Almaniya "Cənub Qaz Dəhlizi" layihəsi ilə yaxından maraqlanır



"Merkelin Cənubi Qafqaz səfəri Almaniyanın bu bölgə ilə bağlı siyasətinin reallaşdırılması istiqamətində bir addımdır".

Bunu "Sherg.az"a Almaniya kansleri Angela Merkelin Azərbaycana səfərinin əhəmiyyətini şərh edərkən sabiq maliyyə naziri, "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov söyləyib. O vurğulayıb ki, sözügedən səfər zamanı Azərbaycan da daxil, qonşu ölkələrlə həm siyasi həm də iqtisadi əlaqələrin inkişaf etdirilməsi hədəflənir:

"Almaniya "Cənub Qaz Dəhlizi" layihəsini dəstəkləyən tərəflərdən biridir. Avropa Birliyinin qaz təchizatının şaxələndirilməsində çox maraqlı olan Almaniya rəhbərliyi Bakıda olarkən gələcəkdə "Cənub Qaz Dəhlizi" vasitəsilə Avropaya daha çox qaz çatdırılması məsələlərinə də toxuna bilər. Xəzərin hüquqi statusunun müəyyən edilməsindən sonra Türkmən qazının dəhliz vasitəsilə Avropaya nəql edilməsi şansı artıb.

Bütün hallarda Avropa Birliyinin iqtisadi cəhətdən ən qüdrətli ölkəsi hesab olunan Almaniya rəhbərliyinin Azərbaycana səfəri eyni zamanda iki ölkə arasında münasibətlərin daha da dərinləşdirilməsi istiqamətində bir addım olacaq".

Qeyd edək ki, Qərb mediasında A.Merkelin səfərində əsas məqsədin Avropa üçün Azərbaycanın idarə etdiyi, ”Cənub qaz dəhlizi”nin genişləndirilməsi olduğu vurğulanır. Dərc olunan xəbərlərdə bildirilir ki, Almaniya "Cənub qaz dəhlizi”nə regiondaki digər ölkələri də cəlb etmək niyyətindədir. Merkelin Bakı gündəliyində xeyli mövzular var. O, enerji məsələlərini, Azərbaycandan qazı Türkiyə vasitəsilə Avropaya nəql edəcək infrastrukturun təkmilləşdirilməsini müzakirə edəcək.

Aysel Aslan