“Ağzımı açsam, Məleykə biabır olar”

Ramiz Məlik: “Məni məcbur edər, onun hardan, necə gəldiyini yadına salaram”
“Onda başını qaldırıb adam arasına çıxa bilməz”



Akademik Milli Dram Teatrının iki aktyoru, xalq artistləri Ramiz Məliklə Məleykə Əsədova arasında "soyuq müharibə” başlayıb. Aktrisanın sosial şəbəkədə paylaşdığı fotolar mübahisəyə səbəb olub. M.Əsədovanın geyimini tənqid edənlər arasında R.Məlik də yer alıb. Aktyor hətta feysbuk səhifəsində paylaşım edərək Əsədovaya məsləhət verib: "Məleykə, belə şəkillərlə özünü biabır etmə. İlk növbədə özünü yox, sənə verilən o fəxri adı və teatr kollektivini düşün”.

Ramiz Məlikin bu paylaşımı tərəflər arasında münasibəti gərginləşdirib. Əldə etdiyimiz məlumata görə, Məleykə Əsədova Ramiz Məlikin paylaşımından sonra onun ailəsinə telefon açaraq aktyoru təhqir edib. Məsələyə aydınlıq gətirmək üçün Ramiz Məliklə əlaqə yaratdıq. "Şərq”ə açıqlama verən xalq artisti "Mən Məleykəni təhqir etməmişəm. Statusu yəqin ki, oxumusuz. Mən ona bir böyük kimi öyüd vermişəm ki, ayıbdı. Məleykə evimə telefon açaraq məni, ailəmi təhqir edib. 

Kim ona bu səlahiyyəti verib ki, ailəmi təhqir etsin. Mən sadəcə teatrın bir aktyoru kimi ona məsləhət vermişəm. Mən nə demişəm? Deyirəm ki, belə paylaşımlar bir xalq artistinə yaraşmaz. Özünə hörmət etmirsən, aldığın fəxri ada, işlədiyin Akademik Milli Dram Teatrının kollektivinə hörmət et. Mən başqa nə demişəm? Ağsaqqal kimi tövsiyə vermişəm. O isə mənim evimə zəng edərək lokonik sözlərlə, təhqiramiz ifadələrlə təhqir edib. Məleykə mənim ağzımı açmasın. Açsam, o biabır olar. Məleykənin bütün əməllərini bilirəm. Məni məcbur etməsin ki, bildiklərimi açıb töküm. Mənim adıma-sanıma yaraşmaz ki o səviyyəyə enim. Amma məni məcbur edər, onun hardan, necə gəldiyini hara gəlib çatdığını yadına salaram. Soruşuram, keçmişini niyə unutmusan? Mən ona bayaqdan dəfələrlə yığmışam telefonu açmır. O kimə güvənir? İki telefonuna da yığmışam ki, mən səni təhqir etmədən münasibətimi, məsləhətimi bildirmişəm. Sən kimsən ki, mənim həyat yoldaşıma mənim barəmdə qeyri-etik ifadələr işlədəsən. Bilirsiz, mən ona neynərəm? Sən dön, bir arxana, dünəninə bax. Hər bir insan dünənini unutmamalıdır. Mənim deyəcək sözlərim çoxdu. Kişiyəm, susuram. Amma məni məcbur edər, onun iç üzünü ortalığa qoyaram. Onda başını qaldırıb adam arasına çıxa bilməz. Məleykə, dünəni sən unuda bilərsən, biz sənin kim olduğunu, hardan hara gəldiyini unutmamışıq. Mən sənin kim olduğunu açsam sənin üçün ayıb olar. Hərçənd sən ayıb nə olan anlayışdı ondan xəbərsiz birisən. Abrın olsaydı, sənə bu iradlar səslənməzdi”.

Tahirə