"Sui-istifadə riski olmasaydı, təklif edərdim ki, konkret bir nəfər təyin edilsin, təhqirlər yazan, söyüş kampaniyası aparan şəxsləri sosial şəbəkələrdə bloklasın”.
Bunu "Sherg.az”a orta və ali məktəblərdə sosial şəbəkə dərslərinin keçirilməsi təklifinə münasibət bildirərkən millət vəkili Tahir Kərimli deyib.
Təklifi müsbət dəyərləndirən deputat qeyd edib ki, fikir səsləndirən zaman etik normalara əməl olunmalıdır:
"Milli Məclisdə son çıxışında qeyd etdim ki, mən bu iqtidara da müxalifət olmuşam, bugünkü radikal müxalifətə də. Amma heç bir halda qanundan, əxlaqdan kənar söz işlətməmişəm. Kim olur olsun, fikirləri səsləndirən zaman etik normalara riayət etmək lazımdır.
Mətbuat haqqında qanunda dəyişiklik olundu, təhqirə görə, məsuliyyət hissi var. Lakin sosial şəbəkələrə bu tətbiq olunmur. Hər hansı məsələdə ən öndə gedən məsələ maarifçilik olmalıdır. İnsanların tərbiyə edilməsi üçün onların özlərinə müraciət etmək, təhqirdən çəkindirmək daha doğru olar.
Orta məktəblərdə aşağı siniflərdən informatika dərsləri keçirilir. İnternet insanların, dövlətlərin tərkib hissəsidir. Bu baxımdan, internet, sosial şəbəkələrlə bağlı münasib yaşlardan etibarən təbliğat, təşviqat qurulmalıdır”.
Azərbaycan İnternet Forumun prezideti Osman Gündüz isə xatırladıb ki, sosial media haqqında orta məktəblərdə tədris edilən informatika fənnində məlumatlar verilir. Onun sözlərinə görə, bu maarifləndirməni bir qədər də genişləndirmək olar:"Sosial media daha geniş anlayışdır, sosial şəbəkə isə dardır. Sosial şəbəkə sosial medianın tərkib hissəsidir. Sosial şəbəkə, onun istifadə imkanları, etik normaların gözlənilməsi vacib məqamlardır. Bu platformalardan faydalanma bilgilərinin aşılanması yaxşı olar.
İndiyə qədər qısa formada verilən bilgilərin saatlarının genişləndirilməsi, informatika fənni daxilində geniş formada sosial şəbəkələrdən istifadə dərslərinin keçirilməsi faydalı olar. Məsələn, "Facebook”dan 13 yaşından kiçik şəxslər istifadə edə bilməz. Deməli, bu sosial şəbəkədə yer alan bəzi məqamlar azyaşlılara təsir edə bilər. Bu kimi qaydaların insanlara aşılanması, yetkin şəxslərin də diqqətli davranması, etik normalara riayət olunması daha məqsədəuyğun olar”.
Qeyd edək ki, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı cəmiyyətdə yaranan mənfi tendensiyaların, bəzi şəxslərin, dövlətçilik əleyhinə olan fəaliyyətlərin qarşısının alınması və söyüş texnologiyasına son qoyulması üçün təklif irəli sürüb. Baş redaktor hesab edir ki, orta məktəblərdə sosial media dərsləri tədris olunmalıdır"
Aysel Aslan