Adı var, "dad"ıyox yarmarkalarımız - Qiymət baha, məhsul zay...

"Ölkədə təşkil edilən yarmarkalar "yarmarka” sözünün mahiyyətini əks etdirmir”.
Bu barədə "Sherg.az”a sakinlərin paytaxtda təşkil edilən yarmarkalardan narazılığı haqqında danışarkən iqtisadçı - ekspert Fuad İbrahimov bildirib. 
O qeyd edib ki, həmin yarmarkalar çox zaman "gözdən pərdə asmaq" mahiyyəti daşıyır:
"Adı var ki, filan ərazidə yarmarka təşkil olunub. Bazar iqtisadiyyatı şəraitində yarmarkalar yaradılır ki, istehsalçı, təsərrüfatçı özü ayda, ya həftədə bir dəfə məhsulunu bazara çıxarsın. İstehlakçı ilə birbaşa ünsiyyətdə olmaq şərti ilə öz iqtisadi dövriyyəsinə çevirsin. Bu məsələdə istehlakçı da mənfəət götürməlidir.
Yarmarkalarda istədiyimiz keyfiyyətdə məhsulu görə bilmirik. Çünki bunun adından istifadə edib, müddəti başa çatmaqda olan və ya tamamilə başa çatmış məhsullar satılır. Məsələn, marketlərdə belə hallar demək olar baş vermir. Yarmarkalarda isə keyfiyyətini itirmiş, qismən yararsız məhsulları satışa çıxarırlar.
İnstitusional səviyyədə yarmarkaların mahiyyəti haqqında anlayış formalaşmayıb. Hətta insanlarda şübhə yaranır ki, təsərrüfatçının özü piştaxtanın arxasında dayanmır. Yarmarkalarda da dəllallar "at oynmadır" və satışa keyfiyyətsiz məhsul çıxarırlar. Ümumən, yarmarkalar təşkil olunarkən, müasir tələblər nəzərə alınmır”.
Aysel Aslan