Ağır cinayət törətməyənlərə güzəşt olmalıdır

Peşman olanlara yüngül cəza verib şans tanımaq lazımdır
Amma azyaşlılara, köməksizlərə qarşı amansız qətl törədən məhbusların cəzası yüngül olmamalıdır


Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyevin təklifinə görə, Cinayət Məcəlləsində ömürlük cəza çəkənlərlə bağlı tətbiq edilən humanist dəyişikliklərdə təkcə cəza çəkənlər yox, zərərçəkmiş şəxslər də nəzərə alınmalıdır:

"Bu dəyişikliklərdə göstərilir ki, ömürlük azadlıqdan məhrum edilənlər 25 ildən sonra şərti olaraq vaxtından əvvəl cəzadan azad oluna bilərlər”. 

Deputat hesab edir ki, mülkiyyət əleyhinə olan cinayətlərə cəza sərtləşdirildiyi halda, ömürlük cəzanı-şəxsiyyət əleyhinə olan cəzanı yüngülləşdirmək məqsədəuyğun deyil. O qeyd edib ki, ömürlük cəza əsasən azyaşlılara, köməksiz insanlara qarşı qətl törədənlər, yaxud xüsusilə ağır cinayətlər törədənlərə qarşı tətbiq edilən cəzalardır. İndi biz bunu yüngülləşdiririk, ancaq bu, düzgün addım deyil və zərərçəkənlərdə intiqam hissini alovlandıra bilər.

İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri, vəkil İradə Cavadovanın sözlərinə görə, azyaşlılara, köməksiz insanlara qarşı amansız qətl törədən insanlar istisna olmaqla digər məhkumların cəzasını yüngülləşdirmək, törətdiyi əməldən peşman olan insanlara bir şans vermək təqdirəlayiq haldır.


Ölüm hökmü ömürlük cəzayla əvəzlənərkən ayrıseçkiliyə yol verildiyini düşünən İ.Cavadova hesab edir ki, ömürlük azadlıqdan məhrum edilən məhkumların heç də hamısına bu cəza ədalətli olaraq verilməyib:

 "Sovet dövründə ömürlük cəza mexanizmi olmadığı üçün ağır cinayət əməli törədən insanlara ölüm hökmü kəsilirdi. Müstəqillik illərindən sonra isə ən yüksək cəza alan şəxslər avtomatik olaraq ömürlük azadlıqdan məhrumetmə cəzası almışdılar. Daha doğrusu, bəziləri yuxarı hədd olan 15 il, bəziləri ömürlük aldı. Sonradan ömürlüklərin bəzilərinin valideynləri fəallıq göstərdi və onların da cəzası 15 illə əvəzləndi. Bu üzdən bir çoxları narazı qaldı. İddia edirdilər ki, adam öldürülməsində iştirak etməmişik, hökmümüz ədalətsizdir. 

Zənnimcə, yenidən araşdırılsa, bəlkə də həmin şəxslərin cəzasını 15 illə əvəzləmək olardı. Sadəcə qanunvericilik tam oturuşmadığı üçün ciddi araşdırma da aparılmadı. Bu mənada da törətdiyi cinayət əməlindən asılı olaraq ömürlük azadlıqdan məhrum edilənlərin 25 ildən sonra şərti olaraq vaxtından əvvəl cəzadan azad olunmasını müsbət qarşılayıram. Bu dəyişikliyin zərərçəkmişlərdə intiqam hissini alovlandıracağını da zənn etmirəm. Əgər onların qərarla bağlı narazılıqları olsa, işə yenidən baxıla bilər”.

Şəymən