"Aldadıblar ki, pulsuz ev, yaxşı iş var" - İŞİD-də döyüşənin anası




Suriyada qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirli bilinən Rufan Hüseynovun məhkəməsi davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktının nəticəvi hissəsini elan edib.
İtihama görə, Rufan Hüseynov 2014-2015-ci ildə Suriyada İŞİD-in tərkibində olan "Çeçen caamatı"na qoşulub və orada döyüşlərdə iştirak edib. Daha sonra Türkiyəyə qayıdıb, orada saxlanaraq, Azərbaycana deportasiya edilib.

İttihamlara münasibət bildirən Rufan Hüseynov özünü qismən təqsirli bilib.

O, məhkəmənin növbəti iclasında ifadə verəcəyini bildirib.
İclasda şahid qismində təqsirləndirən şəxsin anası Malina Hüseynova dindirilib. O, oğlunun Suriya getməsindən xeyli sonra xəbər tutduğunu bildirib: "Yoldaşını da götürüb, Türkiyə işləməyə gedib. Orda bunu aldadıblar ki, Suriyada pulsuz ev, yaxşı iş var. Bu da aldanıb gedib. Orda bunu ailəsindən uzaq salıb, təlimlərə aparıblar. Pulu olmayıb. Axırda Türkiyədəki dostunun köməyi ilə oradan çıxa bilib".

Daha sonra şahid qismində təqsirləndirilən şəxsin qaynanası Mehriban Zeynalova ifadə verib.

O, deyib: "Rufan çox ağıllı, savadlı oğlandır. Ali təhsillidir. Sadəcə, bir səhvdir, edib. Mən də onlara heç nə deyə bilmərəm. Qızım da başını, üzünü bağlayıb. Mən də narahatam. Azərbaycanda belə şeylərə pis baxırlar. İnşallah, normal yola gələrlər. Qızıma demişəm üzünü açsın. Birinci elə bilirdim Türkiyədə işləyirlər. Qızımı da özü ilə Suriya aparmasını eşidəndə xəstələnib yatağa düşmüşdüm. Xahiş edirəm, azyaşlı körpələrini nəzərə alın".

Proses iyulun 13-də davam edəcək.

Qeyd edək, təqsirləndirilən şəxs Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb