ın Ermənistandakı səfirinin sözləri Azərbaycanın çoxdan bəri mütəmadi şəkildə beynəlxalq ictimaiyyətin diqqətini yönəltməyə çalışdığı məsələnin etirafıdır”.

Bunu "Sherg.az”a açıqlamasında ABŞ-ın Ermənistandakı səfiri Riçard Millsin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən politoloq Zaur İbrahimli deyib.

Ekspertin sözlərinə görə, bu açıqlamalarda daha çox diqqət çəkən məqam Ermənistanın danışıqlar prosesində produktiv iştirakdan boyun qaçırmağa çalışmasının vurğulanmasıdır:

"Bakı uzun illərdir Ermənistanın danışıqlar prosesini pozmağa çalışdığını, imitasiya ilə məşğul olduğunu vurğulayır. Bunun ABŞ səfiri tərəfindən diplomatik formada açıqlanması çox mühümdür. Amerikalı səfirin Ermənistan cəmiyyətinin radikallaşdığını qeyd etməsi də çox vacib məqamdır. Bu, uzun illərdir ki, Ermənistanın yaratmağa çalışdığı miflərin dağıdılmasıdır. Eyni zamanda erməni dövlətinin işğalçı düşüncəsinin və yanaşmasının etirafıdır.

Ərazilərin bir hissəsinin azad olunması ilə bağlı deyilənlər isə mərhələli həll planının elementlərindən biridir. Bununla bağlı müxtəlif yanaşmalar var. Əvvəlcə müəyyən sayda rayonun azad olunması, daha sonra yerdə qalanların müəyyən ardıcıllıqla boşaldılmasıdır. Bu intervalda razılaşmalar əldə edilməsi planlaşdırılır”.

Ekspert bildirib ki, bu məsələlər müxətlif formada ekspertlər və hökumətlər səviyyəsində, vasitəçilərin iştirakı ilə müzakirə edilib:

"Amma hələlik, konkret imzalanmış sənəd ortada yoxdur və təkliflər masada qalıb. Bununla belə ABŞ səfrinin "işğal olunmuş ərazilər” ifadəsinin özü çox mətləblərdən xəbər verir. Ermənistanın ölkəmizin ərazilərinin işğalı faktının rəsmən etiraf edilməsi faktının daha geniş miqyasda əks olunmasına çalışmalıdır”.

Qeyd edək ki, ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills "işğal edilmiş ərazilərin bir hissəsini Azərbaycana qaytarmadan Dağlıq Qarabağ münaqişəsini həll etmək mümkün olmayacaq” deyib. Səfirin sözlərinə görə, Ermənistan hazırkı vəziyyətdə münaqişədə uzlaşmaya gedən tərəf kimi görünmür: "Demək olar ki, tərəfləri razı salan variantların heç biri Ermənistanda müzakirə edilmir. Bu, məni təəccübləndirir və narahat edir. Ermənistana gələndə münaqişənin dinc yolla həllini istəyən ermənilər indi öz fikirlərini dəyişiblər. Hökumətimin məsələnin dinc yolla həll səylərinə dəstək verilməməsi, sözün açığı, məni çaşdırır”.

İsmayıl