Mənim üçün bir reallıq var idi. Mən onun qapısını açıb evinə gəldimsə, demək, Allahın yolunu tutmalıydım
“Alim başımızın tacıdır”
Tamilla xanım: “Bir qadın ki, həyat yoldaşına dəyər verə bilmirsə, onun ailə dəyərlərindən xəbəri yoxdu”
Mənim üçün bir reallıq var idi. Mən onun qapısını açıb evinə gəldimsə, demək, Allahın yolunu tutmalıydım
Mənim üçün bir reallıq var idi. Mən onun qapısını açıb evinə gəldimsə, demək, Allahın yolunu tutmalıydım
"Həyatda çətin anlarımız da olub. Amma biri-birimizi itirməməyə çalışmışıq”
Tanınmışların həyatı hər zaman maraqlı olub. Onların həyat tərzi, yaşamı, ailəsi, onu sevənlərin diqqətində olub. Bəs görəsən, tanınmışların həyat yoldaşları onlar barədə nə deyə bilər? Hamının sevdiyi, məşhurların ailədə kaprizləri, mənfi və müsbət xüsusiyyətləri yəqin sizləri də düşündürür. Elə bu məqsədlə xalq artisti Alim Qasımovun həyat yoldaşı Tamilla xanımla həmsöhbət olduq. Onun dilindən Alim Qasımovu tanımağa çalışdıq.
- Tamilla xanım, Alim Qasımovla az qala bir ömrün yarı yolunu qət etmisiz. Yəqin ki, onu sizin qədər tanıyan az olar. Kimdir Alim Qasımov? Necə xarakterizə edərdiz xalq artistini?
- Alim müəllim haqqında danışırsansa, o məsuliyyəti dərk etməlisən. Bir insan kimi ona qiymət qoya bilmərəm. Çünki insan kimi qiymətsizdi. Çox dəyərli bir insan kimi tanıyıram onu. Həyat yoldaşım olduğu üçün demirəm. Onu tanıyan bir dost kimi bunun rahatlıqla deyə bilərəm. Çox qəlbi təmiz insandı. Sadədir. Həyatda mənəviyyat onun üçün çox önəmlidir.
- "Kapriz”ləri varmı? Həyat yoldaşınız olaraq çoxmu çətin insandı?
- Ehhhh (gülür). Nə deyim, deyim çətin həyat yoldaşı olub? Mən ondan gileylənə bilmərəm. Ailə qurmusansa, sən onu bütün mənfi, müsbət tərəfləri ilə qəbul etməlisən. O mənim başımın tacıdı, o mənim ailəmin başçısıdı. Alim bizim üçün yerdəki qibləmizdi. Bir qadın ki, həyat yoldaşına dəyər verə bilmirsə, onun ailə dəyərlərindən xəbəri yoxdu. İnsani baxımdan da, dinimizdə də buyrulub ki, qadın ailəsinin başçısına, həyat yoldaşına dəyər verib, ona hörmət etməyə borcludu. Mən Allahıma hər zaman şükür etmişəm. Ailəmdən də razıyam. Bir qadın nə arzulaya bilər ki? Gözəl ailəm var, Alim kimi dəyərli insan ömür-gün yoldaşımdı, övladlarımız, nəvələrimiz var. Deməli, biz bu ömrü əbəs yerə yaşamamışıq.
- Yəni deyirsiz ideal həyat yoldaşıdı?
- Deyim ki, tamamilə qüsursuz insandı, ideal ərdi. Bu yalan olar. Amma bircə onu bilirəm ki, həyat yoldaşım kimi ona böyük hörmətim var. Təbii ki, mənfi xüsusiyyətləri də olur, həyatda çətin anlarımız da olub. Amma bütün bunlara baxmayaraq biri-birimizi itirməməyə çalışmışıq.
- Sənət adamı ilə ailə qurmaq, tanınmış insanın ömür-gün yoldaşı olmaq yəqin ki, asan olmayıb. Hər qadının gücü buna yetməz.
- Əgər bir qadın həyat yoldaşını sevirsə, o, ağrılarına da dözə bilir. Ailədə çalışmalısan ki, bəhanə axtarmayasan. Bəhanələr ailəni dağıdır.
- İllər öncə Alim müəllimlə müsahib olanda belə bir fikir işlətmişdi ki, mən çətin ər olmuşam. Mənim "kapriz”lərimə Tamilla xanım dözüb. Cavan ikən onu çox incidirdim.
- O, Alim müəllimin fikridi. O belə düşünə bilər. Ona ixtiyarı çatır. Əgər çətin ər olduğunu bildirsə, bu onun illər sonra gəldiyi nəticədi. Amma mən o barədə nəsə deyə bilmərəm. Bəli, çətin anlarımız olub. Hər bir ailədə müəyyən çətinliklər yaşanır. Amma qarşılıqlı hörmət itməyib. Bu vacibdi. Qaldı sənət adamı ilə ailə qurmaqdan söhbət gedirsə, mənə elə gəlir ki, burda hansı mövqeyə sahib olmasından asılı olmayaraq qadın ərinə hörmət edib, onun qanunlarını qəbul etməlidi. İstər fəhlə ol, istər tanınmış, əsas odu insan ol. İnsanlığı olmayan biri ilə yaşamaq da mümkün olmaz. Alim müəllim böyük insandı.
- Siz həm də bu illər ərzində Alim müəllimlə dost ola bilmisiz. Məsləhətləriniz olubmu? Ümumiyyətlə məsləhəti dinləyən insandımı Alim Qasımov?
- Təbii ki, ailədə məsləhət vacibdi. Adımız dostdusa, mütləqdiki məsləhətimiz də olur. Alim müəllim bilirsiz, necə insandı, o dinləməyi bacarır. Hətta övladları ilə də məsləhətləşən insandı. Ola bilsin, ondan kiçik olan ona məsləhət versin, əgər məntiqli məsləhətdisə, onu qəbul edə bilir. Mən illər ərzində elə ən çox onunla dostluq etməyi öyrənmişəm. Dost ola bildiyim üçün də məsləhətlərimi də eşidir. Bir iş görəndə də mütləq məsləhətləşir.
- İradlarınız necə, olurmu? İstər həyat yoldaşı kimi, istərsə də dostu olaraq.
- İradlarım olur. Çünki Alim müəllim tez inanan insandı. Çox saf və sadədir. Onun ruhu o qədər təmizdi ki, qarşısında olanların da dediklərini səmimi qəbul edir. Amma həyatda hamı sənə səmimi deyil axı. Mənfi xüsusiyyətlərindən ən başlıcası odur ki, insanlara tez inanır.
- Bayaq dediniz ki, sevgi varsa, ailə dağılmır. Səhv etmirəmsə, sevmədən ailə qurmusuz?
- Ailəmiz sevgi üstündə qurulmayıb. Yəni nə mənim doğmalarım, valideynlərim, nə alimin ailəsi ailə qurmağımıza razı olmayıb. Mənim ailəm ümumiyyətlə bu izdivaca razı deyildi. Mən tamamilə başqa ailə tərzi yaşamış qız idim. Alim kənd ailəsində böyümüşdü. Yəni əslində yad həyat tərzi yaşayan insanlar idik. Yəni sevgi olmayıb. Mənim üçün bir reallıq var idi. Mən onun qapısını açıb efinə gəldimsə, demək, Allahın yolunu tutmalıydım.
- Səhv etmirəmsə, Alim müəllim sizi qaçırdıb...
- Bəli, qaçırılmışam. Alim müəllim məni qaçırıb. Anam, ailəm bir müddət mənim onunla ailə qurmağımı qəbul edə bilmədilər. Amma mən ailəmi heç kəsə qurban vermədim.
- Gənc ikən qısqanc idimi?
- Çox qısqanc idi. Kişilərin çoxu kimi Alim müəllimin də qısqanclıqları olub. Bəzən bu qısqanclıq qadın kimi məni ağrıdıb da. Amma yenə də başa düşməyə çalışmışam ki, kişi qısqanc olar.
- İllər Alim müəllimi dəyişə bildimi? Tanınmış olmaq, məşhurlaşmaq yaşam tərzinə, xasiyyətinə təsir etdimi?
- İllər insanı təbii ki, dəyişə bilir. Müdrikləşirsən, həyatı tanımağı öyrənirsən. Alim müəllimi də illər müdrikləşdirə bildi. Qaldı tanınmış olmağına, bəlkə də onun ən üstün xüsusiyyətlərindən biri o oldu ki, məşhurluq onun ağlını başından almadı. O özünü itirmədi, ulduzluq xəstəliyinə tutulmadı. O, sadəcə ildən-ilə sənətinə daha böyük qiymət qoydu, dəyər verdi. Sənət də onu yüksəltdi. Alim Qasımov edə bildi. Alim heç vaxt şöhrəti ilə öyünməyib. O bundan heç vaxt silah kimi istifadə etməyib. Nə qədər tanınsa da, kimsədən özünü üstün göstərməyə çalışmayıb. Bəlkə də onu dost kimi ən çox bu xasiyyətinə görə sevirəm. O, insan olmağı bacarıb.
Tahirə