Ahıl kişi və qadınları diləndirən şəbəkə niyə üzə çıxmır ? - İmicimizə zərbə !

Əhməd Qəşəmoğlu: "Qaraçılar və dilənçilər müəyən şəbəkələr tərəfindən idarə olunur. Yoxsa, onlar təkbaşına şəbəkə yarada bilməzlər"
Paytaxtda qaraçı dilənçilərin və ya diləndirilən şəxslərin artması ictimaiyyətdə narazılıq doğurub. Onlara az qala paytaxtın əksər küçə, səki və ictimai nəqliyyatında rast gəlmək mümkündür. Dorğudur, zaman -zaman əlaqədar qurumlar belə şəxslərə qarşı mübarizə aparsa da, bu halın qarşısını almaq sanki müşkülə çevrilib. Qaraçılarda bunun bir "ənənə" olması hər kəsə məlumdur. Amma təssüf doğuran məqam odur ki, bəzən ağsaqqal kişilər, ağbirçək qadınlar və cavan gəlinlər gün ərzində 3-5 manat müqabilində diləndirilir. Yəni onlar heç özlərinin də xəbəri olmadan o şəbəkəyə xidmət etmiş olur. 
 Məsələn, elə ötən günlərdə "Modern.az” saytının baş redaktoru Elşad Eyvazlının bu məsələ ilə bağlı başına gələnlər fikirlərimizin sübutu sayıla bilər. 
Baş yazarın sözügedən hadisəyə dair feysbuk səhifəsindəki paylaşımını ölduğu kimi təqdim edirik: 
Babək prospektində tıxacda, yağışın altında gözləyərkən qucağında körpəsi ilə bir qadın yaxınlaşdı : 
" - Ay qardaş, sən Allah 20 qəpik ver..
- Sənə burada dayanmaq üçün nə qədər vaxt veriblər?
- "Probka" yox olana qədər.
- O müddətdə nə qədər pul yığa biləcəksən?
- Ən çoxu 2-3 manat.
- Al, mən sənə 3 manat verirəm, o körpə uşağı apar evə.
- Ay qardaş, nolar, 5 manat elə.
- Qaytar 3 manatı, 20 qəpik istəmişdin, al, bu da 20 qəpik
- Yox, yox. Çox sağ ol. Əhmədlidə yaşayıram, öpdüm".
Məsələ ilə bağlı "Sherg.az”a danışan sosioloq Əhməd Qəşəmoğlu da qaraçıların və dilənçilərin müəyən şəbəkələr tərəfindən idarə olunduğunu deyib. Sosioloq bildirib ki, onlar təkbaşına şəbəkə yarada bilməzlər:
"Həmin şəxslərə nəzarət edənlər də bundan qazanırlar. Polis orqanları bununla məşğul olur.
Bu məsələni bütün dilənənlərin əleyhinə aradan qaldırmaq olmaz. Xüsusi layihə həyata keçirilməli və həqiqətən ehtiyacı olduğundan dilənənlər kimdir müəyyənləşdirilməlidir. Elələri var ki, ağır vəziyyətdədirlər. Mən özüm də belə halda olanlara, yaşlılara pul verirəm. Lakin üz-gözündən fırıldaq tökülən, özünü dilənçi kimi göstərən şəxsə pul vermək lazım deyil. Belə fırıldaqçılar çoxdur.
Məsul olan nazirliklər yaxşı tədqiqat aparmalıdır. Küçədə duran dilənçilər bir neçə yerə ayrılacaq. Bəziləri həqiqətən ağır vəziyyətdədirsə, onlara ünvanlı sosial yardım verilməlidir.
Elə dilənçilər var ki, əlil kimi yerə oturur, polis gələndə durub, qaçırlar. Dəfələrlə şahid olmuşam ki, özünü lallığa vuran gənc 2 addım kənarda telefonla danışır, söhbət edir. Bu insanların sosial portretini müəyyənləşdirməliyik”.
Dünyanın müxtəlif ölkələrdəki dilənçilərin müəyyən şəbəkə ilə bağlı olduğunu vurğulayan sosioloqun sözlərinə görə, buna "yeraltı aləm” deyirlər:
"Bir çoxu gizli şəkildə təşkilatlanıb, hətta mərkəzləri də var. Belə hallar öyrənilmədən qərar vermək mümkün deyil.
Fərz edək ki, dilənçiliyi qadağan etdik. Elə insanlar var ki, həqiqətən ehtiyac içindədir və başqa çarəsi yoxdur. Buna görə, qurunun oduna yaş da yanar və həmin insanları da məhv edə bilərik.
Bu barədə araşdırmanı polis orqanları və sosioloqlar bir yerdə həyata keçirə bilər”.
Ə.Qəşəmoğlu bildirib ki, küçədə dilənçinin çox olması ölkənin imicinə də ziyandır:
"Ölkəmizə turistlər, xarici qonaqlar da gəlir. Həmin şəxslərin dilənçilik səbəbini aydınlaşdırdıqdan sonra bəziləri ilə vətəndaş cəmiyyətləri, sosial təşkilatlar məşğul olacaq.
Bir dəfə İsmayıllıda əlil arabasında dilənən şəxsə 20 qəpik uzatdım. O pulu itələdi ki, bu nədir, mən 20 qəpiklik dilənçi deyiləm. Hətta məni təhqir də etdi. Ona görə, qətiyyətlə vurğulayıram ki, kimlərin həqiqətən ehtiyacdan diləndiyini müəyyənləşdirmək vacibdir. Artıq bundan sonra uyğun addımlar atmaq olar”.
Aysel Aslan