“Əksinə, Azərbaycan dili daha rahat öyrənilən dildir”
“İngilis dili Hind-Avropa dillərindən olduğuna görə, ingiliscə danışan toplumlar istər-istəməz german dillərini daha rahat mənimsəyirlər”
Xarici Xidmət İnstitutu müxtəlif dillərin öyrənilməsinə sərf edilən vaxt əsasında siyahı hazırlayıb. Müəlliflər 61 xalqın dilini öyrənmə müddətindən asılı olaraq beş kateqoriyaya bölüblər. Siyahıda Azərbaycan dili ingilisdilli auditoriya üçün dünyanın ən çətin dillərindən biri kimi dördüncü kateqoriyaya salınıb.
Tədqiqatlara əsasən, dördüncü kateqoriyada Azərbaycan, türk, rus, Ukrayna, serb, fin, gürcü və erməni dilləri daxil olmaqla ümumilikdə 40 dil yerləşdirilib. Deyilənə görə, ingilislər bu dilləri öyrənmək üçün 44 həftə səbr etməlidirlər. Əslində əksər dilçilər Azərbaycan dilinin asan qavranılan dil olduğunu, tez öyrənildiyini deyirlər. Xüsusən, latın qrafikalı Azərbaycan əlifbası digər qarışıq yazı üsulları ilə müqayisədə rahat şəkildə oxuna bilir.
Tədqiqatın nəticəsi ilə bağlı "Şərq”ə danışan filoloq alim, akademik, millət vəkili Nizami Cəfərov dilimizin mürəkkəb sayılması fikri ilə razılaşmadığını deyib.
Deputatın fikrincə, dillərin necə öyrənilməsi ilə bağlı konkret prinsiplər mövcuddur və həmin prinsiplərə görə Azərbaycan dili rahat öyrənilən dildir:
"Məsələyə ingilis dilinin mövqeyindən yanaşdıqda Azərbaycan dili çətin öyrənilən dillər sırasına daxil ola bilməz. Ona görə ki, bizim dilimiz aqqlütinativ, yəni iltisaqi dildir. Belə dillərdə sözlərin kökü olur və sözün kökünə qanunauyğun şəkildə şəkilçilər əlavə edilməklə cümlə düzəldilir. Yaxud sözlərin sonuna ümumi standartlara uyğun sözdüzəldici şəkilçilər əlavə etməklə yeni sözlər yaradılır.
Flektif dillərdə isə söz kökündən dəyişir. Əslində flektif dillərin öyrənilməsi mürəkkəbdir. İltisaqi dillər sayılan türk dilləri, xüsusən Azərbaycan dili isə asan öyrənilən dillər sayılır”.
Akademik vurğulayıb ki, ingilis dili Hind-Avropa dillərindən olduğuna görə, ingiliscə danışan toplumlar istər-istəməz german dillərini daha rahat mənimsəyirlər:
"Necə ki, biz azərbaycanlı olaraq digər türk dillərini rahat öyrənə bilirik, ingilis mühiti də onlara ən yaxın olan german dillərini öyrənirlər. İkinci növbədə isə roman dilləri, məsələn, fransız, ispan, italyan və s. dillər dayanır. Ancaq ingilisdilli düşüncə üçün german və roman dillərindən sonra Azərbaycan dili gəlməlidir. Bizim dil ərəb, yaxud Hind-Avropa mənşəli rus dili ilə müqayisə oluna bilməz. Azərbaycan dili elmi prinsiplərə görə daha tez mənimsənilir. Əlbəttə, german və roman dilləri olan yerdə dilimizi birinci kateqoriyaya daxil etmək mümkünsüzdür. Lakin üçüncü kateqoriyaya Azərbaycan dilini salmaq mümkündür. Düşünürəm ki, verilən siyahı ciddi, elmi və psixoloji dil öyrənmə mexanizmlərinə əsaslanmayıb. Aparılan bölgü yanlışdır. Dilimiz dördüncü yox, üçüncü kateqoriyada olmalı idi”.
Akademik ümumiyyətlə, türk dillərinin asan öyrənildiyini bildirib:
"Bunu təkcə mən yox, dilçilik təfəkkürü və indiyə qədərki təcrübə deyir. Nəzərə alaq ki, Azərbaycan dili latın qrafikasına keçib. Necə ola bilər ki, ingilislər latın qrafikalı digər dilləri daha tez öyrənirlər, amma Azərbaycan dilində çətinlik çəkirlər. Dilimiz artıq kirillə yazılmır, o cümlədən gürcü və erməni əlifbası kimi də çətin öyrənilmir. Halbuki erməni və gürcü dilini öyrənmək üçün əvvəlcə onların əlifbasını öyrənmək lazımdır”.
İsmayıl