“Akula axtarırdım”

Nabranda istirahət mərkəzində yoxa çıxan uşaq tapıldı
İnsanın başı qarışıq olanda vaxtın normal surəti hiss olunmur



Valideynlər uşaqlarının təhlükəsizlik məsələlərinə ciddi diqqət yetirməlidirlər


Valideyn diqqətsizliyi bu dəfə 3 yaşlı uşağın itkin düşməsinə səbəb olub. Xoşbəxtlikdən uzun sürən axtarışlardan sonra Xaçmaz rayonunun Nabran qəsəbəsindəki istirahət mərkəzlərinin birinin ərazisində olarkən naməlum şəraitdə itkin düşmüş azyaşlı tapılıb.

APA-nın şimal bürosunun xəbərinə görə, 3 yaşlı İsmayıl Novruzov istirahət mərkəzlərindən birinin ərazisində çayın kənarında aşkarlanıb. Uşaq tapılandan sonra yaxınlıqda olan tibb məntəqəsinə aparılıb. Tibbi müayinə zamanı onun hər hansı probleminin olmadığı məlum olub. Bundan sonra azyaşlı valideynlərinə təhvil veriılib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti də 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlunun tapılması barədə məlumat yayıb.
Məlumatda bildirilir ki, uşaq axtarışların aparıldığı ərazidə sağ-salamat tapılaraq aidiyyəti üzrə təhvil verilib.

"Babamgil üçün darıxmışdım”

3 yaşlı İsmayılın ilk sözləri bu olub: "Yaxşıyam. Akula axtarırdım. Babamgil üçün darıxmışdım”.
Uşağı ərazidən tapan şəxslər azyaşlının həmin an əynində paltar olmadığını deyiblər: "Biz axtarışa çıxdıq. Marağa dedik gedib baxaq. Uşağı çağırırdım. Bir dəfə cavab verdi. Aşağı düşə bilmədik. Aşağı düşüb kolların arasından keçib çayı keçdik. Qabaqda çayı keçdik o biri tərəfə. Çayda qışqırdıq, cavab vermədi. 30 dəqiqədən sonra Edik deyilən şəxs qışqırdı. Çayın içində qaçıb, gedib gördüm ki, uşaq onu qucağındadır. O dedi uşaq çayın içi ilə yuxarı çıxırdı. Bu mümkün deyil. Biz güclə çıxırdıq. Vəziyyəti yaxşı idi. Burdan yol yox idi ora keçməyə. "Mayak” tərəfə qayıdanda gördük uşağın səsi gəlir. Edikin qucağında idi, əynində heç nə yox idi. O çay belə axır, uşağın əks istiqamətdə getməsi mümkün deyil”.
Nabranda istirahət mərkəzində 3 yaşlı uşağın yoxa çıxması ilə bağlı yayılan xəbərlər sosial şəbəkələrdə də geniş rezonans doğurub. Xüsusən də uşağın ailəsinin məsuliyyəti Nabrandakı "Mayak” İstirahət Mərkəzinin rəhbərliyinin üstünə atması və həmin otelin ərazisində kameranın olmamasına görə ittiham etməsi ictimaiyyət üzvləri tərəfindən birmənalı qarşılanmayıb.
Pediatr Vaqif Qarayev isə hesab edir ki, məsuliyyətli valideynlərin uşağı daha çox xəta törədir. "Olmaz”lar həddindən artıq çox olanda azadlıq "nəfəs”i tapan uşaqlar mütləq şəkildə qadağaları aşmağa can atırlar. Məsuliyyətsiz, laqeyd valideynlərdən danışmaq istəmirəm, onları hamı görür. Bu hadisə ilə bağlı əksəriyyət azərbaycansayağı ananı günahlandırdı. Axı heç yerdə yazılmayıb ki, istirahətə gedəndə uşağa mütləq ana nəzarət etməlidir. Bəs, ata nə etməlidir? Uşaq iki insanın ortaq övladıdır. Onun tərbiyəsinə də, davranışına da, səhhətinə, təhsilinə də hər iki valideyn eyni dərəcədə cavabdehdir.
Düzdür, uşağa bioloji-mənəvi-psixoloji və s. baxımdan ana daha yaxındır. Ancaq bütün bədbəxt hadisələrin yükünü ananın üzərinə atmaq da doğru deyil. Hər hadisənin öz səbəbi var. Bizdə analar əksər hallarda atanın da məsuliyyətini öz üzərinə götürür. Yazılmamış qanun kimi...”.
"Gənc Psixoloqlar” İctimai Birliyinin sədri, psixoloq Orxan Oruc müasir dövrümüzdə diqqətin yayınması üçün kifayət qədər çox vasitələr olduğunu deyib:
"Xüsusilə, internet, sosial şəbəkələr, televiziya verilişləri, seriallar və s. Gündəlik həyatımızda diqqət prosesinə təsir edən yüzlərlə obyektlər, başqa sözlə desək, qıcıqlandırıcılar olur. Lakin biz, onların içərisində özümüz üçün əhəmiyyətli olanını seçib, diqqətimizi ona yönəldirik. Diqqətin ən vacib funksiyası ehtiyacımıza uyğun seçim etmək, daha sonra ehtiyaca uyğun diqqətin saxlanılması və nəzarət etməkdən ibarətdir. Diqqətimiz bəzən ixtiyari və ya qeyri-ixtiyari şəkildə bir neçə istiqamətə yönələ bilir. Qıcıqlandırıcının gücü, başqa sözlə desək, diqqətimizi çəkən obyektə olan maraq səviyyəsindən asılı olaraq, digər obyektlərə diqqətin nəzarət funksiyası zəifləyir.
Valideynlər uşaqların təhlükəsizlik məsələsini nə qədər vacib hesab etsələr də, qeyri-ixtiyari şəkildə diqqətin paylanılması, başqa obyektə yönəlməsi, uşağın təhlükəsizliyinə qarşı olan diqqətin zəifləməsinə səbəb ola bilər. Bəzən sosial şəbəkələrdə və ya serial qarşısında olarkən insanın zaman qavrayışı pozulur. Yəni, vaxtın normal sürəti hiss olunmur. Və beləliklə, valideyn son olaraq 40 dəqiqə əvvəl uşağının fəaliyyətinə nəzarət etməyi onun üçün 3 dəqiqə əvvəlmiş kimi hiss etməsinə səbəb olur. Bütün bu psixi proseslər azyaşlı uşaqlara nəzarəti zəiflədir və bəzən xoşagəlməz hadisələrə səbəb olur”.
Qeyd edək ki, Bakı şəhər sakini olan 3 yaşlı İsmayıl Novruzov iyulun 22-də günorta saatlarında itkin düşmüşdü.
Axtarışlar zamanı İ.Novruzov itkin düşdüyü yerdən təxminən iki kilometr aralıda, istirahət mərkəzinin yaxınlığındakı çay dərəsində aşkarlanıb. Ailənin tək övladı olan İsmayıl Novruzovun valideynlərinin sözlərinə görə, meşəlik ərazidə yerləşən istirahət mərkəzində dincələn zaman uşağın yanlarında olmadığını görüblər. Ətrafa baxış zamanı İ.Novruzov tapılmayıb. Dərhal müvafiq dövlət qurumlarına məlumat verilib.
Axtarış-xilasetmə əməliyyatına Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin, Mülki Müdafiə Qoşunlarının, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti və xüsusi təlim keçmiş itləri cəlb olunub. Axtarış tədbirləri meşəlik ərazidə və suda aparılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları və könüllülər də axtarışlarda iştirak ediblər.
Şəymən