Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə 18 saylı Bakı Peşə liseyində "31 Mart - Azərbaycanlıların soyqırımı günü” mövzusunda tədbir keçirilib.
"Sherg.az”ın məlumatına görə, liseyin direktoru Fatimə Çəndirova tədbiri açaraq, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2018-ci ili "Cümhuriyyət ili” elan etməsi ilə bağlı ölkədə silsilə tədbirlər keçirməsini xatırladıb.

1918-ci ilin 28 mayını Azərbaycan dövlətçilik tarixinin şərəfli səhifəsi adlandıran F. Çəndirova 23 ay ömür sürən müstəqil Cümhuriyyətin gördüyü tədbirlər, ərazi bütövlüyü uğrunda aparılan savaş, təhsil sistemində milliləşmə və digər məsələlər ətrafında məlumat verib. Liseyin tarix müəllimi Yaqut Rəhimova erməni-bolşevik qüvvələrinin xalqımıza qarşı törətdiyi soyqırımından danışıb, bölgədəki gərgin hərbi-siyasi vəziyyətə diqqət yönəldib.
Prezident yanında Bilik Fondunun dəvəti ilə tədbirdə məruzəçi qismində iştirak edən "Şərq” qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı 31 Mart soyqırımı, Milli Şuranın İstiqlal bəyannaməsinin qəbulu, bolşevik-erməni hərbi birləşmələrinin Bakı, Şamaxı, Quba, İrəvan və Şirvan bölgəsində sistemli şəkildə törətdiyi kütləvi soyqırımından, Qafqaz-İslam ordusunun formalaşmasından, ərazi uğrunda döyüşlərdən ətraflı danışıb.

A.Aşırlı qeyd edib ki, 1918-ci ilin martın 31-dən aprelin 2-dək Bakıda 18 min insan qətlə yetirilib, Şamaxıda 7 min insan həyatını itirib. Qubada qətl edilənlərin sayı isə 3 mindən çoxdur.
31 mart soyqırımının amansız dəhşətlərini xatırladan A. Aşırlı dinləyicilərə faktlarla ətraflı məlumat verib.
O, soyqırımı qurbanlarını İstiqlal şəhidləri adlandırıb. Sonra lisey şagirdləri Əhməd Cavadın, Bəxtiyar Vahabzadənin, Məmməd Arazın azadlıq ruhlu şeirlərini səsləndiriblər.
A.Aşırlı Qafqaz-İslam ordusu, 31 Mart soyqırımı haqqında kitablarını liseyə hədiyyə edib.
Tədbirin sonunda lisey rəhbərliyi və baş redaktor tələbələrin hazırladığı Novruz şənliyində də iştirak edib.
Aysel Aslan